Raket dilənən ölkənin güclü görünmək taktikası: Qərb bu “tələyə” düşəcək?

8-01-2024, 22:17           
Raket dilənən ölkənin güclü görünmək taktikası: Qərb bu “tələyə” düşəcək?
Rusiya terror hücumlarını intensivləşdirməyin unikal taktikasını həyata keçirir: guya müəyyən potensialı saxlayır və müharibə aparmaq imkanına malikdir

Şimali Koreya və İrandan Rusiyaya mümkün raket tədarükü məlumatları göstərir ki, Rusiya Federasiyası bu gün özünü təmin edə bilmir və Ukraynaya qarşı terror hücumlarını gücləndirə bilmək üçün başqa dövlətlərə üz tutmağa məcburdur.

Əgər Rusiya ayda yüzə yaxın qanadlı raket istehsal edirsə, indi onun ballistik raketlərlə bağlı problemləri var – belə raketlərin ehtiyatını sürətlə tükəndirir. Bununla belə, Moskva hamını inandırmaq istəyir ki, güclü olaraq qalır, xüsusən də gələn il müdafiə sənayesi üçün xərcləri artırıb, çoxlu silahı olacaq, ona görə də ondan qorxmalıdırlar. Ancaq əslində hər kəsə demək lazımdır ki, Rusiya bu gün nümayiş etdirmək istədiyindən də zəifdir. Əks halda Şimali Koreya və İrandan raket istəməzdilər.

Əgər bilavasitə raketlərin özləri və onların miqdarı haqqında danışsaq, Ağ Evin strateji kommunikasiyalar üzrə müşaviri Con Kirbinin açıqlamasından belə nəticəyə gələ bilərik ki, söhbət Şimali Koreyanın Rusiyaya tədarük etdiyi və artıq istifadə olunduğu kiçik bir partiyadan gedir. Düşünürəm ki, bu kiçik raket partiyası Rusiyanın onlardan necə yaxşı istifadə edəcəyini başa düşməsi, nəyisə öyrənməsi və sınaq buraxılışları keçirməsi üçün gəldi.

Bu fikrə dəstək olaraq əlavə edə bilərik ki, Kirbinin sözlərinə görə, ilk buraxılış 2023-cü il dekabrın 30-da baş tutub və raket Zaporojye bölgəsinə düşüb. Aydındır ki, 900 kilometr mənzilli raket sadəcə düşmək üçün buraxılmayıb, ruslar haranısa hədəfə alıblar. Bu vəziyyət onu göstərir ki, ən azı bir raket buraxılışı, hərbçilərin dediyi kimi, “təcili eniş” olub. Yəni hələ də bu raketlərin keyfiyyətini yoxlamaq lazımdır.

Şimali Koreyadan Rusiyaya döyüş sursatı gətiriləndə rus hərbçiləri bu sursatların lülələrdə partlamasından, onlardan istifadə zamanı problemlərin yaranmasından şikayətlənirdilər...

Əgər tədarük oluna biləcək raketlərin mümkün sayından danışsaq, mən etiraf edirəm ki, Şimali Koreya bir neçə onlarla ədəd raketi Rusiyaya göndərə bilər. Söhbət xüsusən nəzəri cəhətdən “İskəndər” buraxılış qurğularına uyğunlaşdırıla bilən raketlərdən gedir. Rusiya ya uzun müddətdir ki, “İsgəndər-K” raketlərini istehsal etmir, ya da çox az istehsal edib. Ona görə də onların Şimali Koreyanın raketləri ilə əvəzlənməsi mümkündür.

Rusiyanın İranla əməkdaşlığına gəlincə, sonuncunun 300 və 700 kilometr mənzilli iki növ “Fateh Zülfüqar” raketləri var. Bununla belə, İranı onların transferi ilə bağlı yekun qərar verməkdən daim nə isə geri çəkirdi - 2022-ci ilin payızında ruslarla iranlılar arasında ilkin razılıq əldə edilmişdi, lakin hələ də icra olunmayıb. Və Yaxın Şərqdəki hazırkı çətin vəziyyəti nəzərə alsaq, Rusiyanın İrandan raket alması çətinləşib. Ən azı aprel ayına qədər İran bu raketləri özündə saxlayacaq və Rusiya Federasiyasına tədarük etməyəcək.

Bununla belə, Şimali Koreya və İrandan Rusiyaya göndərilə biləcək raketlərlə bağlı bir vacib məqam var: potensial olaraq, belə bir çatdırılma Çinin göstərişi ilə baş verə bilər. Çünki Çin həm Şimali Koreyaya, həm də İrana ciddi təsir edir...

Bəs beynəlxalq ictimaiyyət? Birləşmiş Ştatların təşəbbüsü ilə yanvarın 10-da BMT Təhlükəsizlik Şurasının çağırılması problemi həll etməyəcək və Rusiyaya raket ötürülməsini dayandırmayacaq. BMT və ya başqası Şimali Koreyanın nüvə proqramını həyata keçirməsinə mane oldu? Xeyr. Şimali Koreyanın öz nüvə başlıqları var...

Amma Ukrayna üçün bu görüş, ilk növbədə, medianın diqqətini Rusiya Federasiyası tərəfindən vəziyyətin gərginləşməsinə cəlb etmək üçün vacibdir. Şimali Koreya Rusiya ilə birlikdə bu istiqamətdə kifayət qədər ciddi addımlar atır. Rusiya terror hücumlarını intensivləşdirməyin unikal taktikasını (yəqin ki, Şimali Koreyadan yalvarılaraq istənilən raketlərin köməyi ilə) həyata keçirir: guya Rusiya müəyyən potensialı saxlayır və müharibə aparmaq imkanına malikdir. Buna görə də bəzi dairələr bəyan edir: Moskva ilə danışıqlar masası arxasında oturmaq və razılığa gəlmək lazımdır.

Lakin hazırda Qərbin bu tələyə düşməməsi vacibdir. Hamı başa düşməlidir ki, Şimali Koreya Rusiyaya bir neçə onlarla ballistik raket ötürə bilər. Ona görə də müttəfiqlər tərəfindən “Taurus”, “Storm Shadow”, “Scalp” raketləri və daha çox ATACMS raketlərini Ukraynaya tədarük etmək düzgün addım olardı. Bu, Qərbin Ukraynaya cavab verməli və dəstəkləməli olduğunun nümayişi olardı. Və təbii ki, Ukraynanı hələ də ehtiyacı olan əlavə hava hücumdan müdafiə sistemləri ilə təmin etmək vacibdir.

Qərb bunu Ukraynaya verə bilir. Sual budur ki, belə bir iradə və istək varmı, olacaqmı?

Müəllif: Aleksandr Musienko – Ukrayna Hərbi Hüquq Araşdırmaları Mərkəzinin rəhbəri.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.