Ramiz Mehdiyevin kürəkənin məhkəmə qarşısında: SENSASİON DETALLAR

4-07-2024, 12:46           
Ramiz Mehdiyevin kürəkənin məhkəmə qarşısında: SENSASİON DETALLAR
Bu gün, iyulun 4-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə şabranlı sahibkar Mansur İbrahimovun iddiasına baxış davam etdiriləcək. Bu prosesə qədər təyin olunan 3 proses cavabdeh, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin vəkilinin təqdim etdiyi vəsatətlər və xahişlər səbəbindən baş tutmayıb. Mayın 15-nə təyin edilmiş prosesə qatılmayan Ramiz Mehdiyevin kürəkəninin vəkili xəstə olduğunu bildirib və bu səbəblə prosesin təxirə salınmasını xahiş etmişdi.

İş üzrə iddiaçı Mansur İbrahimov məhkəmə öncəsi Musavat.com-a deyib ki, qarşı tərəf bütün gücünü prosesin maksimum uzanmasına səfərbər edib. Mansur İbrahimovun sözlərinə görə, proses süni şəklildə, hüquqdan sui-istifadə edilməklə uzandıqca zəbt olunan bağları Mehdiyevin kürəkəninin nəzarətində qalır və bağlardakı ağacların meyvələri yığılaraq satılır, böyük gəlir də müvafiq olaraq onun cibinə gedir. Buna görə də ittiham olunan şəxs prosesin uzanmasında maraqlıdır. Maraqlıdır ki, mayın 30-da keçirilən məhkəmə prosesində bu məsələ yenidən gündəmə gəlsə də, hakim bu dəfə də prosesdə uzun – 1 ay, 1 həftəlik fasilə elan edib, proses iyulun 4-nə təyin olunmuşdu.

Mansur İbrahimov baş verənlərin sırf ona məxsus bağların talanmasına xidmət etdiyini açıqlayıb:

“Mən bir daha Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovdan xahiş edirəm ki, sabiq deputatın hüquqdan və qanundan sui-istifadəsinin qarşısını alsın. Məhkəmələrdə qarşı tərəfin süni şəkildə süründürməçiliyinə nəhayət ki, son qoyulsun! 5 il məhkəmə olar? İnam Kərimovdan dönə-dönə xahiş edirəm ki, mənə qarşı cinayətkarcasına yol verilən hüquqdan və qanundan sui-istifadəyə son qoyulması üçün iddialarım üzrə məhkəmə işlərini şəxsi nəzarətinə götürsün. Bu adamlar məhkəmələri uzatmaqla mənə qarşı qanunsuzluqlarının davamlı olmasını təmin edirlər. Bunun qarşısı alınsın”.

Mansur İbrahimov deyib ki, Sumqayıt Kommersiya Məhkəməsində onun Mehdiyevin kürəkəninə qarşı iddiası üzrə baxış keçirilərkən qarşı tərəf prosesin uzanmasına xidmət edən əsassız və qanunsuz iddialarla çıxış edib.

“Sabiq deputat mənə, Şabran Notariat Kontoruna və digərlərinə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvinə dair qarşılıqlı iddia qaldırdı. Hakim Fərman Həmidli qanunun tələbini nəzərə alıb qarşılıqlı iddiaya baxılması üçün iş materiallarını Sumqayıt Apellyasiya Məhkəməsinə göndərdi. Hakim Almaz Süleymanova kürəkənin qarşılıqlı iddiasını qanunsuz və əsassız hesab etdi. İş materialları yenidən baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Fərman Həmidlinin icraatına qaytarıldı. Əvvəldən də bəlli idi ki, bu iddia qanunsuz və əsassızdır, sadəcə vaxt uzatmağa xidmət edir. Belə də oldu, 1 aydan artıq müddət sərf olundu, onun şikayəti təmin edilmədi” – deyə Mansur İbrahimov bildirib.

O, Sumqayıt Kommersiya Məhkəməsinə şikayətində kürəkənin zəbt etdiyi, ona məxsus 52 hektar bağ torpaq sahəsinin geri qaytarılmasını tələb edir. Sahibkar deyib ki, Mehdiyevin kürəkəni deputat olduğu günlərdə, 2011-2019-cu illər ərzində ona məxsus olan Şabran rayonu, Gəndab, Aygünlü və Dəvəçi kəndləri ərazisində yerləşən ümumilikdə 52 hektar bağ torpaq sahələrini zəbt edib:

“Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət etmişdim. Şikayətim əsasında 5 aya yaxın araşdırma aparıldı. Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixli №006-247661222 saylı məktubun icrası ilə əlaqədar qoyulmuş suallar Ağır cinayətlərin istintaqı şöbəsinin, xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Cövdət İsgəndərovun və “Turaz” MMC-nin icraçı direktoru Zahir Ələskərovun iştirakı ilə araşdırıldı. “Turaz” MMC-nin Şabran rayonu ərazisində istifadə olunan torpaq sahələri GPS aləti vasitəsilə ölçüldü və həmin sahələrin kimin mülkiyyətində olması baradə məlumatların – xəritə üzərində cizgiləri və mülkiyyətçilərin adlı siyahısı tərtib olundu. Bilindi ki, Mehdiyevin kürəkəni mənə məxsus 83 hektar bağ torpaq sahəsini zəbt edib. Hazırda 83 hektarın 52 hektarlıq bağ hissəsi ilə bağlı iddiaya baxılır. DİN-in bu araşdırmasına qədər, 2020-ci ilin sentyabrında Şabran Rayon Məhkəməsində mənim İlham Əliyevə qarşı zəbt olunmuş bağ torpaq sahələrimin geri qaytırılmasına dair iddiama baxılıb şikayətim təmin olunmuşdu. Məhkəmə qaydasında qət olunmuşdu ki, Sabiq deputat mənim torpaqlarımdan çıxarılmalıdır.

Mehdiyevin kürəkəni həmin qətnamədən apellyasiya şikayəti verdi. Şikayətə hakim Gülnarə Tağızadənin sədrliyi ilə baxıldı və İ.Əliyevin şikayəti qanunsuz və əsassız olduğundan rədd edildi. Sabiq deputat bu dəfə Ali Məhkəməyə şikayət verdi və işin kommersiya xarakterli olmasını əsas gətirməklə kommersiya instansiyasına verilməsini tələb etdi. Bütün bu şikayətlər, qarşılıqlı iddialar hüquqdan, qanunlardan sui-istifadə, sırf məhkəmələrin süni şəkildə uzadılmasına xidmət edən addımlardır. Məhkəmələrin gedişində sabiq deputatın ətrafı açıq şəkildə deyirdi ki, məhkəmələri özləri uzadırlar ki, vaxt udsunlar, zəbt olunan torpaqların mümkün qədər çoxu onların istifadəsində qalsın. Hər ötən il mənim torpaqlarımda əkib-becərdiyim ağaclardan meyvələri yığıb satır, külli miqdarda gəlir əldə edirlər. Buna görə də heç bir əsası olmayan şikayətlərlə məhkəmələri uzadırlar.

Sabiq deputatın Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia da bu qəbildən idi. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Almaz Süleymanova onun bu şikayətini də rədd etdi. Vaxt, zaman isə gedir. İllərdir ki, zəbt olunan torpaqlarımı Azərbaycan dövləti mülkiyyətimə qaytara bilmir. Mehdiyevin kürəkəni bu gün də özünü qanunlardan üstün bilir”.

Mansur İbrahimov bildirib ki, 2011-ci ildə Mehdiyevin kürəkəni Kərim Məmmədov və Məhəmməd Balaqadaşov vasitəsilə onunla tanış olub. O zaman sabiq deputat ona şəriklik təklif edib. Şərti də bu olub ki, o, sərmayə qoyacaq, Mansur İbrahimov isə şirkətin genişlənməsini təmin edəcək:

“Söhbətimiz Kərim Məmmədovun bacısı Minavər Əsədovanın evində oldu. O zamanlar bəzi maneələr vardı, İlham Əliyevin təklifi ilə razılaşmalı oldum. İttiham olunan şəxs “Turaz” MMC-yə 50 faiz ortaq oldu. Lakin şərikliyimiz elə ilk gündən baş tutmadı. Çünki sabiq deputat vəd etdiyi vəsaitləri şirkətə vermədi, əksinə, şirkətin mühasibatlığını məhv elədi. Deyirdi ki, mənə mühasibatlıq yox, “uçotçik” lazımdır. Mən isə bununla razılaşmırdım, deyirdim ki, hər bir manatın qeydiyyatı olmalı, mühasibatlığı aparılmalıdır. Uzun müddət münasibətlərimiz gərgin oldu, bağlardan yığılan meyvələrin satışı, hesabatı məndən gizlədilirdi. Bu işlərə Kərim Məmmədov və onun qaynı Zahir Ələsgərov baxırdılar. Mən öz şirkətimdə sırf hüquqi hesabatlara nəzarət edə bilirdim.

Ümumiyyətlə, mənə maaş belə verilmirdi. kürəkən cibində deputat mandatı qayınatası Ramiz Mehdiyevə güvənir, mənim sıfırdan qurduğum şirkəti beləcə ələ keçirmişdi. Ayın yarısından çoxunu Şabranda keçirir, hər gələndə başının dəstəsi ilə məclis qururdu. Məni öz şirkətimdə kənar bir şəxsə çevirmişdilər. Qanunsuzluqlarına etirazlarımı da qulaqardına vururdu. Açıq şəkildə məni həbslə hədələyirdi. Başa düşürdüm ki, şikayətlərimin heç bir nəticəsi olmayacaq. Ona görə də “Turaz” MMC-də İlham Əliyevin özbaşınalığı ilə bağlı şikayət etməmişdim.

2019-cu ilin avqustunda Sabiq deputat mənim digər şirkətim “Dostluq MK” MMC-yə də əl qoymağa çalışırdı. Görürdüm ki, həmin MMC-nin də bağ torpaq sahələrini ələ keçirəcək. Mənə təklif etdi ki, “Dostluq MK” MMC-dəki 50 faiz payımı ona 3 milyon manata satım. Düşündüm ki, şirkətin 50 faizini ona satmaqla vəziyyətdən çıxaram, digər sahələrdə işimi genişləndirərəm. Lakin ittiham olunan şəxs alqı-satqı müqaviləsi ilə MMC-nin 50 faizini alsa da, pulu ödəmədi. Bu günə qədər də mənə 3 milyon manatı ödəməyib. Hazırda bu işlə bağlı Ali Məhkəmədə əlavə kassasiya şikayətim var. Bundan başqa, Ali Məhkəmədə “Turaz” şirkətindəki şərikliyimizlə bağlı da şikayətim var. Şikayətin mahiyyəti budur ki, mən şirkətə 2 milyon 578 min 220 manat vəsait qoymuşam. Bu məbləği mən havadan demirəm, məhkəmə qərardadı əsasında təyin olunan məhkəmə mühasibatlıq ekspertizası müəyyən edib. O, həmin məbləği mənə ödəməlidir.

Sumqayıt Kommersiya Məhkəməsində kürəkənə qarşı iddia tələbim budur ki, mülkiyyətimdə olan və “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə qanunsuz olaraq qatılan 52 hektar bağ torpaq sahəm mənə qaytarılsın. Ümumilikdə isə qanunsuz olaraq “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə mənə məxsus olan 83 hektar bağ torpaq sahəsi qatılaraq zəbt olunub. 52 hektar torpaq sahəsi dövlət reyestrində mənim mülkiyyətimdədir. Qalan 31 hektar isə müəyyən sənəd çatışmazlığına görə tam olaraq mənim mükiyyətimə qeydə alınmayıb. Buna görə də həmin 31 hektar torpaq sahəsi ilə bağlı hələlik iddia qaldırmamışam. Sabiq deputat mənə qarşı çox böyük qanunsuzluqlar edib. Ümidim Azərbaycan dövlətinə, dövlətimizin başçısına, Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovadır. İnanıram ki, Azərbaycan məhkəmələri nəhayət ki, mənim haqqımı bərpa edəcək, Mehdiyevin kürəkəni tərəfindən zəbt olunan torpaqlarımı mülkiyyətimə qaytaracaqlar”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.