Tokayevin İrəvandakı bəyanatının doğurduğu üç sual - TƏHLİL
17-04-2024, 00:02
İrəvana səfər edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla mətbuat konfransında yeni ideya ilə çıxış edib.
Tokayevin ideyası Azərbaycan və Ermənistan arasında açıq qalan məsələlərin həlli üçün Qazaxıstanın vasitəçilik platformasını təqdim edir.
İdeyanın pərdəarxası ilə bağlı məqamları istər-istəməz üç sualı aktuallaşdırır:
1. Tokayev sırf Astananın öz təşəbbüsünü irəli sürürmü?
2. Qazaxıstan liderinin bəyanatı Türk Dövlətləri Təşkilatının Azərbaycan-Ermənistan normallaşma prosesində daşları yerinə qoymaq iddiasını əks etdirir?
3. Rusiya, Qərb və Çin kimi güc mərkəzləri ilə məharətli balans yaradan Qazaxıstan bu tərəflərdən birinin manevri üçün yeni təkliflə çıxış edir?
Tokayev Rusiyaya qarşı zahirən istehzalı mövqeyi ilə gündəmə gəlir, lakin onun Qərb və Çinlə əlaqədar yanaşmalarında daha ehtiyatlı gündəlik görünür.
Bununla belə, Qazaxıstan güc mərkəzləri arasında diqqətli və həssas nüansları itirmir.
Tokayev bilir ki, tarazlığı diqqətlə idarə etməsə, Qazaxıstanın daxili və xarici siyasətindəki müstəqillik riskə girər.
Qazaxıstan hazırda Çindən Avropaya uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) ən önəmli açar ölkəsidir.
Amma nəzərə almaq lazımdır ki, Astana Rusiya-Ukrayna müharibəsində rəsmi neytral mövqeyini qoruyub. Bununla belə, Qazaxıstan Moskvanı bir vaxtlar olduğu kimi öz təhlükəsizliyinin təminatçısı qismində görmür.
Ancaq Tokayev 2022-ci ilin başlanğıcında ölkədə tüğyan edən iğtişaşların yatırılmasında Rusiyanın rolunu yaddan çıxarmır.
Qazaxıstanın təhlükəsizlik narahatlıqları onun Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmamasında da özünü göstərir.
Məsələnin iqtisadi-ticari aspektləri də var, belə ki, Ukraynada müharibə başlayandan bəri Rusiya ilə Qazaxıstan arasında ticarət həcmi artır. 2022 və 2023-cü illər Rusiya-Qazaxıstan iqtisadi əməkdaşlığı üçün rekord illər olub, ticarət dövriyyəsi müvafiq olaraq 26 və 27 milyard dollar həcmində qərarlaşıb.
Bundan əlavə, Qazaxıstan biznes elitasının Rusiya ilə davamlı və gəlirli əlaqələri var və Moskvanın cənub qonşusu üzərində başqa mühüm iqtisadi təsir imkanları mövcuddur.
Lakin bu, Rusiya üçün kifayət deyil, çünki Qazaxıstan Rusiyadan yan keçən Orta Dəhlizdə imkanlarını artıraraq Qərblə Çin arasında böyük tarazlaşdırma sahəsi qazanır.
Qazaxıstanla Çinin 2023-cü ildə ticarət dövriyyəsi 2022-ci ilə nisbətən 30 faiz artaraq 31,5 milyard dollar təşkil edib. Çin faktoru bu sahədə Qazaxıstanın əsas ticarət tərəfdaşı kimi Rusiyanı geridə qoyub.
Avropa İttifaqı və ABŞ Qazaxıstanda ən böyük sərmayədarlardır, lakin Tokayev digər tərəfdaşlara baxdıqca Qərbin təsirinin getdikcə azaldığını görmək mümkündür.
Belə təzadlı və mürəkkəb situasiyada Tokayevin Azərbaycan və Ermənistan arasındakı moderatorluq səylərində konkret hansı güc ünvanının maraqlarını təmsil etdiyini anlamaq bir qədər çətinləşir.
Bununla belə, hazırda ən çox Çindən Avropa xəttinə qədər uzanan nəqliyyat dəhlizi Pekinlə yanaşı, Avropa İttifaqının da ortaq maraq dairəsindədir. Üstəlik, Türk Dövlətləri Təşkilatı mühüm iqtisadi güc mərkəzinə çevrilməyi qarşıya hədəf qoyur.
Bu, Bakı-İrəvan danışıqlarında və regional proseslərdə TDT-nin alternativləşən mərkəz kimi potensialını da ortaya çıxarır.
TDT isə ümumilikdə geosiyasi nəhənglər arasındakı qarşıdurma xətlərini balanslaşdıran platformaya çevrilir. Bu mənada təşkilatın Azərbaycan-Ermənistan sülh danışıqlarındakı yeri parlaqlaşa bilər.
Ümumilikdə Tokayevin bəyanatı daha çox Çin və Qərb platformasının maraqları fonunda Qazaxıstanın artan nüfuzunun vasitəçilik platformalarına sirayətini əks etdirə bilər.
Aqşin Kərimov,
Siyasi təhlilçi
TEREF