SEPARATİZM YOXDURSA, RUSİYA DA YOXDUR... – Bakı bu əməliyyatla Avropaya da dərs keçdi
19-04-2024, 09:44
Azərbaycan özünün və qardaş Türkiyənin səyləri sayəsində postsovet məkanında heç kimin edə bilmədiklərinə nail oldu
Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları yanvar ayında Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etmədi. Bundan öncə isə etiraz əlaməti olaraq Azərbaycan təşkilatdakı fəaliyyətini de-fakto dayandırdı. Həmin vaxt Assambleya rəsmi Bakını öz üzərinə götürdüyü “əsas öhdəlikləri yerinə yetirməməkdə” günahlandırsa da, əsas səbəbin Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı və bu əməliyyat nəticəsində bölgənin separatçı qurumdan və onun tör-töküntülərindən təmizləməsi olduğu heç bir şübhə doğurmurdu.
Beləliklə, uzun illər boyu bölgəmizdəki erməni separatizmini bu və ya digər formada dəstəkləyən Avropa Azərbaycanın bu bəlaya birdəfəlik son qoymasına məhz bu cür aqressiv və qeyri-adekvat cavab vermiş oldu.
Ardınca, Avropada Azərbaycanın guya birbaşa Kremlin təsir dairəsi altrında olması və bunun bariz nümunəsi kimi Rusiya hərbi kontingentinin Azərbaycanda qalması barədə fikirlər üstünlük təşkil etməyə başladı. Nədənsə ərazisində Rusiyanın böyük hərbi bazası, sərhəd qoşunları, özü isə rəsmən KTMT və Aİİ üzvü olan Ermənistan barədə eyni fikirlər səslənmədi...
Bütün bunların fonunda Avropanın, Qərbin Rusiyanın Cənubi Qafqazdan çıxmasında maraqlı olduğu da nəzərdən qaçmadı. Ancaq Avropanın eyni zamanda həm Rusiyanı buradan çıxarmağa çalışması, həm də separatizmi dəstəkləməsi və buna görə Azərbaycana qarşı ədalətsiz addımlar atması bir-birilə kəskin ziddiyyət təşkil edir. Əvəzində, Azərbaycan Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasına nail olmaqla sübut etdi ki, Avropanın bu siyasəti yumşaq desək, yanlışdır. Çünki separatizm olan yerdə mütləq Rusiya da var. Bu, Moldovada, Gürcüstanda, nəhayət, Ukraynada dəfələrlə sübut olunub. Separatizm yoxdursa, Rusiya da yoxdur. Bu isə Azərbaycanda, Qarabağda sübuta yetirildi...
Qafqazda, Azərbaycanda Rusiyanın mövcudluğu məhz erməni separatizminə əsaslanırdı. Azərbaycan isə 44 günlük müharibə, ondan sonra Rusiyanın etirazlarına rəğmən Laçında sərhəd-buraxılış məntəqəsini quraşdırması və nəhayət, keçən il Qarabağda keçirdiyi uğurlu hərbi əməliyyatla Avropa başda olmaqla, hamıya dərs keçdi və göstərdi ki, istənilən imperiayaçı və təcavüzkar qüvvənin bölgədən çıxarılmasının ən doğru yolu həmin bölgədə onun dayaqlarını sarsıtmaq, yəni, separatçılığın kökünü kəsməkdir.
Burada əsas dönüş nöqtəsi əlbəttə ki, ötən il sentyabrda keçirilən hərbi əməliyyat oldu. Hansı ki, Avropa məhz buna etiraz edirdi və Azərbaycanla buna görə təhdidi dilində danışmağa başlamışdı. Lakin Azərbaycan boyun əymədi və bu gün məhz həmin əməliyyatın sayəsində rus hərbi kontingentini “işsiz qoydu”. Artıq hətta Kremlə yaxın siyasətçilər də “sülhməramlılar”ın Qarabağda qalmasının mənasız olduğunu etiraf etdilər.
Bu gün Azərbaycan əldə etdiyi tarixi və strateji nailiyyət əlbəttə ki, Ukraynada, Gürcüstanda, Moldovada nümunə kimi göstərilir və göstəriləcək. Avropa bu ölkələrdəki separatizmi dəstəkləmir, Rusiyanın oralardakı mövcudluğunun əleyhinə çıxır. Azərbaycanda isə əksinə, separatizmi dəstəklədi və Rusiyanın buradakı varlığına haqq qazandırmış oldu. Bu ayrı-seçkiliyin nəyə gətirib çıxardığı göz qabağındadır.
Azərbaycan özünün və qardaş Türkiyənin səyləri sayəsində postsovet məkanında heç kimin edə bilmədiklərinə nail oldu. Avropa isə nə Moldovada, nə Gürcüstanda, nə də Ukraynada eyni nəticəyə nail ola bilmir və yaxın gələcəkdə ola biləcəyi də çox böyük sual altındadır...
C.Məmmədov
“AzPolitika.info”