İkinci Ukrayna: Ermənistan döyüş meydanına çevrilir - GƏLİŞMƏ

11-01-2024, 12:16           
İkinci Ukrayna:
Erməni politoloq Suren Surenyants beynəlxalq rəqabət meydanına çevrilmiş Ermənistanı 2024-cü ildə daha ağır hadisələr gözlədiyini bildirib.

Ekspertin fikrincə, Zəngəzur xarici güclərin qarşıdurma meydanına çevrilir:

“Bakı ikitərəfli dialoq institutunu tətbiq etməklə demək olar ki, beynəlxalq zəmanətçilik institutunun ləğvinə nail olub və Zəngəzur dəhlizi məsələsində beynəlxalq konsensus əldə edib”.

Surenyants hesab edir ki, indiki halda sülh sazişi Ermənistanın 200 kvadrat kilometr ərazini itirməsinə və digər Ermənistan əraziləri ətrafında sövdələşmələr üçün münbit zəmin yaradan çərçivə sazişinin imzalanması deməkdir. Eyni zamanda, ekspert qeyd edib ki, Zəngəzur dəhlizi haqqında yalnız Azərbaycan deyil, Avropa İttifaqı da danışır:

“Əvvəldən məlum idi ki, 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətdən sonra Zəngəzur Ermənistan-Azərbaycan münaqişəsinin obyektinə çevrilib və Bakı heç vaxt Zəngəzur kommunikasiyaları iddiasından imtina etməyəcək. Bu gün Zəngəzur dəhlizindən yalnız Azərbaycan danışmır. Şarl Mişel də müxtəlif nəqliyyat modellərindən söz açır. Avropa İttifaqının təklif etdiyi nəqliyyat kommunikasiyaları modelləri Ermənistanın ərazi bütövlüyünü pozmur, lakin digər mühüm prinsipi - suverenliyi və səlahiyyətləri pozur. Beləliklə, Ermənistan bu ərazi üzərində səlahiyyətlərini itirir”.

Politoloq hesab edir ki, regionda nəqliyyat kommunikasiyalarına daha yaxşı nəzarət nəticə verməsə belə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulmuşdu. Razılaşmaya görə, regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyaları blokdan çıxarılmalıdır. Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edir. Bu nəqliyyat əlaqəsi Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən idarə olunur. Tərəflərin razılığı ilə Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən nəqliyyat marşrutu çəkilir.

“Bu gün nəqliyyat hərəkətinə nəzarətin istənilən variantı üçtərəfli Bəyanatın mətnində qeyd olunandan daha pisdir. Paşinyan müharibədən sonrakı rus status-kvosunu və ya Rusiya nəzarətini sarsıtmaq üçün buna gedib. Əslində, o, nəqliyyat əlaqələrinə qarşı deyil, Rusiyanın nəzarətinə qarşıdır. Çünki indi bu 42 kilometrlik hissə geosiyasi maraqların toqquşmasının episentrinə çevrilib. Bu baxımdan, Ermənistanı Suriyanın taleyi gözləyir. Xüsusilə də heç bir tərəf öz iddialarından əl çəkmir”, - deyə erməni politoloq bildirib.

Sonda Surenyants vurğulayıb ki, bu gün Ermənistan hakimiyyətinin səyləri sayəsində problemlər nəinki azalmayıb, hətta artıb. Qarabağın ititrilməsi 2023-cü ildə baş versə də, 2023-cü il siyasi baxımdan, əvvəlki ilə nisbətən daha çətin olacaq. Suren Surenyantsın açıqlaması Ermənistan ətrafında geosiyasi gərginliyin artdığını göstərir.

Lakin adıçəkilən erməni politoloqdan öncə bir çox ekspertlər, o cümlədən azərbaycanlı analitiklər də Qarabağdakı münaqişənin artıq Zəngəzura keçdiyini proqnozlaşdırırdı. Xarici güclərin Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmaq siyasəti fonunda yaranmış maraqlar toqquşması bu ölkəni potensial münaqişə meydanına çevirib.

Surenyantsın fikirləri göstərir ki, Ermənistan hakimiyyətinin Rusiya və Qərb arasında balanslı xarici siyasət yürütmək üçün bu rəqabətə şərait yaratması isə kifayət qədər təhlükəli nəticələrə gətirib çıxarıb. Rusiya, Avropa İttifaqı, Fransa, ABŞ, İran, Hindistan, Türkiyə artıq Ermənistan ərazisindəki geosiyasi mübarizənin əsas aktorları kimi çıxış edir.

Xüsusilə də Qərbin geosiyasi güc mərkəzləri Rusiyanı bu regionda əvəz etməkdə daha iddialı görünür. İranın əsas məqsədi isə Zəngəzur dəhlizinin qarşısını almaqla Azərbaycanla Türkiyə arasında quru əlaqəsinə mane olmaqdır. Bununla da İran həm mühüm nəqliyyat və ticarət dəhlizindən kənarda qalmamaq, eyni zamanda Türkiyənin Cənubi Qafqaza və Mərkəzi Asiyaya çıxışını əngəlləmək istəyir. Çünki 44 günlük müharibədən sonra Türkiyənin Cənubi Qafqazda artan geosiyasi təsiri həm İranı, həm də Fransa başda olmaqla bir sıra Qərb dövlətlərini narahat edir. Hindistan isə Ermənistanı silahlandırmaqla Azərbaycanla sülh prosesini pozmaq, yəni münaqişəni yenidən alovlandırmaqda maraqlıdır.

Bu prosesdə Hindistan Fransa və İranla ortaq hərəkət etsə də, Narendra Modi hökumətinin əsl niyyəti Çinlə Avropa arasında nəqliyyat əlaqəsini təmin edəcək “Bir kəmər-Bir yol” layihəsinin ən qısa marşrutu olan “Orta dəhliz”in keçəcəyi Zəngəzur dəhlizinin reallaşmasını əngəlləməkdir. Yəni Hindistan-Çin rəqabətinin Ermənistana qədər gəlib çıxması Surenyantsın söz açdığı maraqlar toqquşmasında Pekinin də dolayısı ilə tərəf olduğunu deməyə əsas verir. Ermənistanın Azərbaycanla sülh sazişindən yayınması təbii ki, münaqişə risqini artırır.

Bu isə öz növbəsində, bölgədə artmaqda olan geosiyasi qarşıdurmanı alovlandıra bilər. Karnegi Fondunun tədqiqatçısı, Qarabağ məsələsi üzrə ekspert Tomas de Vaal da bu günlərdə “Azadlıq” radiosunun Ermənistan xidmətinə verdiyi müsahibədə Zəngəzurun beynəlxalq geosiyasi rəqabət meydanına çevrilməyə başladığını deyib:

“Bir neçə il əvvəl kimin ağlına gələrdi ki, Qafan şəhərində Avropa İttifaqının bayraqlarını, İran bayraqlarını görəcəyik, fransızlar orada konsulluq açmaq istəyəcək, orada ruslar olacaq, birdən-birə 1919-1920-ci illərdə olduğu kimi beynəlxalq rəqabət və diplomatiyanın mərkəzinə çevriləcək? Hər şey yenidən təkrarlanır.

Bütün bunlar niyə baş verir? Bu, həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətləri üçün əsas marşrutdur... Beləliklə, Rusiya və İran yenidən bu bölgəyə baxır. Azərbaycan üçün bu, Türkiyə ilə əlaqədir, Qərb üçün isə Türkiyə, Ermənistan və Azərbaycan vasitəsilə Orta Asiyaya yeni Şərq-Qərb kanalıdır. Bu baxımdan, 43 kilometrlik bu kiçik dəmir yolu hamını maraqlandırmağa başlayır”.

Yəni Avropa ilə Mərkəzi Asiya arasında tranzit əlaqəsini təmin edəcək Azərbaycan-Ermənistan-(Naxçıvan MR)-Türkiyə nəqliyyat dəhlizinə nəzarət uğrunda artan rəqabət geostrateji əhəmiyyət daşıyır. Çünki bu kommunikasiya qoşvaşı Avrasiya nəqliyyat və kommunikasiya dəhlizinin əsas iqtisadi və siyasi arteriyasını təşkil edir.

Bu baxımdan, böyük güclərin maraqlar toqquşması Ermənistanı müharibə meydanına çevirə bilər. Artıq Qarabağ məsələsi öz həllini tamamilə tapdığı üçün yenidən başlana biləcək münaqişə dərhal Ermənistan ərazisinə keçəcək. Surenyatsın proqnozuna görə, xarici güclərin Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi adı altında bu müharibəyə qoşulması ilə bu ölkə Suriyanın vəziyyətinə düşəcək. Ancaq müasir geosiyasi reallıqlarla müqayisə etsək, Ermənistanı Ukraynanın taleyinin gözlədiyini demək daha doğru olar.

Müşfiq Abdulla
"Cebhe.info"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.