Türkiyədə Cümhuriyyət Xalq Partiyasının qələbəsi Azərbaycana nə vəd edir?
1-04-2024, 17:10
Türkiyədə keçirilən bələdiyyə seçkilərində 49 yaşlı əczaçı Özgür Özəlin rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyası (CHP) qalib gəlib.
CHP Mustafa Kamal Atatürkün yaratdığı kamalçı siyasi qüvvə hesab olunur. Yaxın gələcəkdə CHP-nin Ərdoganın partiyasını əvəz edərək hakimiyyətə gələcəyini gözləmək olar. Baxmayaraq ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək, iqtisadi böhran və ya hazırkı prezident Ərdoğanın səhhətinin pisləşməsi səbəbindən növbədənkənar seçkilərin keçirilməsini istisna etmək olmaz.
Ərdoğanın getməsi halında Ankaranın Bakıya qarşı siyasətinin necə olacağı Azərbaycan üçün vacibdir.
Fevralda Azərbaycanda keçirilən prezident seçkilərindən sonra Özəl İlham Əliyevə təbrik teleqramı göndərərək Cümhuriyyət Xalq Partiyasının “bir millət, iki dövlət” prinsipinə dəstəyini davam etdirmək və Türkiyənin Azərbaycanla əlaqələrini daha da möhkəmləndirmək əzmini ifadə edib.
2023-cü ilin sentyabrında jurnalistlər qarşısında çıxış edən Özəl deyib ki, prezident seçkilərində qalib gələrək iki ölkə arasında münasibətlərdə “ağ səhifə” açmaq üçün Bakıya səfər edəcək. Özəlin sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri tarixində aydın olmayan yerlər var ki, onları aydınlaşdırmaq, Türkiyənin səhvlərini müəyyən etmək və irəliyə doğru hərəkət etmək lazımdır.
https://www.milliyet.com.tr/gundem/ozgur-ozelden-azerbaycan-mesaji-beyaz-bir-sayfa-acacagim-7012971
Həmin ilin noyabrında Cümhuriyyət Xalq Partiyasının sədri olan Özəl “Sabah” qəzetinə deyib ki, onlar – yəni CHP Azərbaycanın xətrinə dəyiblər, bu, onların səhvidir. O, Böyük İpək Yolu xəritəsini Azərbaycandan marşrut olmadan göstərən Kamal Kılıçdaroğlunun çıxışını nəzərdə tutub. Bu çıxış Azərbaycanda tənqid edilmişdi.
Kılıçdaroğlu həmçinin Ərdoğanın türk qoşunların qonşu ölkələrə göndərilməsi siyasətinə qarşı çıxıb.
Hazırda Özgür Özəl Türkiyənin növbəti prezidenti postuna yeganə namizəd deyil. Ancaq aydındır ki, CHP nümayəndəsinin hakimiyyətə gəlməsi Ankaranın Azərbaycanla bağlı siyasətinə yenidən baxması demək deyil.
Bundan əlavə, ölkənin yeni rəhbərliyi, yəqin ki, Ərdoğanın məzlum müsəlmanların müdafiəçisi olan “yeni xilafət”in yaradılması ideyasından imtina edəcək və nəzərini ABŞ və Avropa İttifaqına yönəldəcək.
Özəl partiya qurultayındakı çıxışında bildirib ki, onun ölkə prezidenti kimi ilk səfəri Azərbaycan və Şimali Kipr Türk Respublikasına olacaq.
Kamal Əli
Ekspert, şərhçi
Turan.az