Ermənistan Naxçıvan istiqamətində sükutu pozdu: - Yeni təxribatlar gözlənilir

2-04-2024, 18:54           
Ermənistan Naxçıvan istiqamətində sükutu pozdu: -
Son günlər Ermənistan Azərbaycanla şərti sərhədə qoşun və texnika toplayır. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumatı Azərbaycan Müdafiə Nazirliyi də təsdiq edib. Nazirlik bildirib ki, Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.

"Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir", - açıqlamada deyilir.

Rəsmi Bakı xəbərdarlıq edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.

Dünən axşam saatlarında isə Ermənistan silahlı qüvvələrinin bölmələri sərhəddə atəş açıb. Onlar Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Ermənistanın təxribat fəaliyyətinin arxasında nə dayanır?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ermənilərin provakatif addımları onun himayədarlarının regiona diqqətlərini yönəltmək məqsədi daşıyır:

"Ermənilərdə Azərbaycanın anklavların qaytarılması istiqamətində kifayət qədər müəyyən addımlar atacağı ilə bağlı təsəvvür var. Təbii ki, Azərbaycan anklavların qaytarılmasını qarşısına bir strategiya olaraq qoyub. Lakin ölkəmiz məsələnin dinc yolla həllinə tərəfdarıdır. Provakativ addımların atılması müəyyən dərəcədə Ermənistanı himayə edən qüvvələrin regiona diqqətinin cəlb olunması üçün vacibdir. Elə təəssürat yaradırlar ki, sanki bölgədə qarşıdurma var, atışma gedir, Azərbaycan təhlükə yaradır. Beləliklə də, Ermənistanı himayə edən qüvvələr ona daha çox diqqət ayırmağa yönələcək".
F.Mustafa ermənilərin məhz Naxçıvanı hədəf seçməsinin səbəbini belə izah edib:

"Kərki kəndi beynəlxalq müqavilə ilə tənzimlənən məsələdir. Bu kənd birbaşa Naxçıvan inzibati ərazisinə aiddir. Kərkinin qaytarılması ilə əlaqədar Rusiya, Gürcüstan vəTürkiyə Ermənistanın qarşısında tələb qoya bilər. Ona görə də Ermənistan daha çox bu məsələyə diqqət ayırır və bilir ki, onun başını ən çox ağıradacaq məsələ məhz beynəlxalq müqavilədə nəzərdə tutulan olan məsələdir. Məsələnin mahiyyəti odur. Amma atılan addımların xeyri yoxdur. Nə qədər qoşun yığırsa yığsın. Elə qoşun yığanıydısa, Qarabağ müharibəsində özünü qoruyardı da. Əgər burada alınmadısa, öz ərazisində qoşun yığıması nə məna verəcək. Bu, Ermənistanın müqavimət göstərmək iqtidarında olduğunu göstərmir. Yenə deyirəm ki, Azərbaycan məsələnin həllinə dinc yolla nail olmaq istəyir. Bu istiqamətdə də addımlar atılır".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev ABŞ, Fransa və Ermənistanın alyans yaratmaq istədiyini qeyd edib:

"Məlumdur ki, aprelin 5-də Fransa, Ermənistan və ABŞ nümayəndə heyətlərinin görüşü olacaq. Onlar alyans yaratmaq istəyir. Bu isə regionda daha ciddi təxribatlara gətirib çıxara bilər. Əsas məsələ odur ki, Fransa vaxtilə silahlı dəstələri, viziual kəşfiyyatçıları bir sıra adlarla Ermənistana yerləşdirmişdi. İndi də bunların leqallaşdırılması istiqamətində addımlar atılır. Bu alyansın yaranması nəticəsində mütləq balansın pozulmasının şahidi olacağıq. Bir daha təxribatların baş verdiyini görəcəyik. Başqa cür ola da bilməz. Baxın, ermənilər hələ görüşlər ərəfəsində Naxçıvan istiqamətində atəşkəsi pozurlar".
Deputat söyləyib ki, qarşı tərəf belə provakativ addımlarla nəyəsə nail ola bilməyəcək:

"ABŞ və Fransa regionda mövcudluğunu göstərmək istəyir. Onlardan ruhlanan Ermənistan Naxçıvan istiqamətində atəşkəsi pozub. Burada əsas məsələ Zəngəzur dəhlizi və Kərki kəndidir. Lakin bunlar böyük layihələrin qarşısını alan deyil. Çünki Azərbaycanın öz daxili və xarici siyasəti var. Burada hansısa digər məsələdən söhbət gedə bilməz".

A.Nağıyev Naxçıvanın hədəf seçilməsinin səbəbini belə izah edib:

"Burada çox böyük maraq var. Naxçıvan bizim strateji məntəqəmizdir. Bu inzibati ərazimiz Türkiyə və İranla sərhəddə yerləşir. İran özü amerikalıların, NATO-ya üzv ölkələrin regionda olmasına qarşı reaksiya verməlidir. Əsas məsələ ondan ibarətdir ki, sərhədlərin yaxınlığında NATO-ya üzv iki dövlət hansısa alyansın yaranması istiqamətində addımlar atır. Biz buna və istənilən təxribatların qarşısını almağa hazırıq. Təəssüf hissi ilə qeyd etmək lazmdır ki, ABŞ, istərsə də Fransa sülhün bərqərar olmasını istəmir. Çünki onlar regionda vaxtilə olan nüfuzunu tam itirib. İndi isə köhnə nüfuzlarını yenidən bərpa etmək istəyirlər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.