“Cənubi Qafqaz seçim etsin: ya suverenlik və inkişaf, ya da terror rejiminə təslimiyyət” - GƏLİŞMƏ
16-07-2024, 00:13
Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Hercinski deyib ki, rəsmi Tbilisi ilə münasibətlər "aşağı nöqtəyə" düşüb və İttifaq Gürcüstana ayıracağı 30 milyon avro (32 milyon dollar) hərbi yardımı dondurub. Gürcüstan parlamenti iyun ayında xaricdən maliyyə alan qrupların xarici agent kimi qeydiyyatdan keçməsini tələb edən qanunu qəbul edib və bu, daxili müxalifət və Qərb tərəfindən Rusiyadan ilhamlanan müxalif fikirləri yatırmaq üçün bir tədbir kimi tənqid edilib.
Tbilisidə keçirilən tədbirdə çıxış edən Hercinski bildirib: “Hazırda Gürcüstanın Müdafiə Nazirliyinə köçürməyi planlaşdırdığımız 30 milyon avro məbləğində vəsait dondurulub. Və bu sahədə daha ciddi addımlar atılacaq. Aİ Gürcüstan hökumətinə yardımı tədricən azaldacaq və bunun əvəzinə ölkənin vətəndaş cəmiyyətinə və mediasına dəstək verməyə keçəcək”.
Bu addım Gürcüstanın Aİ ilə ənənəvi səmimi münasibətlərinin xarici agentlər haqqında qanuna görə pisləşməsinin ilk birbaşa nəticəsidir və ABŞ-ın keçən həftə Gürcüstan ordusunun da iştirak etdiyi hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salmasından sonra atılıb.
Qanun, maliyyə vəsaitinin 20%-dən çoxunu xaricdən alan bütün təşkilatların xarici təsir agenti kimi qeydiyyatdan keçməsini və ya ciddi cərimələr və açıqlama tələbləri ilə üzləşməsini tələb edir. Qanun layihəsinin qəbulu 1991-ci ildən Sovet İttifaqının ən qərbyönlü varis dövlətlərindən biri olan Gürcüstanla Qərb arasında münasibətlərin ciddi şəkildə korlanmasına səbəb oldu.
Gürcüstan hökuməti son illərdə Qərbdə və daxildə avtoritar meyllərə və Rusiya və Çinlə münasibətlərin dərinləşməsinə görə tənqid atəşinə tutulub. Gürcüstan dekabrda Aİ-yə namizəd statusu qazanıb, lakin İttifaq dəfələrlə bildirib ki, Tbilisinin hazırkı siyasəti onun üzvlük iddiasının faktiki olaraq dondurulduğunu göstərir.
“Mən Avropa İttifaqının Gürcüstanla üzvlük danışıqlarına bu il başlamaq qərarı verəcəyinə şübhə edirəm. Ölkənin üzvlük prosesi gözləyəcək”, - deyə Hercinski söyləyib.
Gürcüstanın ekspert icmasının nümayəndələri Qərbin bu tədbirlərinə necə baxırlar? Belə soyuq münasibətlərin qonşu Azərbaycan üçün hansı nəticələri ola bilər?
AYNA-nın suallarını tanınmış gürcüstanlı analitiklər cavablabdırıblar.
Politoloq, Rondeli Fondunun Avropa Araşdırmaları Mərkəzinin (GFSIS) direktoru Kaxa Qoqolaşvili:
“Aİ və ABŞ Gürcüstan hökumətinə Xarici Təsirdə Şəffaflıq Qanununun qəbulunun nəticələri ilə bağlı xəbərdarlıq edib. Beynəlxalq təşkilatlar və nüfuzlu ekspert dairələri, o cümlədən Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Ekspert Qrupu, BMT-nin İnsan Hüquqları Komissiyasının ekspertləri qanun layihəsinin beynəlxalq konvensiyalara, o cümlədən Gürcüstanın Avropa Şurası çərçivəsində imzaladığı bir sıra konvensiyalara uyğunsuzluğu ilə bağlı ixtisaslı əsaslandırmalar təqdim ediblər. Üstəlik, ölkənin hüquqi mühitində belə bir qanunun olması onun Avropa istəkləri, Aİ-yə üzv olmaq istəyi ilə bir araya sığmır. Aİ və üzv ölkələrin bütün yüksək səviyyəli nümayəndələri eyni fikri bölüşürlər.
ABŞ Dövlət Departamenti qanunun qəbulundan dərhal sonra qanunun təbliğində və qanuna etiraz edən dinc nümayişçilərə hücumlarda iştirak edən 36 Gürcüstan vətəndaşının ABŞ-a girişinə qadağa qoyulduğunu elan edib. ABŞ Konqresi Gürcüstana və onun konkret vətəndaşlarına tətbiq oluna biləcək geniş sanksiyalar məsələsini müzakirə etməyə başlayıb.
Oxşar mövzu Aİ-də, o cümlədən Aİ-yə üzv dövlətlərin başçıları səviyyəsində də müzakirə olunub. Bu günə kimi artıq Aİ üzvlüyünə namizədin statusunun dondurulduğu və Gürcüstanın İttifaqa üzvlüklə bağlı danışıqlara başlamasının qeyri-mümkün olduğu açıqlanıb. Vizasız rejimin dayandırılması və maliyyə yardımının həcminin əhəmiyyətli dərəcədə azaldılması imkanları da müzakirə olunur.
Aİ-nin Gürcüstan Müdafiə Nazirliyi üçün nəzərdə tutulan 30 milyon avronun transferini dayandırması təhlükəsizlik sektoruna zərbədir. Lakin bu, hökumətin düşünülmüş addımlarının Gürcüstana vurduğu ziyanın yalnız görünən hissəsidir. Aİ artıq bir çox sektor və sahələrdə layihələrin maliyyələşdirilməsini azaltmağa başlayıb.
Göründüyü kimi, Aİ bu qanunun qəbulunu Avropa kursunu dəyişmək və demokratik islahatları geri çəkmək cəhdi kimi qiymətləndirir. Gürcüstan hökumətini inandırmaq üçün bütün mümkün tədbirlər həm Aİ-də, həm də ABŞ-da tükənmiş hesab olunurdu. Hər iki tərəfdaş Gürcüstanla münasibətlərə geniş baxış keçirdiklərini bəyan ediblər.
Bu, hansısa şəkildə Azərbaycana təsir edə bilərmi? Bəlkə də, bəli. Birincisi, Gürcüstan qeyri-sabitlik və hətta qarışıqlıq zonasına daxil ola bilər. Aİ və ABŞ ilə tərəfdaşlıq sabitlik verdi və onun təhlükəsizliyini təmin etdi. İkincisi, Rusiyanın bu vəziyyətdən necə yararlanacağı məlum deyil. O, Gürcüstana və onun xarici siyasətinə tam nəzarət yaratmağa cəhd edə bilər ki, bu da təbii ki, Azərbaycanın Gürcüstandakı mövqelərinə və maraqlarına təsir edəcək.
Nə qədər ki, Gürcüstan azaddır və qorunur, Azərbaycana Avro-Asiya dəhlizinin mümkünlüyü təmin edilir. Lakin bu dəhlizin gürcü seqmenti Rusiyanın nəzarətinə keçərsə, o, öz şərtlərini diktə etməyə başlayacaq, hətta Rusiya üçün rəqabətədavamlı olan Asiyadan Avropaya gedən marşrutu tamamilə bağlayacaq”.
Siyasi icmalçı Yeqor Kuroptev:
“Qərbin Gürcüstanla münasibətləri nöqteyi-nəzərindən yardımın, o cümlədən ilk növbədə maliyyə yardımının dayandırılması məntiqli addımdır, çünki Qərb və ya xüsusən də Avropa İttifaqı avtoritar rejimlərə kömək etmir, onlar demokratiyanın inkişafına yardım edirlər. Qərb diktaturaların qurulmasına kömək etmir, zorakılığa, fəalların, siyasətçilərin döyülməsinə və Gürcüstanın hazırkı hakimiyyətinin fəal şəkildə qəbul etdiyi bütün digər repressiya elementlərinə sponsorluq etmir.
Əgər bir il əvvəl “Gürcü Arzusu”nun hərəkətlərində məntiq tapmağa çalışmaq, böyük təlatümlü bir dövrdə “tarazlıq” cəhdindən danışmaq olardısa, bu ilin may-iyun hadisələrindən - rejimin bütövlükdə vətəndaşlara qarşı zorakılıq etməsindən və görünür, Kremldən mümkün təhdidlərdən qorxaraq, Moskvanın açıq-aşkar tətbiq etdiyi xarici agentlər haqqında “Rusiya” qanununu qəbul etməsindən sonra, Gürcüstandakı rejimi “kremlpərəst” və ya “kremlaltı” adlandırmaq kifayət qədər ədalətlidir.
Təəssüf ki, bu, indi spekulyasiya deyil, faktlar vasitəsilə görünən reallıqdır. Bu, Gürcüstanın cəmi 6 il əvvəl olduğu, bir vaxtlar sürətlə inkişaf edən demokratiyası üçün faciədir.
Aİ və ABŞ-ın Gürcüstan vətəndaş cəmiyyətinə dəstək tədbirləri artacaq, Gürcüstan hakimiyyəti ilə təmaslar azalacaq. İmtiyazlı klubda yer qazanmaq lazımdır. Bütün çətinliklər və risklər müzakirə oluna və həll yolları tapıla bilər.
Azərbaycana təsirinə gəlincə, hər şey Bakının Kremllə münasibətlərdə hansı kursu seçməsindən asılıdır. Bu və ya digər şəkildə Gürcüstanın suverenliyinin və müstəqilliyinin azalması Azərbaycan üçün çətin ki, faydalı olsun. Tbilisinin Qərbin regionda əsas dostu kimi standart roluna gəlincə, bu, yaxın gələcəkdə unudula bilər. Ən azından müsbət dəyişikliklərə meyl yoxdur.
Qərblə Ermənistanın münasibətləri isə, əksinə, yaxşılaşacaq və təbii ki, Ermənistan hakimiyyəti indi azadlıqlar və demokratiyanın inkişafı baxımından ön plana çıxır. “Partiya xətti” ilə hər hansı fikir ayrılığına yol vermək istəməyən Kremlin bununla bağlı nə edəcəyi hələ bəlli deyil, lakin aydındır ki, Rusiyanın ətrafındakı bütün ölkələr seçim etməli olacaq - çətin kompromislər və güzəştlər yolu ilə, sivil dünya ilə əməkdaşlıqda balanslaşdırılmış həll yollarının axtarışı vasitəsi ilə suverenliyi qorumaq və ya Kremldəki terror rejiminə təslim olmaq”.