UKRAYNA İLK DƏFƏ STRATEJİ BOMBARDMANÇINI VURDU – Rusiya “texniki nasazlıq olub” deyir (VIDEO)
19-04-2024, 11:31
Ukraynalılar ilk dəfə Rusiyanın “Tu-22M3” bombardmançısını məhv ediblər.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk bildirib: “İlk dəfə olaraq Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edərək uzaqmənzilli strateji bombardmançı “Tu-22M3”-ü məhv edib”.
Oleşuk əlavə edib ki, bu təyyarə düşmənin Ukraynanın dinc şəhərlərinə hücum etmək üçün istifadə etdiyi “X-22” qanadlı raketlərinin daşıyıcısıdır: “Bugünkü hücum zamanı iki belə raket ilk dəfə məhv edildi. Ukraynanın cəbhə bölgələrini Rusiya terrorundan daha yaxşı qorumaq üçün daha çox vəsaitə, daha çox raketə ehtiyacı var”.
Onun sözlərinə görə, aprelin 19-na keçən gecə Rusiya işğalçıları müxtəlif növ raketlər və hücum PUA-ları ilə hücuma keçib. Ümumilikdə Rusiya 36 hava hücumu silahından - 22 müxtəlif tipli raketdən və 14 hücum dronundan istifadə edib. 36 hədəfdən 31-i vurulub.
Qeyd edək ki, hərbi təyyarə Rusiyanın Stavropol vilayəti üzərində vurulub. Lakin Rusiya tərəfi bunun “texniki səbəbdən baş verən qəza” kimi təqdim edir. Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, qəzaya texniki nasazlıq səbəb ola bilərdi. Pilotlardan üçünün katapult etdiyi qeyd olunur. Lakin Rusiya KİV-ləri pilotlardan birinin öldüyünü xəbər verir.
Stavropol qubernatoru Vladimir Vladimirov daha əvvəl bildirmişdi ki, təyyarə Krasnoqvardeyski rayonu ərazisindəki tarlaya düşüb.