İran və İsrail arasında müharibə olarsa, qalib kim olar?
20-04-2024, 11:44
Aprelin 1-də İsrailin İranın Dəməşqdə yerləşən səfirliyinə hücumuna cavab tədbiri olaraq, aprelin 14-də İranın İsrailə dronlarla kütləvi hücumu son 5 ildə dünyada baş verən müharibələrin spesifikasında fərqli istiqamət kimi ortaya çıxdı. İlk dəfə idi ki, İran İsrailə birbaşa hücum edirdi.
İran İsrailə hücuma cəmi 52 milyon dollar xərcləyib. 52 milyonluq bu hücumun qarşısını almaq üçün İsrail 1,5 milyard dollar pul xərcləyib.
İsrailin yüksək hava hücumlarından müdafiə sistemlərinə malik olması İranın bu ölkəyə məxsus əsas iki hədəfi (xüsusilə, Dəməşqdə səfirliyi vuran baza) vurmasına mane ola bilməyib.
İsrail bu hücumun özü və müttəfiqləri (kollektiv Qərb) tərəfindən zərərsizləşdirildiyini bildirib.
Hücumların qarşısını almaq üçün:
ABŞ-ın 50-yə yaxın qırıcısı, Böyük Britaniya, Fransa və İordaniyaya məxsus 40-dan artıq qırıcı, İsrailin 85 ədəd qırıcısı (F-35 və F-15), "Modified Hawk" hava hücumundan müdafiə sistemi (İordaniya), “Dəmir Qübbə” raketdən müdafiə sisteminin batareyaları, "Hetz 3" uzun mənzilli raketdən müdafiə sisteminin batareyaları və "Aegis” sistemləri və s. istifadə olunub.
İranın "məhdud" və "kosmetik" hücumunun qarşısını almaq üçün bütün Qərb qüvvələrini səfərbər edib.
Beynəlxalq hüquq isə İranın tərəfindədir. Çünki səfirliyin vurulması bütün beynəlxalq normalara ziddir. Baxmayaraq ki, İsrailin BMT-dəki nümayəndəsi hücumdan sonra İranı susdurmağı tələb edib.
Qərb ölkələri İsraili dəstəklədiyini bəyan edib.
İsrailin Rusiyadakı səfiri rəsmi Moskvanı İranı ittiham etməyə səsləsə də, sərt cavab alıb. Rusiya İsrailə Ukraynadakı mövqeyini xatırladaraq, səfirin diplomatik dəstək istəyini rədd edib.
Türkiyə prezidenti Ərdoğan bu hücumlara görə İsraili ittiham edərək, bütün məsuliyyəti prezident Netanyahunun daşıdığını bildirib.
Azərbaycan tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan çəkinməyə çağırıb.
Haqlı olaraq, xarici ekspertlər hesab edirlər ki, İran-İsrail arasında uzunmüddətli müharibənin baş verəcəyi ehtimalı çox azdır. ABŞ başa düşür ki, İsrail-İran müharibəsi daha böyük savaşa, eləcə də, Qərbin Yaxın Şərqdən tamamilə çıxarılmasına gətirib çıxaracaq. Hazırda Rusiya ABŞ-ın Afrikada, Yaxın Şərqdə enerjisini parçalamaqla, Ukraynada da öz istəklərinə nail olub. ABŞ bir müddət əvvəl Fələstin-İsrail müharibəsi başlayarsa, daha çox İsrailə yarım edəcəklərini açıqlamışdı.
İsrailin İranın hücumları qarşısında neçə gün tab gətirəcəyi isə bəlli deyil. Həmçinin, indiki ağır şərtlər çərçivəsində İran da müharibəyə getməz. Çünki müharibə olarsa, İsrail İranın çox əhəmiyyətli strateji obyektlərini sıradan çıxara bilər.
Müharibə olarsa, kimin qalib gələcəyi ilə bağlı ictimiyyətdə dolanan suallara cavab tapmaq üçün bizim yerli "politoloq"lara qulaq asmaq lazım deyil, tərəfsiz xarici beyin mərkəzlərinin hesabatlarını təhlil etmək və sonuncu hücumun detallarına diqqət etmək yetərlidir.
Samir Feyruzov
TEREF