Azərbaycanda keçiriləcək COP29 nədir, xərcini kim çəkəcək, kimlər gələcək? 10 suala cavabda

23-07-2024, 16:14           
Azərbaycanda keçiriləcək COP29 nədir, xərcini kim çəkəcək, kimlər gələcək? 10 suala cavabda
İlkin Həsənov
BBC News Azərbaycanca
Azərbaycan Ermənistana COP29-da iştirak üçün rəsmi dəvət göndərib, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat verib.

Yerli media yazır ki, Şuşada keçirilmiş II Qlobal Media Forumunda çıxış edən cənab Hacıyev iki ölkə arasında diplomatik münasibətlərin olmamasına rəğmən məktubun göndərilməsini Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsi olduğunu vurğulayıb.

“Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib”, - yerli media Hikmət Hacıyevdən sitat gətirib.

Ermənistanın bu dəvəti qəbul edib-etmədiyi hələ bəlli deyil.

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda keçiriləcək.

Ətraf mühit fəalları hesab edirlər ki, bu il Bakıda keçiriləcək COP29 tədbirində gərgin müzakirələrə şahid olacağıq.

Ona görə ki, ötən gün başa çatan Almaniyanın Bonn şəhərindəki, COP29-a hazırlıq iclası sayılan iqlim konfransı nəticəsiz, tərəflərin məyus getdikləri bir tədbir olub.

2009-cu ildə dünya ölkələri razılaşıblar ki, inkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə iqlim fəaliyyətinə dəstək üçün hər il 100 milyard dollar ayrılacaq.

2015-ci ildə bu məbləğin Paris sazişi çərçivəsində 2020-2025-ci illər üçün etibarlı olacağı təsdiqlənib. Beynəlxalq təşkilatların hesabatına görə, 100 milyard dollarlıq hədəfə ilk dəfə 2022-ci ildə nail olunub.

2025-ci ildən sonrası üçünsə yeni “Yeni Kollektiv Kəmiyyət Hədəfi” (NCQG) müəyyən edilməlidir. Bu maliyyə hədəfi noyabrda Bakıda keçiriləcək COP29-da əsas mövzualardan biridir.

İnkişaf etməkdə olan ölkələr maliyyəni 1,1 trilyon ilə 1,3 trilyon dollar arasında tələb olduğunu desələr də, inkişaf etmiş ölkələr bu məbləğin 100 milyard dollar səviyyəsində saxlanmasını və ya bir qədər artırılmasını istəyir.

Mübahisəli məqamlardan biri də bu vəsaiti kimlərin verəcəyi ilə bağlıdır. Norveç və ABŞ daxil bəzi ölkələr Çin və neftlə zəngin digər ölkələrin də iqlim fondlarına töhfə verməli olduğunu düşünür.
BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri rəsmi Bakı hazırlıq işlərinə çox da vaxt qalmadığını və işlərə start verdiyini bildirib.

May ayında Azərbaycan maliyyə məsələsində sıxlığın qarşısını almaq üçün ölkələrin öz hesabatlarını mümkün qədər tez, COP29 başlamazdan bir neçə gün əvvəl təqdim etmələrini istəyib.

Bu barədə COP29 prezidenti Muxtar Babayev The Guardian nəşrinə deyib.

“Əgər yoxsul ölkələr emissiyaları azaltmaq, iqlim böhranının təsirlərinə uyğunlaşmaq və aldıqları hər hansı iqlim maliyyəsini hesablamaq üçün cəhd etdiklərini isbat edə bilsələr, inkişaf etmiş ölkələrin iqlim maliyyəsini onlardan əsirgəmək üçün daha az bəhanələri olacaq”, - COP29 Prezidenti bildirib.

Nəşrin məlumatına görə, Bakıda keçiriləcək COP29 tədbirində yoxsul ölkələrə iqlimlə bağlı vəsait vermək, onlara istixana qazı emissiyalarını azaltmaq və ekstremal havanın təsirlərinə uyğunlaşmaqda kömək etmək üçün inkişaf etmiş ölkələrdən yeni qlobal hədəflərə doğru gəlmək gözlənilir.

1. COP29 nədir?
COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.

Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.

COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.

COP tədbirlərində, adətən, gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir.

Almaniyada keçirilən Petersberq İqlim Dialoqu zamanı COP29-da builki dialoqun əsas mövzusunun iqlim dəyişikliyinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi olacağı açıqlanıb.

COP29-un saytında yazılıb ki, "COP29 Sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki istiqamətə əsaslanan plan hazırlayıb".

Ancaq qurum hələ ki, istiqamətlər və planlar barədə detallı məlumat verməyib.

İndiyə kimi belə ənənə formalaşıb ki, illik COP tədbiri keçirilməzdən əvvəl dünyanın fərqli ölkələrinin iqlim icmasından olan tanınmış şəxslər və nazirlər Berlində yığışaraq bu tədbirin də gündəliyini müəyyən edir.

Burada nazirlər və diplomatlar növbəti COP tədbiri - əsas iqlim konfransı üçün prioritetləri müəyyənləşdirirlər.
2. COP tədbirinin məqsədi nədir?
2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub.

Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb. Bu sənədi 2016–cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur.

Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar.

İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.

COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.
3. Azərbaycana neçə xarici qonaq gələcək?
Dekabrın 15-də Azərbaycan hökümətinin üzvləri ilə COP29 barədə ilk müşavirəni keçirən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, “ehtimallara görə, təqribən 70-80 min xarici qonaq” iki həftə ərzində Azərbaycanda olacaq.

“Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var”, - İlham Əliyev deyib.

Prezident çıxışında deyib ki, Azərbaycanın keçirdiyi ən böyük beynəlxalq tədbir Avropa Oyunları olub ki, o zaman 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq ölkəyə gəlib. COP29-da isə on minlərlə xarici ölkəyə gələcək.

2023-cü ildə Dubayda keçirilən COP28 tədbirində rəsmi rəqəmlərə görə, 70 min xarici qeydiyyatdan keçib. Qeyri rəsmi rəqəmlərə görə, bu tədbirə qatılanların sayı 100 mindən çox olub.

Rəsmi olmayan xəbərlərə görə, 97,372 nümayəndə şəxsən COP28-də iştirak etmək üçün qeydiyyatdan keçib və bu, tarixdəki ən çox iştirakçının qatıldığı COP tədbiri olub.

Bu rəqəm 2022-ci ildə Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən COP27-yə qatılanlardan demək olar ki, iki dəfə artıqdır.

Bundan başqa, COP28-ə 3,074 nəfər virtual olaraq qoşulub və beləliklə ümumi iştirakçı sayı 100 mini keçib.

Bu rəqəmlər qlobal iqlim dəyişikliyinin həllində COP konfranslarının artan əhəmiyyətini vurğulayır, çünki getdikcə daha çox ölkə, təşkilat və fərdlər tədbirdə iştirak edir.
4. COP29 üçün Bakının imkanları varmı?
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə 2022-ci ildə Bakı və Abşeron yarımadasındakı otel və mehmanaxana tipli yerlərdə çarpayı yerlərinin sayı 24 min 696 olub. Ötən 2023-cü ildə bu rəqəmin necə dəyişdiyi məlum deyil.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin iyun ayında Bakıda 89 min 168 nəfər xarici turist otellərdə yerləşib.

Bundan başqa, Azərbaycanın indiyədək keçirdiyi ən böyük tədbir olan Avropa Oyunları zamanı idmançılar və onları müşayət edən heyətin yerləşdirildiyi Atletlər kəndi 8-13 mərtəbəli binalardan və bir inzibati binadan ibarətdir.

Trend-in məlumatına görə, yaşayış binalarında yerləşən 1042 geniş mənzildə 7500-ə yaxın insanın yaşayışı üçün hər cür şərait var.
Azərbaycan COP29-a görə bəzi vergi güzəştləri edir. Bu barədə Vergilər Məcəlləsinə edilən dəyişikliklər parlamentdə 3-cü oxunuşda qəbul edilib.

Vergilər Məcəlləsinə edilən dəyişikliyə görə, vergi güzəştləri martın 1-dən etibarən 9 ay qüvvədə olacaq.

COP29-la bağlı iş görən, xidmət göstərən qeyri-rezident fiziki şəxslər bu müddət ərzində gəlir vergisindən azad olunur.

Tədbirə hazırlaşan Azərbaycan neft və qaz ixracatçısı kimi “nümunə göstərmək” üçün özünün 1.5C-yə (qlobal istiləşmə həddinin bu temperaturdan aşağı olması) uyğunlaşdırılmış milli planı üzərində işləyir.

Bunu COP29 ərəfəsində aprelin 26-da Almaniyada keçirilən Petersberq İqlim Dialoqunda Azərbaycanın ekologiya naziri və COP29-un prezidenti Muxtar Babayev deyib.

O vurğulayıb ki, Azərbaycan “milli inkişaf planının mərkəzinə iqlim tədbirlərini qoyacaq”.

COP29-un keçirilməsi üçün Bakı Olimpiya Stadionu seçilib, COP29 Əməliyyat Şirkətinin rəsmisi Nərmin Carçalova aprelin 15-də keçirdiyi mətbuat konfransında deyib. O, "iştirakçı sayına və miqyasına" görə COP29-u Azərbaycanın indiyədək ev sahibliyi etdiyi “ən böyük tədbir” adlandırıb, Azərtac yazıb.

COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur.

5. Azərbaycanın “yaşıl vədləri” nədir?

Rəsmi məlumata görə, ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28 tədbirində iştirak edənlərin sayı 100 minə yaxın olub.

Azərbaycan Prezidenti İlham Əliyev də hökümətin COP29-la bağlı keçirdiyi ilk iclasda deyib ki, Bakı iki həftə ərzində təqribən 70-80 min xarici qonağı qarşılayacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

İqtisadiyyat Nazirliyi elan edib ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezidentin bu sərəncamı bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.

Nazirliyin məlumatına görə, Azərbaycanın neft-qaz şirkəti olan “SOCAR-ın Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür”.

Azərtacın məlumatına görə, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Ölkə 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək niyyətində olduğunu elan edib.

Azərbaycanda bərpa olunan enerjidə aparıcı olan elektrik enerjisidir və bu, ümumi gücün 20,3 faizini təşkil edir.

"Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur", - Azərtac yazıb.
6. COP-un xərcini kim çəkir?
COP tədbirinə ev sahibliyi edən ölkədəki maliyyə yükü bir neçə amildən asılı olaraq çox dəyişə bilər.

Adətən ev sahibi ölkənin çəkdiyi xərclər birbaşa və dolayı xərclərə bölünür.

Birbaşa xərclərə məkan və infrastruktur - konfrans obyektləri və ya onların inşası, nümayəndələr üçün maddi-texniki dəstəyin təmin edilməsi, nəqliyyat, təhlükəsizlik, tullantıların idarə edilməsi və sairə daxildir. Bunlar yüz milyonlarla dollara çatan əhəmiyyətli xərclər ola bilər.

Bundan başqa, minlərlə nümayəndəni, müşahidəçini və media təmsilçilərini yerləşdirmək tələb olunur.

İnzibati və kadr xərclərinə isə işçilərin əmək haqqı, rabitə avadanlığı və digər əməliyyat xərcləri daxildir.

Dolayı xərclərə isə artan təhlükəsizlik tədbirləri və izdihamın idarə edilməsi və antiterror tədbirləri üçün infrastruktura potensial investisiyalar daxildir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) ev sahibi ölkələrə bəzi əsas xərcləri ödəməyə kömək etmək üçün məhdud miqdarda maliyyə dəstəyi verir.

Ev sahibi ölkə adətən xərclərin əhəmiyyətli hissəsini öz resurslarından ödəyir.

Özəl şirkətlər, QHT-lər və beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində onlardan tərəfdaşlıqlar və sponsorluqlar üçün vəsait və resurs cəlb edilə bilər.

COP tədbirinə ev sahibliyi etmək potensial olaraq investisiyaları cəlb edə və uzunmüddətli perspektivdə turizmi artıra bilər.

Məsələn 2021-ci ildə Britaniyanın Glasgow şəhərində keçirilən COP26 konfransı üçün Böyük Britaniya hökuməti ümumi xərclərin təqribən 400 milyon ABŞ dollar olacağını təxmin edib və vəsaitlərin böyük hissəsini milli büdcədən xərcləyib.

2022-də Misirdə, Şarm Əl-Şeyxdə keçirilən COP27-də Misir beynəlxalq tərəfdaşlardan əhəmiyyətli maliyyə dəstəyi alıb, lakin dəqiq xərc rəqəmi hələ də ictimaiyyətə açıqlanmayıb.

Nəhayət, ev sahibi ölkənin COP tədbirinə xərclədiyi pulun dəqiq məbləğini müxtəlif şərtlər və maliyyə şəffaflığı səbəbindən dəqiq müəyyən etmək çətindir.

Azərbaycanın COP29 tədbirinə nə qədər vəsait xərcləyəcəyi hələ ki, məlum deyil.

Bununla belə, əminliklə söyləmək olar ki, COP-a ev sahibliyi etmək hər bir ölkə üçün böyük maliyyə öhdəliyi ola bilər, lakin o, həm də beynəlxalq əməkdaşlıq, investisiya və iqlim liderliyini nümayiş etdirmək baxımından potensial faydalar gətirə bilər.
7. COP29-a rəhbərlik necə olacaq?
Prezident İlham Əliyevin sərəncamı ilə beynəlxalq təcrübə nəzərə alınaraq ölkənin Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ölkədə keçiriləcək COP29 tədbirinin prezidenti təyin edilib.

Artıq ikinci ildir ki, neft sənayesində böyük təcrübəsi olan bir nazir qlobal iqlim dəyişikliyi danışıqlarına rəhbərlik edəcək.

Cənab Babayev 26 il SOCAR-da - Azərbaycanın dövlət neft şirkətində işləyib, 2018-ci ətraf mühit naziri təyin olunub.

Cənab Babayevin iqlim dəyişikliyi diplomatları arasında profili yüksək deyil - o tanınan fiqur deyil, BBC-nin ətraf mühit müxbiri Matt McGrath yazır.

Muxtar Babayevin neft sənayesi mütəxəssisi keçmişi də ətraf mühitlə bağlı tədbirə lider seçilməsi bəzi narazılıqlar yaradıb.

COP29 gərgin keçə bilər

COP29-un məşhur qonaqları kimlərdir?

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da yerli televiziyalara verdiyi müsahibəsində Muxtar Babayevə qarşı olan ittihamları əsassız sayıb: "Bu, nə deməkdir? Mən də 9 il neft şirkətində işləmişəm, sonra? Bu adam neft şirkətində ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. Ondan sonra altı ildir ki, ekologiya naziri işləyir", - o bildirib.

İlham Əliyev hesab edir ki, əslində belə tədbirlərin neft-qaz hasil edən və neft-qaz keçmişi olan ölkələrdə keçirilməsi daha önəmlidir.

"Bu onun göstəricisidir ki, biz istəyirik, öz vəsaitimizi bu sahəyə ayıraq ki, həm ölkələrimizdə, necə deyərlər, yaşıl enerji inkişaf etsin, həm dünyaya töhfə verək", - Azərbaycan Prezidenti deyib.

Bundan əvvəl COP28 Birləşmiş Ərəb Əmirliklərində keçirilib və tədbirin prezidenti Sultan əl-Caber də neft sənayesindən gəlmiş tərcübəli mütəxəssis olub.

O, COP28-i idarə edərkən, həm də Əbu-Dabi milli neft şirkətinin rəhbəri olaraq işinə davam edib. Onun da neft sənayesindən gəlməsi və ətraf mühitlə bağlı dünyadakı ən böyük tədbirə rəhbərlik etməsi dünyanın müxtəlif ölkələrində etirazlarla qarşılanmışdı.

8. Kimlər COP tədbirlərinə qatıla bilər?

Şəklin alt yazısı,12 yaşlı hindistanlı iqlim fəalı Licypriya Kangujam Dubayda COP28-də səhnədə etiraz edərək əlində "Qalıq yanacağa son verin, planetimizi və gələcəyimizi xilas edin" şüarı yazılan plakat qaldırıb və təhlükəsizlik işçiləri tərəfindən səhnədən uzaqlaşdırılıb
Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan bütün 199 ölkənin nümayəndə heyətləri iştirak edə bilər.

İctimaiyyət konfransda şəxsən iştirak edə bilməsə də, mavi zonadakı bir çox tədbirlər, məsələn, qurumların plenar iclasları, dövlət başçıları ilə yüksək səviyyəli seqment, bir çox mətbuat konfransları və başqa tədbirlər ictimaiyyət üçün canlı yayımlanacaq.

BMT-nin əlaqəli kanalları və COP TV ictimaiyyət üçün konfransı izləmək və maraqlı müsahibələri və çıxışları izləmək imkanı verir.

9. COP28-ə hansı tanınmış şəxslər qatılıb?

Dubayda keçirilən COP28-ə ABŞ Prezidenti Joe Biden səbəb göstərmədən qatılmayıb, amma tədbirə Böyük Britaniya Kralı III Charles və başqa dünya liderləri və siyasətçiləri qatılıb.

Onlar arasında BMT-nin Baş Katibi Antonio Quterres, ABŞ Prezidentinin İqlim üzrə Xüsusi Elçisi, Jon Kerri, Hindistanın Baş Naziri Narendra Modi, Fransa Prezidenti Emmanuel Makron olub.

Tədbirə həmçinin ABŞ vitse-prezidenti Kamala Harris, Bill və Melinda Qeyts Fondunun həmsədri Bill Geyts, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Almaniya kansleri Olaf Şolz qatılıb.

Bundan başqa, məşhur aktyor Leonardo DiCaprio, Cənubi Koreyalı aktyor Yeo Jin-goo, aktrisa Jane Fonda kimi tanınmış şəxslər gəlib.

10. Azərbaycanda etirazlar olacaqmı?

COP tədbirləri zamanı dünyanın müxtəlif ölkələrindən gələn ətraf mühit fəalları ətraf mühitin qorunması və fərqli mövzularda etiraz aksiyaları təşkil edirlər.

Dünyada bir çox eko fəallar belə tədbirlərə qatılır və onların COP29-da Bakıya gəlməsi də istisna deyil.

Dubaydakı COP28 müddətində tədbirlər keçirilən ərazilərdən birində etiraz aksiyalarının keçirilməsinə dövlət icazə verib, amma çoxlu ekoloji fəallar Dubaydakı tədbirdə etiraz aksiyalarına tətbiq edilən məhdudiyyətlərdən şikayətləniblər.

Etiraz edən fərdlər və qruplar müxtəlif mövzulu plakatlar, şüarlar, aksiyalarla etiraz edir və diqqəti ətraf mühitin qorunmasına çəkməyə çalışırlar.

Azərbaycanda müxalifətin və fəalların təşkil etdiyi etiraz aksiyaları bir qayda olaraq polis tərədindən "icazəsiz" olduğu deyilərək dağıdılıb.

Bundan başqa, ötən il Gədəbəyin Söyüdlü kəndində ətraf mühitlə bağlı aksiyanı polis dağıdıb, etirazlara qatılan bəzi kənd sakinlərini həbs etmişdi.

Bundan əvvəl də Azərbaycanın Saatlı bölgəsində su tələbi ilə aksiya edən kənd sakinlərinə qarşı polis rezin güllə tətbiq etmişdi.

Ancaq son iki dəfə feminist fəalların şəhər mərkəzində keçirdikləri etiraz aksiyasını polis dağıtmayıb.

Azərbaycan rəsmiləri hər zaman bəyan edirlər ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.