Köməkçinin köməkçiliyindən vitse-prezidentliyə, direktorluğa gedən yol - Leyla Novruz kimdir?
8-07-2024, 16:52
Komfort zonasına düşəndə, hər zaman onu dəyişməyə çalışdığını deyir. Hansı vəzifədə olsa da, bundan çəkinməyib. Eyni zamanda davamlı nə isə öyrənib. "Hər günün sonunda yeni nə isə öyrəndiyimi bilməliyəm” deyən müsahibimiz ABŞ-da Karyera kouçu olaraq çalışan, bu sahədə "Transformative Coaching” şirkətini quran Leyla Novruzdur.
L.Novruz bundan öncə 3 il BP-nin London ofisinin Qlobal Biznes Xidmətlərində insan resursları üzrə direktor olaraq çalışıb. Ondan əvvəlki 5 ildə isə BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu üzrə İnsan Resursları (İR) üzrə vitse-prezidenti olub.
- Leyla xanım, bugünkü uğurlu karyeranız başlanğıcını hardan götürür?
- 2-ci sinifdə oxuyanda, məktəbdə ingilis dili keçməyə başladıq. Mən bu dilə vuruldum. Bu səbəbdən, ingilis dilinə olan sevgimin yaranmasından götürərdim. 2 il öncə Bakıda olanda, köhnə kitablarıma baxırdım. Gördüm ki, ingilis dili lüğətinin üstünə yazmışam: "English is my first love. English is my future” (İngilis dili mənim ilk sevgimdir, ingilis dili mənim gələcəyimdir). 8-9 yaşımda bunu yazmışam. O qədər marağım var idi ki, dərsdən kənar da kiçik mətnlər tərcümə edirdim. İngilis dilini öyrəndikcə İngiltərə, London mənə maraqlı gəlirdi. Tələbəlik dövründə fəxri təqaüd alırdım, üstəlik ibtidai sinif şagirdlərinə ingilis dilini öyrədirdim. Həmin ilk qazanclarımla ingilis dilində "London” kitabı almışdım.
- O zaman elə tərcüməçi olmaqla bağlı qərarı məktəbin ilk illərində vermişdiniz?
- Orta məktəb illərim sovet dövrünə düşür. O vaxt Azərbaycan Dillər Universitetində tərcümə ixtisası yox idi, ona görə düşünürdüm ki, ingilis dili müəllimliyi oxuyum, sonra tərcüməçi kimi özümü inkişaf etdirərəm. Sözsüz ki, ətrafımdakılar deyirdilər ki, oxuyub bir işsiz müəllim daha olacaq. O vaxt Tibb Universitetində oxumaq prestijli sayılırdı. Anam dedi ki, bəlkə tibbə gedəsən. Biz həkimlərin binasında yaşayırdıq. O həkimlər də məni tibbə həvəsləndirirdilər.
8-ci sinifdə oxuyanda, kimya və biologiya ilə dərindən məşğul olmağa başladım. Hardasa 1 il sonra anama dedim ki, məndə alınır, bu fənləri öyrənə bilərəm, amma mən ingilis dili təhsili almaq istəyirəm. Elə oldu ki, mən 9-cu sinifdə oxuyanda universitetdə tərcümə fakültəsi açıldı və mən orda təhsil aldım. Valideynlərimə çox minnətdaram ki, o vaxt istəyimi dəstəklədilər.
"Milli Məclisin ilk tərcüməçisi mən oldum”
- Elə tələbə vaxtı Milli Məclisdə tərcüməçi işləməyə başlamısınız. Hətta bu gün tərcümə ixtisasını bitirənlərin böyük qismi işləməkdə çətinlik çəkirlər. Tələbə vaxtı iş həyatına artıq hazır idiniz?
- Mən Bakıda 189 nömrəli məktəbdə oxumuşam, orada güclü müəllimlər var idi. Universitetdə isə tərcümə fakültəsinin proqramı çox güclü idi, təcrübəli də müəllimlər cəlb olunmuşdu. Mənim qrup yoldaşlarım hazırda yüksək vəzifələrdədirlər, uğurlu karyera qurublar. Bir müəllimimiz Kamal Xəlilov idi. Onun dərsə yanaşması standart deyildi. Belə ki, o, düzgün eşidib tərcümə etmə bacarığımıza fokuslanırdı. Dildən də çox, tərcüməni öyrədirdi. Yadımdadır, bizə qəzetləri gətirirdi, ordakı mətnlərdən tərcümələr edirdik. O vaxt dil öyrənmək üçün kitablar olsa belə, praktika baxımından bir o qədər də güclü sayılmırdılar. Digər müəllimimiz Rəna Səfərəliyeva idi. O deyirdi ki, düzgün tərcümə etmək üçün ilk olaraq tərcümə edəcəyin mövzunu dərk etməlisən. Başqa güclü müəllimlərimiz də var idi. İllər keçsə belə onları minnətdarlıq hissi ilə hər zaman yad edirəm.
Mən tələbə olanda, Sovet İttifaqı dağıldı, xarici şirkətlər Azərbaycana gəlməyə başladı. Xarici şirkətlər gəldikcə, yerli mühitdə də ingilisdilli mütəxəssislərə tələb artırdı. Elə o zaman anladım ki, ingilis dilini öyrənməklə doğru seçim etmişəm (Gülür). Beləliklə, Milli Məclisin ilk tərcüməçisi mən oldum. O vaxtı ştatda tərcüməçi vəzifəsi yox idi və buna görə də məni əmək kitabçasında "Makinaçı” kimi qeydə aldılar. Tərcüməçinin işi həm çox, həm də maraqlı idi. Həmin il də Milli Məclisin nümayəndə heyəti ilə tərcüməçi olaraq Hindistanda Parlamentlərarası konfransda çıxış etdim.
- Bəs sonra xarici şirkətlərə keçidiniz necə oldu?
- Azərbaycana gələn xarici şirkətlərdən biri AMOCO idi. Həmin şirkətdə müəllimim işləməyə başladı. Bir gün zəng vurdu ki, bizə ingilis dilini bilən işçilər lazımdır, müsahibədə iştirak et. İşim çox xoşuma gəlirdi deyə, istəmədiyimi dedim. Bildirdi ki, iş maraqlıdır, maaşı da çox yüksəkdir. Milli Məclisdə 5 dollar alırdım, burda maaşım 180 dollar olacaqdı. Yenə də tərəddüdlü idim. Pul qazanmaq lazım idi, lakin heç bir qərarımda pul həlledici faktor olmayıb. Atama telefona cavab vermək və xırda tərcümə işləri üçün 180 dollar maaş təklif etdiklərini deyəndə, bildirdi ki, şübhəlidir, gəl araşdıraq (Gülür). Araşdırdıqdan sonra müsahibədən keçdim və 1993-ci ildə orda köməkçinin köməkçisi vəzifəsində işə başladım. 1999-cu ilə qədər köməkçi, katibə, administrator vəzifələrində çalışdım. 1999-cu ildə AMOCO şirkəti BP-yə birləşdi. Həmin dövrdə özümə bir istiqamət seçməli idim və bu insan resursları oldu. Heç vaxt da bu seçimimə peşman olmadım.
- 5 dollarlıq maaş nəyə yetirdi?
- O vaxt "Snickers”, "Bounty” şokoladları təzə çıxmışdı. İlk maaşıma "Bounty” alandan sonra qəpiklərim qalmışdı (Gülür). Bir aylıq maaşım bir şokolada çatmışdı. Ailəmlə yaşayırdım, əsas xərclərimi onlar qarşılayırdılar. AMOCO-da işləyəndən sonra isə mən ailəmə köməklik etməyə başlamışdım. Tələbə vaxtlarımdan bəri hər zaman kiçik qazanclı işlərim olurdu. Bu gün də o fikirdəyəm ki, gənclər böyük maaşlı işi gözləməklə vaxtlarını itirməsinlər. Nədənsə başlayın. Nə qədər tez ailədən maddi asılılığınız olmasa, bir o qədər yaxşıdır.
- İnsan resursları sahəsində karyeranız uğurla davam edib.
- İnsan resurslarında ilk rolum 2000-ci ildə "benefits advisor” (Müavinətlər üzrə məsləhətçi) rolu idi. Sonra BP şirkəti "Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”nin operatorluğunu götürəndən sonra mənim karyeram böyüməyə başladı. 2021-ci ildə BP-dən ayrılanda Londonda Qlobal Biznes Xidmətlərində direktor idim.
"Dedi ki, sənin 6 yaşında uşağın var, Pakistana necə gedəcəksən?”
- Londondan öncə isə Azərbaycan, Gürcüstan, Türkiyə regionunun viste-prezidenti idiniz. Köməkçinin köməkçisindən başlayaraq vitse-prezident, direktor rollarına gəlmək üçün iş yoldaşlarınızdan fərqli nələr edirdiniz?
- İnsanın özündən çox şey asılıdır. Karyerada uğurlu olmaqda iki sirr var. İşini bacardığın qədər yaxşı gör. O işdə gələcəyini görüb-görmədiyinin əhəmiyyəti yoxdur. Gələcəyini görmürsənsə, başqa iş axtar. Bu gün bu işi edirsənsə, onu öz bacarığının maksimumunda görməli və özünə sual verməlisən ki, mən bu işə hansı dəyər gətirə bilərəm? İkincisi, gözünüz imkanlara açıq olmalıdır. Karyeramda qarşıma çıxan imkanlar mənimlə eyni yerdə işləyən hər kəs üçün olub.
Mən o imkanları görürdüm və "əlimi qaldırmaqdan” qorxmurdum. Mən indi də kouçinq edəndə məsləhət görürəm ki, heç vaxt özünüzə "Mən keçməyəcəm, yəqin ki məndən güclü namizəd var” deməyin, əksinə, addım atın. Ən pisi nə olacaq? Keçməyəcəksiniz. Keçməyəndə heç bir itki baş vermir. Heç vaxt bundan qorxmamışam. Hansısa maraqlı imkan olubsa, demişəm ki, mənə maraqlıdır, mən də o layihədə iştirak edə bilərəm? 10 dəfədən 8-də "yox” deyiblərsə, 2-də "hə” deyiblər. Mən bildiklərimi həmin o 2 "hə”dən öyrəndim.
- Məsələn, hansı tip imkanlardan söhbət gedir?
- Karyeramın ən maraqlı hissəsinin başlanğıcı Pakistana getməyimlə olmuşdu. 9 ay bu ölkədə işləmişəm. Deməli, o vaxt Pakistanda "Arco” şirkəti BP-yə birləşirdi. Orada bu işi icra edəcək İR mütəxəssisləri lazım idi. Mən əvvəl BP ilə AMOCO birləşəndə siyasətlərin bir-birinə uyğunlaşdırılması üzərində işləmişdim. Menecerə yaxınlaşıb Pakistandakı layihəyə qoşulmaq istədiyimi dedim. Dedi ki, sənin 6 yaşında uşağın var, Pakistana necə gedəcəksən? Dedim ki, bir şey fikirləşərik, amma bu mənim üçün maraqlıdır. Müsahibə oldu və sonra mən ora getdim. Niyə bu misalı çəkdim? O vaxt çox adam İngiltərədə, Amerikada imkan olanda müraciət edirdi, Pakistan layihəsinə fikir vermədilər. Mən getdim və Pakistanda qazandığım təcrübəyə görə məni Rusiyada işləməyə dəvət etdilər.
Rusiyada BP ilə digər şirkət birləşəndə, İR mütəxəssisi lazım oldu. Bildilər ki, Pakistanda belə bir layihə etmişəm, orda da edə bilərəm və məni dəvət etdilər.
Rusiyaya 4 həftəlik dəvət olunsam belə, 4 il qalıb işlədim (Gülür). Ordakı təcrübə karyeram üçün çox faydalı oldu və Azərbaycana qayıdanda menecer pozisiyasına keçdim.
- Bir müddət Amerikada da BP-də işləmisiniz. Bu necə olmuşdu?
- 2010-cu ildə məni BP-nin Hyuston şəhərindəki ofisinə göndərdilər. Beynəlxalq təcrübəmi artırmalı idim ki, AGT (Azərbaycan, Gürcüstan, Türkiyə) regionu üçün vitse-prezidentliyə namizədlərdən biri ola bilim. Mən Hyustonda Qlobal funksiyaların birinin HR meneceri kimi işləməyi başladım. İşə başlayanda, gördüm ki, bu iş Azərbaycanda gördüyüm işdən heç nə ilə fərqlənmir. Fikirləşdim ki, mən bura 2-3 illik təcrübə qazanmağa gəlmişəm. Həmin işi görməyin mənası nədir? Düşündüm ki, yeni təcrübə qazana biləcəyim bir sahəyə keçməliyəm. Və mükafat (Global Reward) şöbəsində işləmək üçün müraciət etdim.
Bildirdilər ki, bu iş sənin üçün yenidir deyə, menecer kimi deyil, məsləhətçi kimi işləyə bilərsən. Razılaşdım. Elan çıxan kimi Bakıdan mesajlar gəldi ki, vəzifəni kiçildiblər? (Gülür). Mən bu təcrübəmi kouçinqdə istifadə edirəm. Bilirsiniz, böyümək ancaq vertikal böyümək demək deyil. Biz hərdən dayanıb horizontal böyüməliyik. Biliyimiz, qüvvəmiz daha da çox olsun. Mənim orda fərqli sahə öyrənməyim AGT üzrə uğurlu İR vitse-prezidenti olmağımda böyük kömək oldu.
Karyeramda düzgün addımlardan bir-ikisini deməli olsam, biri budur. Azərbaycan qayıdandan sonra 5 il AGT üzrə İR vitse-prezident kimi çalışdım. Maraqlı 5 il idi.
- 5 ildə sizin üçün ən maraqlı olan məqam nə idi?
- 5 illik işimin ən böyük nəticəsi kadrların milliləşdirilməsi oldu. BP-də əvvəl milli kadrlar 67 faiz idisə, 5 ildə bunu 90 faizə gətirib çıxardıq. Düzdür, bunu tək etməmişdim, amma mən vitse-prezident olan vaxtı rəhbərliyim altında baş verib. Hər zaman azərbaycanlı mütəxəssislərə üstünlük verməyə çalışırdıq. Mən o vəzifəyə başlayanda AGT-nin rəhbərliyində yeganə azərbaycanlı və yeganə qadın idim. Mən 2018-də Londona gedəndə isə 4-5 milli vitse-prezident var idi.
"BP-dən ayrılanda kouçinqlə məşğul olmaq fikrim yox idi”
- Və uşaqlıqda arzusunda olduğunuz Londonda da işlədiniz. 3 il sonra BP-dən və Londondan ayrılma səbəbiniz nə oldu?
- Bəli, 3 il də bu şəhərdə işlədim. Londonda mən 6 ölkəyə - İngiltərə ilə yanaşı, Macarıstan, Malayziya, Cənubi Afrika, Avstraliya, Amerika -baxırdım. Şirkətin və mənim planım Londonda qalıb karyerama orda davam etmək idi. 2021-ci ildə şəxsi həyatımda dəyişikliklərlə bağlı olaraq Amerikaya köçmək və BP-dən getmək qərarını verdim.
- Amerikada isə kouçinqə yönəlmisiniz. Kouçinqə yönələnlər sanki uzun illərin iş həyatından sonra bir rahatlıq istəyənlərdir. Gərgin bir iş həyatından sonra rahatlıq axtarırdınız?
- BP-dən ayrılanda kouçinqlə məşğul olmaq fikrim yox idi. ABŞ-da bir neçə iş təklifi də aldım. Təklifləri oxuyanda, başa düşdüm ki, mən korporasiyaya qayıtmaq istəmirəm. Öz işimdən çox xoşum gəlirdi, mənim üçün maraqlı idi, lakin təzədən korporasiyada başlamaq istəmirdim. Düşündüm ki, başqa bir işlə məşğul olmaq istəyirəm. Fikirləşdim ki, bəlkə öz biznesimi qurum. Fərqli növ bizneslərin qurulması ilə maraqlandım. Amma həmişə deyirdim ki, öz biznesimi qursam, insanlara xoşbəxtlik qata biləcəyim nə isə olsun. Həm də ki öz həyatımda dəyişiklik etmişdim, ikinci dəfə ailə həyatı qurmuşdum. Özümü xoşbəxt hiss edirdim və o xoşbəxtliyi başqaları ilə də paylaşmaq istəyirdim.
- Xoşbəxt biznesin kouçinq olduğu qənaətinə gəlməyiniz necə oldu?
- BP-dən gedəndə çox zəng, mesaj aldım. Eşitmişik BP-dən getmisiniz, o vaxt karyerama filan cür təsir etmisiniz, filan məsləhəti vermişdiniz və s. tipli zəng və mesajlar məni düşündürdü ki, nə qədər adamın karyerasına yaxşı mənada təsir etmişəm. Yoldaşım da dedi ki, bu iş səndə o qədər yaxşı alınırsa, niyə öz biznesin bu istiqamətdə olmasın? Fikirləşdim ki, işin və sevdiyin bir məşğuliyyətin birləşməsi gözəl olar. Mən fərqli ölkələrdə işləmişəm, fərqli ölkələrlə çalışmışam.
Bu, fərqli mədəniyyətlər, fərqli təcrübələr deməkdir. Bu bilik və təcrübəmi necəsə başqalarına kömək etməyə yönəltməli idim. Bir də karyeram boyu mənə məsləhətləri, düzgün istiqamətləri ilə kömək edənlər çox olub. Ona görə düşündüm ki, indi mənim vaxtımdır, təcrübəmi başqaları ilə paylaşım. Bu hisslər məni kouçinqə gətirdi.
Birinci başlayanda dedim ki, qadınlara kömək etmək istəyirəm. Mən neft-qaz sənayesindən gəlmişəm və bilirəm ki, qadınlara bəzi sənayelərdə karyeralarını qurmaq asan deyil. Bu gün qadınlar və kişilərlə işləyirəm. Ümumilikdə isə, missiyam dünyada xoşbəxt adamların sayını artırmaqdır. 5-6 nəfər də artırsam, xoşbəxtliyimə xoşbəxtlik qatacaq.
- İndi qurduğunuz işdən danışaq.
- Bu işin qurulmasında beynəlxalq karyerama "sağ ol” deməliyik. Digər ölkələrdə əlaqələrim və ordakı təcrübəmin böyük rolu var. Fərqli ölkələrdən kouçinq proqramımı keçənlər var, fərqli ölkələrdən şirkət və şəxslərə kouçinq xidməti göstəririk. Azərbaycanla çox yaxın işləyirəm.
"Azərkosmos”, "Nobel Energy”, PMD Hospitality və s. şirkətlərə kouçinq xidməti göstərirəm.
Eyni zamanda şirkətim fərdi kouçinq xidməti də göstərir. Məsələn, bəzən adam işini, ya sektoru dəyişmək istəyir, amma necə edəcəyini, yaxud nə dəyişikliyə ehtiyac olduğunu bilmir. Bəzən deyirlər ki, həyatımda hər şey yaxşıdır, amma xoşbəxt deyiləm. Biz proqramımızla onlara o cavabı tapmağa köməklik edirik. Ya da nə əldə etmək istədiklərini bilirlər, amma onu əldə etmək üçün köməyə ehtiyacları var.
"Birinci "Reel”i "Linkedin”ə qoyanda, elə bilirdim ki, ürəyim partlayacaq”
- İddialı birisiniz. Sizcə, karyerada irəli getməkdə iddia nə dərəcədə önəmlidir?
- İddia çox önəmlidir, amma mənim iddiam daha yüksək vəzifə yox, özümü inkişaf etdirmək, maraqlı iş görmək, faydalı olmağa çalışmaq idi. Özümə və ətrafa daha çox faydalı olacaq vəzifə istəyirdim. Nə vaxt komfort zonasına düşmüşəmsə, onu dəyişməyə çalışmışam. Hansı vəzifəyə gəlsəm də, davamlı nə isə öyrənmişəm. Kouçinqlə məşğulam, hər gün yeni nələrsə öyrənirəm. Hər günün sonunda yeni nəyinsə öyrəndiyimi bilməliyəm.
- Komfort zonadan çıxmaq çətin olur?
- Kouçinqə başlayanda, mənim üçün yeni sahə idi. "Linkedin”də paylaşmaq üçün "Reel” çəkməli idim. BP-də işləyəndə "Reel”in nə olduğunu bilmirdim. Birinci "Reel”i "Linkedin”ə qoyanda, elə bilirdim ki, ürəyim partlayacaq (Gülür). Nə deyərlər? Necə fikirləşərlər? Mənim üçün yeni idi və komfort zonadan çıxmaq idi.
Et, görək nə olur? - kimi düşündüm. Bu yanaşma həmişə komfort zonadan çıxmaq üçün mənə köməklik edib.
- Leyla xanım, karyeranız boyunca fərqli ölkələrdə yaşamısınız, ailəniz də sizi dəstəkləyib, sizinlə köçüb. Belə dönəmdə bir xanım dəstəklənməsə, onun karyerası necə ola bilər?
- Əlbəttə, ailə qurduğun şəxsin rolu var, amma bu da bizim seçimimizdir. Əsas olan odur ki, sən nə istəyirsən? Bunu biləndən sonra hər şeyi ona uyğun qurursan. Sənin karyera qurmaq istəyin çox olsa, açıqlıqla deyirsən, başqa variantlar görmürsən və bunu qəbul edirlər. Mənə elə gəlir ki, yaxınlarımız və başqa adamlarla sərhədləri biz qururuq. Mənim üçün nə vacibdir? Mənim sərhədlərim hardadır? Mənim əsas dəyərlərim nələrdir? Biz onu qurandan sonra başqaları ona hörmət etməyə başlayır. Əgər siz istəklərinizdə tam əmin deyilsinizsə, başqalarının fikri sizə mane olacaq. Mən hər zaman öz istədiyimin üstündə durmuşam. Ona görə elə bir situasiya olmayıb ki, mənə istədiyimi etməkdə kimsə mane olsun. Mən də hər zaman yanımda olan adamlara hörmət etmişəm. Əgər siz qarşınızdakı adama hörmət edirsinizsə, o da sizə edir. Əgər o sizin ambisiyalarınıza, istədiklərinizə dəstək olmursa, o zaman özünüzə sual verməlisiniz: yanımdakı insan doğru şəxsdir? Ailəm və dostlarım mənə həmişə köməklik ediblər. Oğlumun bu il 29 yaşı olacaq və onun atası ilə birlikdə olmasaq belə, bir-birimizə hörməti və dostluğumuzu qoruyub saxlamağı bacarmışıq.
- Xoşbəxtsiniz və nəzərdə tutduğunuz xoşbəxt biznesi qurmusunuz. Sizcə, xoşbəxtlik necə əldə edilir?
- Hər zaman özümü xoşbəxt hiss etmişəm. Bu, özümü bütün gün xoşbəxt hiss etmək mənasında deyil. Bu o mənadadır ki, nəsə həyatımda uyğun gəlməyəndə, fikirləşmişəm ki, bunu necə düzəldə bilərəm? Bir yazı var: it hansısa tikanların üstündə uzanıb ulayır. Deyirlər ki, niyə ulayır? Cavab verirlər ki, ağrı keçirir. Bəs niyə durmur? Ağrı onu yerindən durmağa məcbur edəcək qədər güclü deyil. Əgər o ağrı varsa, heç vaxt ağrı ilə yaşamamışam və bunun ilə qürur duyuram.
Özümüzü xoşbəxt hiss etməyimiz üçün nə etməliyik? Onu bilməli və hərəkət etməliyik. Əgər nə isə bizə xoşbəxt yaşamağa, həyatımızdan həzz almağa, səhər yerimizdən həvəslə durmağa mane olursa, sual vermək lazımdır ki, nəyi dəyişməliyəm? Məsuliyyətin əlimizdə olduğunu hiss edəndə, özümüzü çox güclü hiss edirik. Bilirik ki, dəyişə bilərik. Bu gün mən sevdiyim insanın yanında və sevdiyim işin üzərindəyəm.
- Ümumiləşdirsək, nə istədiyimizi bilməliyik...
- Nə istədiyini bilmək çox önəmlidir. Mən hər zaman kainatdan nə istədiyimi deyirəm və yerinə yetir. Dostlarım bunu bilir və arada zarafat edirlər ki, məni kainata tapşır, kainatdan mənim üçün filan şeyi istə və s. Mən doğrudan da kainata inanıram. Kainatın sənə kömək etməsi üçün nə istədiyini bilməlisən. Sən nə istədiyini biləndə və konkretləşdirəndə, kainat sənə lazım olan şeyləri diqqətinə yetirir. Mənim bu gün gördüyüm iş insanların nə əldə etmək istədiklərinin müəyyən edib, məqsədlərinə çatmaq üzərində qurulub.
Qaynarinfo