Gürcüstanın xaosa yuvarlanması enerji və nəqliyyat layihələrinə təhlükə yarada bilər

18-04-2024, 10:18           
Gürcüstanın xaosa yuvarlanması enerji və nəqliyyat layihələrinə təhlükə yarada bilər
Gürcüstanın baş naziri İrakli Kobaxidze bir müddət əvvəl seçildiyi postda ilk ciddi sınağıyla üzləşib. Müxalifətin öz tərəfdarlarını paytaxt Tbilisidə etiraza çağırmasına baxmayaraq, hökumət “Xarici təsirin şəffaflığı haqqında” qanunu qüvvəyə mindirməkdə qətiyyətini davam etdirir. Gürcüstan parlamenti bu qanun layihəsini birinci oxunuşda qəbul edib. ABŞ və Avropa İttifaqı qanun layihəsiylə bağlı Gürcüstan hökumətinə təzyiqini artırıb. Bu da hökumətin mövqeyini dəyişməyib. Hakim “Gürcü arzusu” Partiyası Gürcüstanın Avropa İttifaqına üzvlüyü qarşısına hədəf qoysa da, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və medianın fəaliyyətini nəzarət altına almağa çalışır. Müxalifət və Qərblə yanaşı Gürcüstan prezidenti Salome Zurabişvili də bu qanunun əleyhinədir. Gürcüstanda unikal vəziyyət yaranıb. Gürcüstan prezidenti hökumətin qərarından xarici dövlət başçılarına şikayət edir. Baş nazir isə prezidenti xarici agent adlandırıb. Belə görünür ki, Gürcüstanda bu ilin oktyabr ayındakı parlament seçkiləri dərin ixtilaf içərisində keçiriləcək.
Qonşu Gürcüstandakı olaylar ölkəmizdə diqqətlə və həyəcanla izlənilir. Çünki strateji tərəfdaşımız olan Gürcüstanda sabitliyin pozulması Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat dəhlizləri və boru xətləri Gürcüstandan keçir. Gürcüstanın xaosa yuvarlanması enerji və nəqliyyat layihələrinə təhlükə yarada bilər. Zəngəzur dəhlizinin işə düşməsi bu səbəbdən də vacibdir ki, nəqliyyat xətləri şaxələndirilsin və Azərbaycan yalnız bir ölkənin tranzit imkanlarından asılı olmasın.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.