Geniş təbliğatına şərait yaradılan siyasi şərhçilərlə bağlı ciddi seleksiya işləri aparılmalıdır
18-04-2024, 13:04
Bir dəfə yazdım ki, ölkədə ar-arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının bununla bağlı əvvəlcədən dəqiq proqnoz verdiyinin və həmin təxminlərin özünü doğrultduğunun şahidi olmadıq. Hətta qeyd etdim ki, bəlkə olub görməmişəm, varsa linki göndərin tanış olum.
Adını çəkmək istəmədiyim bir iqtisadçı güya devalvasiyaların hər ikisi barədə dəqiq proqnoz verdiyinə dair yenicə “yazdığı” və mənim iradımdan sonra köhnə tarixə sayta yerləşdirdiyi bir yazının linkini mənə göndərdi. Bu fırıldağı həmin dəqiqə müəyyən edib, onun özünə dedim. Sonra gördüm ki, yazını saytdan silib.
Siyasi analitika, proqnoz sahəsində vəziyyət daha acınacaqlıdır. Son vaxtlar ölkədə kifayət qədər politoloq adına iddia edən şəxslər peyda olub. Araşdırdıqda məlum olur ki, nə təhsilləri həmin sahəyə uyğundur, nə də savadları.
Belə adamların çoxu hətta lazımi səviyyədə maddi dəstək də alır, geninə boluna televiziya efirlərinə dəvət edilirlər. Baxırsan ki, zərrə qədər də olsun öz üzərlərində işləmirlər, yalnız baş girələməklə məşğul olurlar. İşləri-gücləri verdikləri açıqlamanın linki dalına düşməkdir ki, onu harasa göndərib, hesabatlarını düəltsinlər.
Hətta ərinirlər ki, verdikləri açıqlamanı özləri girib satdan oxusunlar. Bunu da “linki mütləq mənə göndər”,-deməklə jurnlaistin üzərinə şərtlə yükləyirlər. Belə saxta hesabatları ilə güya gərgin çalışdıqlarına dair rəy formalaşdırmağa çalışırlar. Əslində isə fəaliyyətləri onlara verilən dəstəyə qəti adekvat deyil. Yaxşı olar ki, bu cür adamları kurasiya edən mərkəzlər onlardan göstərilən dəstəyə uyğun məsuldarlıq tələb etsinlər.
Belə olan təqdirdə, ən azından tutuquşuluqdan uzaqlaşıb, heç olmasa xarici medianı müatliə edəcəklər. Xarici medianı oxumayan insan necə analitika ilə məşğul ola bilər, bunu anlamıram. Bunların böyük əksəriyyəti günorta saat 2-də yuxudan oyanır. Əksər hallarda görmüşəm, gündəm dağılıb, buna başbilən kimi müraciət etmişik, adam yuxudan yeni oynadığını deyir. Buna deyirlər, bəslənmək.
Bizə konkret iş ortaya qoyan mütəxəsisslər lazımdır, bordağa bağlanan nəsə yox.
Gözləyirlər, ölkədə hansısa hadisə baş versin, həmin mövzuya uyğun, başqalarının ağzına baxııb, bir-birini yamsılaya-yamsılaya danışsınlar. Televiziya kanallarında gedən müzakirələrə baxırsan adamı heyrət bürüyür. Dörd nəfər politoloq adına iddia edən adamın eyni mövzuda etdikləri müzakirədə hamısının fikiri olduğu kimi bir-biri ilə üst-üstə düşür. Bu nə biabırçılıqdır?
Sanki, bir-birlərinə bəy tərifi söyləyirlər. Bunlar elə bilir ki, fərqli nəsə danışsalar, kursdan kənara çıxmış olarlar, maddi dəstəkləri kəsilər və ya bir də efirlərə dəvət etməzlər. Qəti narahat olmayın, əksinə, yuxarılar fərqli fikir, rəngarənglik görmək istəyir. Ancaq siz qorxunuzdan və ya kasadlığınızdan bunu edə bilmirsiniz. Hamı kimi olmayan, az sayda fərqli fikir söyləyən ekspertlər var ki, onlara dərhal "agent", "vətən xaini" damğası vurulur.
Ən maraqlısı budur ki, daha çox bu iyrənc təbliğatda elə həmin şəxslərə efirlərdə oponentlik edən şəxslər yer alır. Hansısa məsələdə İrana və ya Rusiyaya loyal yanaşmaq "vətənə xəyanət" sayılırsa, onda niyə bu mövqedə olan adamları daha çox efirlərə, hətta dövlət televiziyasına dəvət edirlər? Deməli, dövlət fikirlərin, təhlilərin inqubatordan çıxan cücələr kimi bir-birinə bənzəməsində yox, rəngarəngliyin olmasında maraqlıdır.
Bu gün ölkədə çox mühüm və sevindirici hadisə baş verib. Rusiya sülhməramlıları Qarabağı nəzərdə tutula vaxtdan əvvəl tərk edib. İzləyin görün, efirlərə dəvət edilən siyasi təhlilçilər belə proqnoz veriblərmi? Mən rast gəlməmişəm. Daha çox onların dilindən eşitmişəm ki, ya Rusiya sülhməramlıları mandatlarının vaxtını uzatmağa çalışacaqlar, ya da ən tezi 2025-də Qaarbağı tərk edə bilərlər.
Heç kimin gözləmədiyi proses oldu. Analitika, siyasi təhlilə görə yaxşı dəstək alan adamlardan hansınsa borcuydu ki, heç olmasa buna yaxın bir proqnoz versin. Onlar isə kütlə psixologiyasına uyğun davranaraq, soyuqqanlı təhlilə yox, pafosa üstünlük verib, Rusiyanı ən sərt formada aşağılayıblar ki, sosial şəbəkədə bunları tərifləyib, başqalarını söysünlər. Mənə irad tuta bilərsiniz ki, siyasi təhlilçi ekstrasens və ya baxıcı deyil və buna görə də hadisələri dəqiqliyi ilə proqnozlaşdıra bilməz. Amma bu peşəyə, ada iddia edənlər tutuquşu da deyil ki, mövsümə uyğun olaraq, kim nə dedi onu təkrarlasın.
Dünən Rusiyanın Qarabağdakı sülhməramlı fəaliyyətinə görə işğalçı dövlət adlandıran efir gülləri bu gün Rusiyanın atdığı adımı vəsf edir, onu Azərbaycanın ən yaxın tərəfdaşı adalndırır. Niyə öz mövqelərində sabitqədəm deyillər? Bəyəm, onlar bilmirdi ki, Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik müqaviləsi illər əvvəl imzalanıb? Mənə elə gəlir ki bacarmadığı işlə məşğul olub, özünü biabır edib, bu yolla pul qazanmaqdansa, fermer təsərrüfatı ilə məşğul olmaq daha abırlı görünər. Hesab edirəm ki, bu istiqamətdə maddi dəstək verilən, geniş təbliğatına şərait yaradılan siyasi şərhçilərlə bağlı ciddi seleksiya işləri aparılmalıdır.
Kimsə, nə vaxtsa, kiməsə görəsə, hansısa siyahıya düşübsə, əbədi olaraq, bu məqamda qərar tutub, başqa peşəkarların yolunu bağlamamlıdır.
Məhəmmədəli Qəribli
TEREF