“Qəddar” Rusiyaya qarşı: onun sirrini hələ açan olmayıb
12-04-2024, 16:24
Ukrayna uzaqvuran dronların istehsalında heyrətamiz nəticələr əldə edib
Ukrayna hakimiyyəti onu göstərmir, xarakteristikasını açıqlamır və hətta kimin istehsal etdiyini də söyləmir. Amma bu uzaqvuran pilotsuz uçuş aparatları (PUA) neft emalı zavodlarına müntəzəm və dəqiq zərbələr üzündən Rusiyanın başağrısına çevrilib.
Ukrayna 2024-cü ildə özünün uzaqvuran PUA-larından istifadədə sıçrayış edib. 2022-ci ildə onlar ümumiyyətlə yox idilərsə, 2023-cü ildə onlardan sporadik istifadə olunurdusa, bu il Ukrayna PUA-larının Rusiya ərazisinin dərinliklərinə az qala gündəlik uçuşu başladı və davam edir.
Doğrudur, ümumi rəqəmlərdə bu, Ukrayna şəhərlərinə hücum edən Rusiya-İran “Şahed”lərindən hələ də azdır. Prezident Zelenskinin sözlərinə görə, Rusiya təkcə mart ayı ərzində 600 PUA-dan istifadə edib.
Amma Ukrayna PUA-larının dəqiq zərbələri Rusiya ərazisinin dərinliyində 1300 kilometrlik həddi keçib artıq. Onların zərbələrinə təkcə neft emalı zavodları deyil, hərbi müəssisələr və aerodromlar, kritik infrastruktur obyektləri məruz qalır.
Ukraynanın uzaqvuran dronları haqqında nə bilirik?
Uzaqvuran PUA-lar adətən üç kateqoriyaya bölünür. Birincilər 500 km-ə qədər, ikincilər 1000 km-ə qədər, üçüncülər isə 1000 km-dən çox uzaqlığa malikdir.
Ukraynanın özəl və dövlət istehsalçıları axır vaxtlar məhz son iki kateqoriyada daha çox tərəqqiyə nail olublar.
Döyüş şəraitində tətbiq olunan bu tip aparatların ən məşhur nümunəsi UJ-26 “Bober”dir (Qunduz). Bu dronlar keçən ilin yayında və payızında bir neçə dəfə Moskvaya qədər uçdular və məsələn, “Moskva-Siti” biznes mərkəzinin göydələnlərinə ziyan vurdular.
Doğrudur, “Bober”lərin döyüş başlığı o qədər də çox deyil – 20-25 kq həndəvərində. Deməli, böyük dağıntılar törədə bilməzlər. Amma BBC-nin Ukrayna xidmətinin məlumatına görə, bu dron artıq modifikasiya edilir, o cümlədən döyüş başlığını artırmaq yönündə.
“Bober”in xarakterik xüsusiyyəti aerodinamikada “ördək” adlandırılan formasıdır. Yəni onun qabaq qanadları arxa qanadlardan xeyli kiçikdir, mühərriki də arxada yerləşdirilib. Bu da sanki PUA arxası irəli uçurmuş təəssüratı yaradır.
Belə forma aparata uzaq məsafələrdə HHM sistemlərini aldatmaq imkanı verir. “Bober”in bəyan edilən uzaqlığı 800 km-dir.
Ukrayna dron istehsalının mühəndis zəkasının daha bir nəticəsi özünü bu yaxınlarda göstərdi. Aprelin 2-də böyük PUA Alabuqada “Şahed” istehsalı sexinə və sex işçilərinin yaşadığı yataqxanaya hücum etdi. Bu, Ukrayna sərhədindən 1200 km uzaqdadır.
Rusiyanın bəzi KİV-lərinin versiyasına görə, hücumu Ukraynanın UJ-22 “Airborn” PUA-sı həyata keçirib. Elan edilən uzaqlığı 800 km, döyüş başlığının çəkisi 20 kq olan bu drondan müharibə vaxtı dəfələrlə istifadə olunub. Amma “Airborn” istehsalına birbaşa aidiyyatı olan mənbə Alabuqada məhz bu PUA-dan istifadə olunmasını inkar edir.
“Yox, dəqiq UJ-22 “Airborn” deyildi. Əgər təsvirə diqqətlə baxsaq, füzelyaj formasının və ölçülərinin başqa cür olduğunu görərik”, – mənbə deyib. Onun fikrincə, Alabuqaya zərbəni Ukrayna istehsalı olan çox yüngül A-22 (Uçan tülkü) təyyarəsi endirə bilərdi.
Həmsöhbət qeyd edir ki, təyyarənin zərbə PUA-sına çevrilməsi Ukrayna nou-hausu deyil. Hələ 2020-ci ildə Azərbaycan An-2 “kukuruznuk”ləri ilə belə davranaraq, Dağlıq Qarabağdakı erməni mövqelərinə hücum edirdi.
Başqa bir versiya isə Ukrayna Silahlı Qüvvələri tərəfindən 2022-ci ilin noyabrında istismara qəbul edilən Е-300 “Enterprise” pilotsuz aviakompleksidir.
E-300 əslində dəyişdirilmiş yüngülmotorlu təyyarədir ki, ona avtopilot, döyüş başlığı və əlavə yanacaq çəni quraşdırılıb. Onun iki dolu çənlə uçuş uzaqlığının 3000 km olduğu deyilir.
Amma Ukrayna ilin əvvəlindən başqa pilotsuzdan daha kütləvi istifadə edir. Məhz onun dəqiq zərbələri, Britaniya kəşfiyyatının dəyərləndirməsinə görə, Rusiyanın neft emalı gücünün 10 faizini sıradan çıxarıb.
Söhbət “Lyutı” (Qəddar) adlı pilotsuz uçuş aparatından gedir.
“Lyutı” və onun xüsusiyyətləri
“Lyutı”nın işi indi ictimailəşsə də, Rusiya ərazisində ilk döyüş tətbiqi az qala bir il əvvəl, 2023-cü ilin mayında baş verib. Dron tapşırığın öhdəsindən 100% gəldi və yayın sonundan kütləvi istehsalı başlandı.
Bizim məlumatlarımıza görə, bu günə qədər “Lyutı”dan yüzlərlə vahid hazırlanıb və təxminən bir o qədəri üçün də müqavilə imzalanıb. Onun qeydə alınan ən uzaq döyüş tətbiqi məsafəsi 1352 km-dir.
Ukrayna hakimiyyəti PUA-nın şəkillərini göstərmir, istehsalçı haqqında məlumatı açıqlamır, aparatın xarakteristikası barədə heç nə demir. BBC Ukrayna xidmətinin hərbi-sənaye kompleksindəki mənbəsinin sözlərinə görə, bu, təhlükəsizliklə və Rusiyanın dronu istehsal edən obyektə hücum niyyəti barədə informasiya ilə əlaqəlidir.
İstehsal sexləri məhz bu səbəbdən yerin altında yerləşdirilib. Rusiya onları tapmaq, eləcə də əməkdaşlarını müəyyənləşdirmək üçün səylər göstərir.
“Lyutı”nın uçuş zamanı aşağı keyfiyyətli şəkillərindən, ya da artıq dağılmış halda fotolarından başqa bir təsviri var – ötən ilin noyabrında strateji sənaye sahələri nazirinin müavini Anna Qvozdyarın feysbukda paylaşdığı balaca oyuncaq model.
Bu şəkillərdən görünür ki, PUA-nın qanadları gövdənin aşağı hissəsində, V şəkilli quyruğu isə iki tir üzərindədir.
Uçuş zamanı çəkilən fotolarda isə görünür ki, burun hissəsinə, ola bilər videokamera və uçuşun sürətini və hündürlüyünü ölçmək üçün cihaz – Pito borusu yerləşdirilib.
Bizim məlumatlarımıza görə, “Lyutı”nın içində ikisilindrli mühərrik, idarə sistemi və 50 kq-lıq döyüş başlığı yerləşdirilib. Aparat özü şüşə lifdən hazırlanıb, çəkisi də, güman ki, 250-300 kq-dır.
Mənbənin BBC Ukrayna xidmətinə bildirdiyinə görə, “Lyutı” Ukrayna dronları arasında “Şahed-136”-nın unikal analoqudur və bir sıra üstünlüklərə malikdir.
Məsələn, radioelektron mübarizə (REM) vasitələrinin yaratdığı əngəllərə qarşı daha davamlıdır, konstruksiyası rahatdır, uçuş zamanı hündürlüyünü yer səthinin relyefinə uyğun dəyişməyə qadirdir.
Zərbə dəqiqliyi nəzərə alınarsa, 50 kq-lıq döyüş başlığı yetərincə böyükdür. Özü də başlığı 90 kq-a çatdırmaq barədə ideyalar vardı, amma yekunda ehtiyac duyulmadı.
Bundan əlavə, həmsöhbət deyir ki, tətbiq nəticələrinə əsasən “Lyutı” daim modernləşdirilir və yaxşılaşdırlır, həm də bu, istehsalı bahalaşdırmadan həyata keçirilir. Bununla belə, qiymətin Ukrayna üçün nisbətən yüksək olduğunu və təxminən 200 min dollar təşkil etdiyini vurğulamaq lazımdır.
Əsas üstünlüyü
“Lyutı”nın əsas və həlledici xüsusiyyəti dəqiqliyidir. Məsələn, NEZ-lərə hücum edən zaman aparat adətən kiçik həcmli, müxtəlif qaynama temperaturlarına malik maye qatışıqlarını ayırmaq üçün nəzərdə tutulan rektifikas sütunlara hücum edir.
“Diametri iki metr olan obyektə sənin pilotsuz aparatın dalbadal iki dəfə çırpılırsa, bu, artıq təsadüf deyil”, – ukraynalı məmur “Lyutı”nın uğurları ilə öyünür.
O, belə dəqiqliyə nəyin sayəsinda nail olunması barədə danışmaqdan imtina edib, amma CNN telekanalının mənbələri deyirlər ki, söhbət süni intellektdən, daha doğrusu, “maşın gözü”ndən istifadədən gedə bilər: yəni aparatın obyektləri müstəqil tanıması bacarığından.
“Defense Express”in baş redaktoru Oleq Katkov hesab edir ki, söhbət artıq uzun müddətdir ki, qanadlı raketlərdə istifadə olunan DSMAC sisteminin yeni generasiyasından gedir.
DSMAC – uçuşun son fazasında əldə olunan relyef təsviri ilə hədəfin rəqəmsal xarakteristikasını müqayisə etməklə təsvirlərin uyğunluğunu korreksiya edən rəqəmsal sistemdir.
Oleq Katkov bu sistemin raketlərdə olduğundan daha güclü prosessorlara malik analoqunun PUA-ya quraşdırılmasını istisna etmir.
Ukraynanın yaratdığı və artıq uğurla istifadə etdiyi “Lyutı” müharibədə “GameChanger” və ya dönüş nöqtəsi olacaqmı? Mütəxəssis nəticələrlə tələsməməyə çağırır.
“Mən “GameChanger” və ya “gümüş şar” kimi sözləri sevmirəm, çünki belə şeylər yoxdur. Metodiki və kompleks iş var. O, öz effektivliyini və Rusiyanın bu təhlükəni aradan qaldırmağa qadir olmadığını sübut edib”, – Oleq Katkov deyir.
Onun sözlərinə görə, Ukrayna böyük məsafələrə uça bilən, amma qanadlı raket qədər güclü döyüş başlığına malik olmayan dronun imkanlarından ideal istifadəyə nail olub: “Bu, resurslardan maksimum effektli istifadədir. Yəni hədəfin növü, hücum vasitəsi və zərbə məqamı ideal seçilib”.
ABŞ-ın Ukraynadan Rusiya NEZ-lərinə hücumu dayandırmaq barədə israrlı tələbi barədə məlumat KİV-də yayılandan sonra Ukrayna hakimiyyətindəki mənbəyə müraciət edərək “Lyutı”dan istifadənin dayandırılıb-dayandırılmayacağını soruşduq.
“Mən bu vəziyyəti şərh edə bilmərəm, amma bir şeyi deyim: bu PUA-ların istehsalı dayandırılmayıb”, – məmur belə cavab verdi.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: BBC
pressklub