Müharibə Avropanın qapısını döyür - rus raketləri ABŞ və “qoca qitə”yə uçacaq?

30-03-2024, 11:20           
Müharibə Avropanın qapısını döyür -
Ukrayna prezidenti və Polşa hökumətinin başçısı Qərbi yeni savaş riski ilə bağlı həyəcanlanmağa çağırıb: “Şişirtmirəm...”

“Ukrayna çətin vəziyyətdə olsa da müharibənin əvvəlinə nəzərən yaxşı vəziyyətdədir”. "Yeni Müsavat" xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk bu vəzifəyə seçildikdən sonra beynəlxalq mediaya ilk müsahibəsində deyib. Polyak baş nazir deyib ki, Ukraynanın pessimist ssenarilərdən yayınmağı bacarıb-bacarmayacağı Avropadan asılıdır.

O, həmçinin etiraf edib ki, Ukraynadakı vəziyyət bir il əvvəllə müqayisədə bu gün daha çətindir, lakin eyni zamanda Rusiyanın Kiyevə hücumu etdiyi vaxtdan - müharibənin əvvəlindən qat-qat yaxşıdır. "Ola bilər ki, biz Ukraynadakı müharibə haqqında uzunmüddətli perspektivdə düşünməliyik. Bu, Avropa ölkələri üçün getdikcə daha çox yeni vəzifələr, məsuliyyət deməkdir. Ukraynanı mümkün olan ən yaxşı vəziyyətdə saxlamaq bizim marağımızdadır. Polşada hamı bundan xəbərdardır və bu, müzakirə mövzusu deyil", - deyə o əlavə edib. “Müharibə artıq keçmişin anlayışı deyil, hər bir ssenari mümkündür və biz yeni dövrün gəlişinə zehni olaraq öyrəşməliyik, yəni müharibə qabağı dövrə. Mən şişirtmirəm. Bu, gündən-günə daha çox nəzərə çarpır. Bu səbəbdən Avropa müdafiə sahəsinə daha çox sərmayə qoymalı olacaq, lakin indi prioritet Ukrayna üçün texnika və sursat almaq üçün mümkün qədər çox xərcləməkdir, çünki biz İkinci Dünya müharibəsinin bitməsindən bəri ən kritik anı yaşayırıq və əgər Ukrayna uduzsa, Avropada heç kim özünü təhlükəsiz hiss edə bilməyəcək”, - Polşanın hökumət başçısı bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski də öz növbəsində Qərb ölkələrini gözləyən təhlükə ilə bağlı xəbərdarlıq edib: “ABŞ və Avropada hələ müharibə yoxdur, lakin çox yaxında bu müharibə başlaya bilər və Rusiya raketləri o istiqamətdə uçacaq”. Ukrayna rəhbərinin sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiya ilə hərbi münaqişəyə girərsə, o zaman Amerika əsgərləri bütün Avropanı müdafiə etməli olacaq, çünki ABŞ NATO-nun üzvüdür. “Hazırda Birləşmiş Ştatlarda müharibə yoxdur, amma çox tezliklə müharibə ora gəlib çata bilər. Həm Avropaya, həm də ABŞ-a. Hələlik Rusiya raketləri ABŞ-a çatmır, amma sabah bu raketlər istənilən ölkəyə uça bilər”, - Zelenski vurğulayıb. Qeyd edək ki, Rusiya 2023-cü ilin oktyabrında hücum əməliyyatlarına başlamasından sonra Ukraynanın 505 kvadrat kilometr ərazisini ələ keçirib. Bu, Müharibə Araşdırmaları İnstitutunun məlumatında qeyd olunub. Bildirilib ki, təkcə bu ilin 1 yanvar-28 mart tarixləri ərzində Rusiya qüvvələri 100 kvadrat kilometrdən çox ərazini ələ keçirib. Rusiyanın döyüş meydanında kiçik nailiyyətləri əldə etməsi Ukraynanın ABŞ-dan gözlədiyi gecikən hərbi yardımlar fonunda üzləşdiyi sursat çatışmazlığı ilə əlaqədardır. Göründüyü kimi, iki qonşu ölkənin liderləri Qərbi müharibə riski ilə bağlı həyəcanlanmağa çağırır. Ümumiyyətlə, münaqişənin Avropaya keçəcəyi, yaxud NATO-Rusiya arasında birbaşa toqquşma olacağı haqda tez-tez proqnozlar səslənir. Son vaxtlar isə bu cür bəyanatlar rəsmi şəxslərdən eşidilir.

Dmitri Kuleba

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba isə bildirib ki, rəsmi Kiyev Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi Sülh Formulası çərçivəsində Rusiya ilə sülh danışıqlarına başlaya bilər. Zelenski Kiyevin nizamlanma planını Moskvaya ötürmək niyyətində olduğunu təsdiqləyib, lakin bunu danışıqlar hesab etmədiyini vurğulayıb. Zelenskinin Sülh Formulasında 10 bənd var. Onlardan biri Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını və 1991-ci il sərhədlərinə dönməsini, o cümlədən Krımın və Donbasın qaytarılmasını nəzərdə tutur. Kreml dəfələrlə bəyan edib ki, Kiyevlə sülh yolu ilə nizamlanmaya yalnız “yerdə” mövcud olan reallıqlar nəzərə alınmaqla nail olmaq olar. Moskva müharibənin başa çatması üçün Ukrayna ərazisinin ilhaqının faktiki olaraq tanınması şərtini qoyur.

“Mən düşünmürəm ki, Rusiyanın Avropanı bombalamaq planı var. Heç Ukrayna müharibəsindən başı da açılmayacaq ki, Qərbi hədələyə bilsin. Putin xəbərdarlıq etmişdi ki, Fransa qoşunları Ukraynaya yeridilsə, o zaman rus silahlarının Avropanı vurmaq gücü var. Əlbəttə, rusların iştahı böyükdür, ən azı Şərqi Avropada yenidən rüzgar əsdirmək istəyərdi. Sadəcə, buna gücü çatmaz”,- siyasi ekspert Ramiyə Məmmədova Ukrayna və Polşa liderlərinin çıxışlarını qəzetimizə belə şərh edir. Onun sözlərinə görə, Zelenski və Tusk bu çağırışlarla müttəfiq ölkələri hərəkətlənməyə, Kiyevə daha böyük silah partiyası göndərməyə səsləyirlər. Ekspert Avropanın canından hələ də müharibə qorxusunun çıxmadığını düşünür: “Onlar qurduqları sistemin və komfortun dağılmasından narahatdırlar. Odur ki, bu cür açıqlamalarla müharibənin Avropanın qapısını döydüyünü deməyə çalışırlar. Əslində Qərb savaşın içindədir. Yəni proksi müharibə gedir, Avropa dövlətləri Kiyevi silahlandırır, könüllü döyüşçüləri hərbi əməliyyatlarda iştirak edir, iqtisadi nəticələri isə Qərb bazarlarına da təsirini göstərir. Bu mənada Avropa artıq müharibənin içindədir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.