Vüqar Gülməmmədov: "Bu normalara qurumlar tərəfindən riayət edilmədiyini görürük"

19-04-2024, 17:31           
Vüqar Gülməmmədov: "Bu normalara qurumlar tərəfindən riayət edilmədiyini görürük"
"Bəzi istiqamətlərdə xərclərin Nazirlər Kabinetinin müəyyən etdiyi normalarla tənzimləndiyini görmək mümkündür. Belə normalar, praktik baxımdan olduqca əhəmiyyətli olmaqla yanaşı, digər tərəfdən öz adekvatlığını daim qorumalıdır".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, bir çox hallarda bu tip normalara praktikada qurumlar tərəfindən riayət edilmədiyini görmək mümkündür.

"Bu bəzən normanın minimum səviyyəni tənzimləməsi ilə paralel maksimum hədləri dəqiq tənzimlənməməsi ilə (məsələn, mədəniyyət sahəsində qonorarla bağlı normalar), bəzən normaların uzun müddət yenilənməməsi və ya bu ehtiyaca baxılmaması (məsələn, ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün normalar) və ya ümumiyyətlə normanın müvəqqəti qəbul edilməsi ilə bağlı ola bilər (məsələn, avtomobil yollarının istismarı üzrə müvəqqəti xərc normativləri). Bundan əlavə, əksər hallarda normativlər yalnız büdcədən maliyyələşdirilən təşkilatlara şamil edilir. Publik hüquqi şəxslərə münasibətdə tənzimləmənin sərbəstliyi görünür. Halbuki, nəzarət tədbirləri zamanı publik hüquqi şəxslərdə vəsaitin istifadə məqsədinin dövlət orqanından heç bir xüsusiyyəti ilə fərqlənməməsi halında daha yüksək xərcləmələrin edildiyini görmək mümkündür.

Burada arqument publik hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən gəlir imkanının olması ola bilər. Lakin nəzərə alınmalıdır ki, PHŞ-lərin gəlirləri yalnız fəaliyyət istiqamətində istifadə edilməlidir. Eyni zamanda, biz qəbul edirik ki, ölkədə Nəticə Əsaslı Büdcəyə keçidin tam mənada tətbiq edilməsi halında hazırkı sifariş əsaslı büdcə konsepsiyasının atributu olan normativ büdcənin tələblərində, habelə büdcədə yerdəyişmələrlə bağlı məhdudiyyətlərdə yumşalmalar ola bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.