“ABŞ VƏ RUSİYA ARASINDA İNTENSİV DANIŞIQLAR GEDİR” – “Amerikalılar buna tamamilə hazırdırlar...”
18-04-2024, 10:44
Ukrayna-Rusiya müharibəsinin üçüncü ilində ukraynalılar dronlar vasitəsilə düşmənə onun öz ərazisində zərbələr vurmaqla asimmetrik müharibəni genişləndirib. Bu hücumlar içərisində Rusiyanın Avropa hissəsindəki Neft Emalı Zavodlarına vurulan zərbələr müharibənin xarakterinə radikal təsir göstərir.
Lakin maraqlıdır ki, ABŞ rəsmiləri açıq şəkildə Ukraynanı bu hücumlardan vaz keçməyə çağırır. Onlar bildirirlər ki, Rusiya neft zovodlarının dayanması dünya neft bazarına mənfi təsir göstərəcək və nəticədə qiymətlər yüksələcək. Amma qəribəsi odur ki, ABŞ başda olmaqla Qərb dünyası Rusiya neft sektoruna sanksiyalar tətbiq edib. Onların liderləri dəfələrlə deyiblər ki, yaxşı olardı ki, dünya ölkələri Rusiyadan neft və qaz ixrac etməsin. Bu, bir daha təsdiqləyir ki, bu müharibənin görünməyən arxa planı da var...
“AzPolitika” xəbər verir ki, Ukraynanın “Unian.ua” saytı “Rusiya Neft Emalı Zavodlarına vurulan ağrılı zərbələr: ABŞ-nin xoşuna gəlməyən nədir?” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.
Həmin məqaləni təqdim edirik: ”Ukraynalılar ABŞ Müdafiə naziri Lloyd Ostinin bəyanatını müzakirə edirlər. Ostin yaxın günlərdə bildirmişdi ki, Rusiya Neft Emalı Zavodlarına vurulan zərbələr qlobal enerji böhranına gətirib çıxara bilər. Bundan başqa, ABŞ Müdafiə nazirinin beynəlxalq məsələlər üzrə müavini Selest Vallander deyib ki, Rusiyanın neft-qaz infrastrukturu mülki infrastrukturdur. Bütün bunların hamısı Amerika senatorlarının sullarına cavab verən zaman kamera qarşısında baş verib və ona görə də bu cür rəsmi mövqeyə şübhə etməyə dəyməz.
Əvvələr Rusiya neft zavodlarına vurulan zərbələrdən ABŞ-nin narahat olduğunu yalnız Amerikanın KİV mənbələrindən oxuyurduq. İndi isə artıq burada söhbət hansısa “anonim mənbələrdən” getmir. Ümumiyyətlə, Rusiyanın neft obyektlərinə vurulan zərbələr dünyadakı neft qiymətlərinə radikal təsir edirmi? Axı, sizin özünüz həmin neft məhsullarına sanksiya tətbiq etmisiniz...
Qəzetlərdə belə bir sxem gedir ki, guya ruslar ABŞ-ni Qazaxıstan neftinin nəqlini dayandırmaqla şantaj edir. Nədənsə, buna da inanmaq çətindir.
Rusiyalılar sadəcə olaraq amerikalılardan xahiş ediblər ki, Ukrayna dronlarının Neft Emalı Zavodlarına hücumları ilə bağlı problemin həllinə kömək etsinlər. Çünki ruslar üçün bu, həqiqətən də çox ağrılı və xoşagəlməzdir. Aydındır ki, amerikalılar kömək üçün etiraz etməyiblər. Həm də görünür ki, onlar neft məhsulları bazarına nələrinsə təsir göstərməsini istəmirlər.
Bəzi əlamətlər Rusiya və Amerika arasında intensiv danışıqlar getdiyini göstərir. Bu yaxınlarda Brüsseldə dövlət katibi Entoni Blinken mətbuat konfransı zamanı Vladimir Putin hakimiyyəti dövründə Qərbin Rusiya ilə “adi biznes” apara biləcəyinə dair sualı cavblandırarkən deyib ki, “biz istənilən ölkə ilə münasibətlərimizdə diqqətimizi fərdlərə deyil, siyasətə yönəldirik”.
Maraqlıdır ki, hətta “Tramp planı” barəsində danışılır. Trampın bəyanatları və hərəkətləri həmişə son dərəcə şübhəli görünüb, lakin “Trampın Ukraynaya dair planı” heç bir təsdiqi olmayan əsassız bəyanat kimi qəbul edilməlidir. Görünür, bu “plan” barədə “məlumat tullantısı”nın məqsədi hamının diqqətini Rusiya ilə danışıqlar aparan real subyektdən, yəni, indiki Amerika administrasiyasından yayındırıb fərqli istiqamətə yönəltməkdir. Bu yaxınlarda məlumat yayıldı ki, ABŞ və Almaniya Vaşinqtonda keçiriləcək sammitdə Ukraynanın NATO-ya rəsmi dəvət olunmasının əleyhinədirlər. Əvvəlcə bu, ABŞ KİV-lərində nəşr edildi, sonradan isə məlumatı Ukrayna Baş nazirinin müavini Olqa Stefanişina rəsmi surətdə təsdiq etdi.
Anlamaq lazımdır ki, əslində, bu “dəvət” çox böyük məna kəsb etmir. O, Ukraynanın dərhal alyansa daxil olmasını nəzərdə tutmur. Məsələn, İsveç bir ildən çox dəvətli qalmışdı. NATO-ya üzv ölkələrin parlamentlərində İsveçin üzvlüklə bağlı ratifikasiyası bir ilədək çəkdi.
Ukraynanın dəvətinin ratifikasiyası lap 10 il də çəkə bilər. Ukrayna NATO üzvü olmasa da, heç olmazsa alyansa qatılmaq alqoritmi anlayışına malik ola bilər. Lakin dəvət olmayacaq, təkcə ona görə yox ki, Almaniya və ABŞ Ukraynanın NATO-ya dəvətinin üçüncü dünya müharibəsinə səbəb ola biləcəyindən qorxurlar. Belə çıxır ki, Fransa üçüncü dünya müharibəsini istəyir? Əlbəttə ki, xeyr! Burada məsələ tam başqadır.
Bu yaxınlarda digər bir qəzet belə bir fikir irəli sürmüşdü ki, ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan qorxur ki “Ukraynaya edilən yardımlar ABŞ-yə nüvə zərbəsi ilə nəticələnə bilər”. Çox rahat bir sxemdir. İstənilən hər hansı qəribə hərəkətləri “nüvə müharibəsi qorxusu” ilə əlaqələndirirlər.
Ümumi mənzərədəki daha bir parça ilə tanış olaq. ”Crocus City Hall”-da baş verən terror hadisəsindən sonra ABŞ Moskvanı öncədən xəbərdar etdiklərini bildirdi və bu terrorun təşkilatçısının İŞİD olmasını sübut etmək üçün xeyli səy göstərdi. Bütün bu hərəkətlərdən anlamaq olar ki, bu mövzu münasibətlərdəki gərginliyi azaltmaq üçün istifadə edilir. İstənilib ki, adət edilmiş sxem üzrə “İŞİD” terrorçularına qarşı ümumi kampaniya təşkil olunsun. Amma bu sxem burada işləmədi.
İndi ruslar “Crocus City Hall”-da baş verən teror aktını Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasiliy Malyukun üzərinə yıxmaq istəyirlər. Aydındır ki, son zamanlar Neft Emalı Zavodlarına vurulan zərbələr onlar üçün hədsiz ağrılı olub və buna görə də bütün mümkün imkanlardan istifadə etməklə qisas almaq istəyirlər.
Beləliklə, söhbətimizin əvvəlinə qayıdaq. Neft obyektlərinə vurulan zərbələr təkcə Rusiya rəhbərliyində deyil, həmçinin dünyada da qızğın reaksiya doğurub. Lakin nə Kaxovsk SES-in dağıdılması, nə ukraynalıların yaşayış binalarına atılan bombalar, nə də ki, rusiyalılar tərəfindən Ukrayna energetikasının məhv edilməsi bu cür reaksiyaya səbəb olmayıb...
Yeri gəlimişkən, İstilik Elektrik Stansiyalarına hansı vəhşiliklə hücum edilməsi həm də ruslar üçün Neft Emalı Zavodlarına vurulan zərbələrin nə qədər ağrılı olmasının göstəricisidir.
Görəsən, ruslar amerikalılarla nə ətrafında ünsiyyət yaradırlar? Görəcəyik.
Şəxsən Putin müxalifətçini nümayişkəranə şəkildə öldürməklə (buna görə “dəhşətli sanksiaylar” vəd ediblər) və həmçinin özünə 87 faiz səs yazmaqla amerikalılara siqnal verdi ki, onlar hələ yaxın zamanlarda ondan qurtula bilməyəcəklər və ona görə də yaxşı olar ki, onunla “ünsiyyət” qursunlar.
Belə görünür ki, amerikalılar buna tamamilə hazırdırlar. Yerdə qalan hər şey isə boşboğazlıqdır...”
“AzPolitika.info”