Buğdanın tədarük qiymətində azalma - Çörək ucuzlaşacaq?

4-07-2024, 11:19           
Buğdanın tədarük qiymətində azalma - Çörək ucuzlaşacaq?
Azərbaycanda 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton olaraq müəyyənləşib. Bu isə, 2023-cü illə müqayisədə 50 manat və yaxud 11,1 faiz azdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.

Görəsən, ərzaqlıq buğdanın tədarük qiymətlərinin azalması fonunda çörəyin də qiyməti ucuzlaşacaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, buğdanın tədarük qiymətinin azaldılması sadəcə olaraq çörəyin qiymətinin stabil saxlanılmasına hesablanmış addımdır.

Həmsöhbətimizin fikrincə, çörəyin qiymətinin aşağı düşəcəyi barədə danışmaq hələlik tezdir:

"Nəzərə almaq lazımdır ki, bir neçə sahə, o cümlədən çörək strategiyası strateji məqamları özündə əhatə edən bir sahədir. Burada hər hansı subsidiyaların ayrılmasında ilk növbədə mənfəət götürmə siyasəti yoxdur. Müəyyən olunmuş sahələr var ki, orada sahibkarlar az da olsa mənfəət götürə bilir. Ondan o tərəfə kənarlaşmalar isə mümkün deyil. Bu subsidiyalar isə hökumət hesabına mövcud dəhlizi stabil saxlamağa xidmət edir.

Buğdanın dövlət tədarükü qiymətinin 400 manat olması və keçən illə müqayisədə bu rəqəmin 50 manat aşağı müəyyən edilməsi heç də onun maya dəyərinin aşağı düşməsi anlamına gəlməməlidir. Ona görə də sözügedən addım çörəyin ucuzlaşmasına rəvac verən alət kimi çıxış etmir. Prosesdə hələ kifayət qədər digər xərclər də var.

Hazırkı vəziyyətdə atılan bu cür addımlar ancaq çörəyin qiymətinin stabil saxlanılmasına hesablanmış tədbirlərdir. Ucuzlaşma barədə danışmaq isə hələlik tezdir. Bu ucuzlaşmanı dünya bazarındakı qiymətlər formalaşdıracaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.