Təhdid mesajını bu dəfə baş diplomat verdi: üzünüzü Qərbdən Şərqə çevirin
30-03-2024, 12:14
Sergey Lavrovun mesajlarının şifrəsi: ağlınızı başınıza toplayın, əks halda, nəticələr Ermənistan üçün heç də yaxşı olmayacaq
Rusiyadan Ermənistana və ölkənin rəhbərliyinə qarşı təzyiq və təhdid bəyanatları davam edir. Rəsmi İrəvanın xarici siyasət kursunda dəyişikliyə getməsi, Qərbə inteqrasiya kursu barədə erməni rəsmilərin bəyanatları Moskvada əsəbləri daha da tarıma çəkməkdədir. Əvvəl yumşaq bəyanatlar səsləndirən Rusiya rəsmiləri artıq mesajlarını sərtləşdirib və İrəvanı təhdid edirlər.
Məsələn, iki gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “News.ru”nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib ki, “Qərb qoyun dərisi geyinmiş canavar kimi Ermənistana nüfuz edir”. Zaxarovanın sözlərinə görə, Qərb Ermənistan kimi ölkələrə iqtisadi, sosial və digər layihələrlə nüfuz edərək onların “qanını sovurur, əsrlərdən gələn adət-ənənələri, yaşam tərzini dəyişir”.
XİN rəsmisi vurğulayıb ki, Qərbin fəaliyyəti heç də onun nüfuz etdiyi ölkənin maraqlarına xidmət etmir, əhalinin rifahına səbəb olmur. Ekspertlər bu açıqlamanı Moskvadan İrəvana təhdid mesajı kimi qiymətləndirirlər.
Bu gün isə bir qədər əhatəli təhdid mesajı isə Rusiyanın baş diplomatı, xarici işlər naziri Sergey Lavrov tərəfindən səsləndirildi. Nazir “İzvestiya”ya müsahibəsində Ermənistandan Rusiyaya qarşı səsləndirilən ittihamları rədd edib: “Nikol Paşinyan müxalifətdə olarkən və yaratdığı hərəkata rəhbərlik edərkən - hər kəs bilirdi ki, Soros Fondu ilə əlaqəsi var idi. Onun rəhbəri olduğu hərəkatın şüarı “çıxış” idi. Söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaqdan gedirdi. Bu şüarla küçələrdə tərəfdar topladı, yeni seçki, yeni Baş nazirin seçilməsini tələb etdi. Və bildirdi ki, seçkilər onun hakimiyyətə gəlməməsi ilə nəticələnərsə, xalqı ayağa qaldıracaq. Bir növ, hakimiyyəti şantaj etdi. O Baş nazir olduqdan sonra çox yaxşı xatırlayıram, Vladimir Putin onunla bir neçə dəfə görüşmüşdü. Hər formada deyilmişdi ki, biz hansısa əvvəlki təcrübədən deyil, Ermənistan rəhbərliyi ilə münasibətləri konkret olaraq necə quracağımızı rəhbər tutacağıq. Cavabında Nikol Paşinyan bildirdi ki, həm KTMT, həm də Aİİ Ermənistan üçün fundamental, onun iqtisadiyyatının inkişafı, Cənubi Qafqazda təcrid olunmasının qarşısını alan strukturlardır. Və Azərbaycanla Ermənistan arasında münaqişənin alovlandığı 2020-ci ilə qədər keçən iki il ərzində Rusiya-Ermənistan münasibətləri məhz bu istiqamətdə inkişaf edib”.
“Sonra, müharibə vaxtı Paşinyan Putinə müraciət etdi - həm Rusiyanın müttəfiqi kimi, həm də KTMT üzvü kimi... Bilirsiniz ki, bizim prezidentimiz gecə-gündüz sözün əsl mənasında, yorulmadan, usanmadan Ermənistan və Azərbaycan liderləri ilə bu müharibəni dayandırmaq üçün danışıqlar apardı. Sonra sərhədlərin delimitasiyası üzrə üçtərəfli sazişlər, iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının blokunun açılması, ümumilikdə münasibətlərin normallaşdırılması, o cümlədən sülh müqaviləsinin bağlanması - bütün bunlar bizim fəal təşəbbüskar rolumuzla razılaşdırıldı”, - deyə Lavrov vurğulayıb.
Rusiya XİN başçısı deyib ki, paralel olaraq Avropa İttifaqı Ermənistanı və Azərbaycanı öz cərgəsinə sürükləyirdi: “Və Paşinyan Avropa İttifaqı, ABŞ platformasında danışıqlar ideyasının əsas dəstəkçisi idi. Onlar Rusiya Federasiyasının ərazisində planlaşdırılan görüşlərin zərərinə mütəmadi olaraq ora gedirdilər. 2022-ci ildə Praqada Avropa Siyasi Birliyinin qondarma Zirvə toplantısında - həm də Makronun ixtirası olan toplantıda - onlar Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə sənəd imzalayıblar. Paşinyan Qarabağın Azərbaycanın olduğunu dedi. Bizə isə bu barədə heç kim məlumat verməmişdi”.
“Putin daha sonra növbəti görüşdə Paşinyana dedi: “Sizin belə qərar verməyiniz bizi təəccübləndirdi”. Heç bir izahat yox idi, çünki Paşinyan həmişə bizdən xahiş edirdi ki, son üç ildəki səylərə paralel olaraq Dağlıq Qarabağın statusu məsələsini birtəhər həll etmək lazım olduğunu unutmayaq və biz bunu edirdik. Amma onun özü bu ərazinin Azərbaycanın bir hissəsi olduğuna imza atdı, bununla da status məsələsi ortadan qalxdı. İnsanlar Qarabağı tərk etməyə başlayanda Nikol Paşinyan Vladimir Putindən soruşdu: “Vladimir Vladimiroviç, siz niyə Qarabağ xalqını öz taleyinə buraxdınız?”. Allah xatirinə bağışlayın, siz qərar verdiniz axı...”, - Lavrov əlavə edib.
Rusiyanın baş diplomatı qeyd edib ki, Paşinyanla mütəmadi əlaqə saxlayıb: “Mənə elə gəlirdi ki, o, Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərini davam etdirməyin, KTMT, Aİİ çərçivəsində qarşılıqlı fəaliyyətin Ermənistana hələ də faydasını başa düşür. Amma indi həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentdə Ermənistan rəsmiləri birbaşa deyirlər ki, biz Avropa İttifaqına daha çox güvənməliyik, KTMT guya respublika qarşısında öhdəliklərini yerinə yetirmir. Yəni mahiyyət etibarı ilə dairə bağlanır və Ermənistan rəhbərliyi Paşinyanın “çıxış” hərəkatını formalaşdırdığı fikirlərə oxşar fikirlər söyləməyə başlayır. Əminəm ki, bu, həm ermənilərlə tarixi dostluq əlaqələri, həm Rusiyada yaşayan nəhəng erməni diasporu baxımından, həm də erməni xalqının maraqlarına və bizim maraqlarımıza cavab vermir”.
“Cənubi Qafqazda sabitliyə baxış fərqlidir. İndi Ermənistan rəhbərliyini Qərb tərəfinə çəkənlərin məqsədi sadədir: Cənubi Qafqazda sabitliyin qarşısını almaq, bu regionu öz dominantlıq zonasına çevirməyə çalışmaq. Necə ki, Qərb buna çalışır, həm də təkcə Qafqazda deyil, Mərkəzi Asiyada və ümumi qitəmizin bir çox başqa hissələrində”, - Lavrov fikrini yekunlaşdırıb.
Analitiklər deyirlər ki, Lavrovun bu geniş izahı Ermənistana bəlkə də sonuncu xəbərdarlıqdır. Politoloqların fikrincə, Lavrov bu açıqlaması ilə İrəvana kifayət qədər açıq şəkildə bildirdi – ağlınızı başınıza toplayın, üzünüzü Qərbdən Şərqə çevirin. Və Rusiya bildirir ki, əks halda, nəticələr Ermənistan üçün heç də yaxşı olmayacaq.
Müəllif: Turan Abdulla