Həddini aşan əyləncə: Bakıda restoranda yaylım atəşi - VİDEO
Bu gün, 16:42

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində yerləşən “Küncüt” şadlıq sarayında açıq havada təşkil edilən mərasimlər ətrafda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.
Publika.az-ın redaksiyasına daxil olan şikayətə görə, şadlıq sarayında demək olar ki, hər gün axşam saatlarından başlayaraq gecə saat 12-yə qədər səs-küylü məclislər təşkil olunur. Çal-çağır və yüksək səslə səsləndirilən musiqi, xüsusilə də canlı ifalar sakinlərin istirahət hüququnu pozur.
Ərazidə yaşayan sakinlər problemin tezliklə həllini və məsul qurumların tədbir görməsini tələb edirlər.
“Gecə saat 12-yə qədər musiqi səslənir. Yay olduğuna görə pəncərələr açıq qalır, uşaqlar yata bilmir, yaşlı insanlar narahat olur. Musiqi sanki evin içində çalınır”, - deyə sakinlər bildirib.
Qeyd edək ki, müvafiq qurumlar tərəfindən zəruri tədbirlərin görülməməsi səbəbindən adıçəkilən restoran artıq həddini aşıb. Belə ki, gecə saatlarında davam edən səs-küylü məclislərlə yanaşı, havaya fişənglər də buraxılır. Bu isə əlavə səs-küy, narazılıq yaradır.
Qeyd edək ki, bu barədə daha əvvəl də xəbər vermişdik, lakin hələ də heç bir aidiyyəti qurum tərəfindən tədbir görülməyib.