AQTA suallara cavab vermirsə, qida təhlükəsizliyi ilə bağlı heç nə yazılmamalıdır?
19-04-2024, 11:49
Mətbuata o qədər açıq olmayan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ötən gün Milli Məclisdə “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmədə iştirak və çıxış edib.
Ölkədə fəaliyyətindən ən çox narazılıq edilən qurumlarından biri olan AQTA-nın rəhbəri çıxışında onları tənqid edənlərə geniş yer ayırıb. Təhməzli ekspertləri və mətbuat orqanlarını qeyri-peşəkarlıqda günahlandırıb.
O iddia edib ki, mediada araşdırılmamış, qeyri-peşəkar çoxlu məlumat yayılır: “Verilən istənilən məlumat peşəkar mənbəyə əsaslanmalıdır. Həmin ekspertlərdən molekulyar genetika elminin əleyhinə fikirləri dayandırmağı tələb edirəm. Əks halda, biz məcburuq ki, məsələyə hüquqi qiymət verilməsini gündəmə gətirək”.
AQTA sədri ticarət şəbəkələrində satılan yağların heç birində əhalinin sağlamlığına təsir edəcək təhlükəli halın aşkarlanmadığını da bildirib. “İstənilən ekspertizaya getməyə, hansısa təşviş yaratmaq istəyən ekspertlərin bütün suallarını cavablandırmağa hazıram. Bəzi ekspertlər bu sahədən o qədər məlumatsızdırlar ki, çıxışlarında trans yağların sıfıra endirilməsindən danışırlar. Halbuki tərkibində sıfır trans yağ olan yağ ümumiyyətlə dünyada yoxdur”.
Qoşqar Təhməzlinin dediyinə inansaq, o zaman məsələn, 1 litri 2 manata satılan duru yağla 8-10 manata satılan duru yağın heç bir fərqi yoxdur.
Yaxud, kərə yağı adı ilə məhsulun 1 kiloqramına 20-25 manat ödəməməliyik. Kiloqramı 3-4 manata satılan “kərə yağı”nı rahatlıqla ala bilərik.
İstelakçının aldığı ərzaq məhsullarını ekspertizadan keçirmək imkanı, lazımi avadanlığı yoxdur. Amma kiloqramı 3-4 manata olan yağın görünüşü, dadı, qoxusu onun normal olmadığını açıq şəkildə göstərir axı...
Biz gördüymüzə, daddığımıza yox, AQTA sədrinin sözlərinə güvənib, bu məhsulu necə istehlak edək?
Daha bir məsələ. Deyək ki, Qoşqar Təhməzlinin rəhbərlik etdiyi qurum qüsursuz işləyir, əhalinin sağlam qida ilə təmin olunması üçün hər şeyi edir. O zaman belə qüsursuz işləyən bir qurumun mətbuat xidməti niyə mətbuatdan qaçaqdır?
TNS-in AQTA-ya dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb. Mətbuatın suallarını cavablandırmağa məsul şəxslər bütün sorğulara "araşdırıb, cavab verəcəyik" deyir. Amma o "araşdırma" heç vaxt bitmir və nəticədə suallar cavabsız qalır.
Belə olan halda mətbuat təbii ki, ekspertlərə üz tutacaq, onların fikirlərinə yer verəcək. Bu, sadə bir məntiqdir. Sorğulara cavab verilmirsə, deməli, veriləcək cavab yoxdur!
İndi AQTA iddialara cavab vermir deyə, mətbuat ərzaq təhlükəsizliyi ilə bağlı heç nə yazmamalıdır? Məlumdur ki, qida təhlükəsizliyi ciddi məsələdir. Bu, dövlətin milli təhlükəsizliyinin bir sahəsidir. Milli təhlükəsizliyə təhdid sadəcə hansısa terror ehtimalı, milli, dini zəmində qarşıdurma yaratmaq cəhdi deyil ki. Bir ölkənin vətəndaşlarının qəbul etdiyi qidanın sağlamlığı terror ehtimalından az əhəmiyyət kəsb etmir.
Bu baxımdan mətbuatın, ekspertlərin məsələni gündəmə gətirməsi təbiidir. Dövlətin qida təhlükəsizliyinə məsul olan qurum da buna hazırlıqlı olmalıdır.
Qoşqar Təhməzli mətbuatı, ekspertləri tənqid etməzdən öncə başında durduğu Agentliyin mətbuat və ictimaiyyətlə əlaqələrinin vəziyyətinə baxsa, daha yaxşı olmazmı? Bəlkə AQTA sədri qurumun mətbuat və ictimaiyyətlə əlaqələrindən məsul şəxslərin fəaliyyətindən razıdır, amma biz yox. Ona görə də tənqiddən əvvəl qurumun fəaliyyətinə nəzər salmaq lazımdır.
Gülşən Hacıyeva
TNS