"Biz nə tövr iş görürük"... - Dövlət himnini oxumağa məcburuqmu?

25-07-2024, 18:00           
"Biz nə tövr iş görürük"... - Dövlət himnini oxumağa məcburuqmu?
Jurnalist həmkarımız Elmir Muradov öz feysbuk statusunda bir məsələyə toxunub. Yazıb: "Tədbirdəyəm, himn səslənir, heç kim oxumur. Kameranı görən kimi isə dərhal oxumağa başlayırlar. Ölkədə hər şey göstərməlikdir".
Bu üç cümləlik statusda maraqlı, kiçik görünsə də, əslində çox mühüm nüansa toxunulub. Mən də məsləkdaşımın statusuna belə bir şərh yazdım: "Mən şəxsən himni heç vaxt oxumuram."Azərbaycan Respublikasının dövlət himnindən istifadə qaydaları haqqında" qanuna görə, himn səslənərkən vətəndaş onu farağat vəziyyətdə dinləməli və ya mətnə uyğun oxumalıdır. "Və" deyil, "və ya". Qanun seçim haqqı verib. Mən də bu möhtəşəm musiqini dinləməyi seçmişəm. O kameradan qorxub oxumağa başlayanlar bu qanundan xəbərsizdirlər. Himni oxumursansa, bu, o demək deyil ki, hörmət etmirsən. Farağat vəziyyət alıb dinlədinsə, bitincə alqışladınsa, bu da hörmətdir. Kim də oxuyursa, bu da hörmətdir. ...Yəni oxumaq da, dinləmək də hörmətdir. Oxumağı və ya dinləməyi imitasiya etmək isə hörmətsizlikdir. Ancaq himn oxunarkən, dinləməyib yanındakı ilə söhbət edən, ziyafət süfrəsindəki yeməklərdən yeyən, yaxud başını, qulağını... qaşıyan varsa, bu, artıq hörmətsizliyin kvadratı, kubudur. Ən birinci də şəxsin özünə hörmətsizliyidir. Bir də musiqini və/və ya mətni təhrif edərək oxuyanlar da olur. Heç oxumasalar, ondan yaxşıdır".

Həmkarım da bu şərhlərlə razılaşır. Elmir Muradov tamamilə haqlıdır: dəfələrlə özüm də belə halların şahidi olmuşam. Himn səslənəndə, yaxud şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən, ortada masadan-masaya, cərgələr arasında boş-boş dolaşanlar, "tüstüləməyə" çıxanlar, ucadan danışıb-gülənlər, eləcə də, səsini qısmadığı telefona gələn zəngi bağıra-bağır cavablandıranlar, danışıb bitirənə yaxın isə xala, "xətrin qalnasın" modunda ətrafa göz gəzdirib irişərək: "Tədbirdəyəm, çıxanda zəng edərəm, ətraflı danışarıq" deyənlər də çox olur. Əslində fikir vermişəm, o cür adamlar yüksək rəsmi tədbirlərdə, ziyafətlərdə həmişə var, hətta ən yuxarı başda olurlar. Bu da başqa bir müəmmadır.

Rəsmi tədbirlərin, ziyafətlərin bir protokolu var. Yazılmış, ya yazılmamış. Əgər təşkilatçı səni hörmətlə dəvət edibsə, sən də dəvətə, ən əsası da, vətəndaşı olduğun dövlətə hörmətlə yanaşmalısan; səhnəyə bayraq gələ bilər, sayğı göstərməlisən, himn səslənər, farağat durub dinləməlisən.

Bir dəfə bir rəsmi toplantıda prezident salona daxil oldu. Hamı ayağa qalxdı. Məndən qabaqdakı sırada oturan bir müxalif jurnalist isə yerindən tərpənmədi. Toplantıdan çıxanda mənə yaxınlaşıb, çoxmənalı siyasi təbəssümlə dedi: "Mən ayağa qalxmadım".

O vaxt ona da dedim, burda da yazıram: dövlətin başçısı da dövlətin rəmzidir. Sən hakimiyyətin siyasəti ilə razı olsan da, olmasan da, onu tənqid etsən də, etməsən də, dövlətin rəmzi olaraq, prezidentə sayğı göstərməlisən. O, sadəcə, bir fərd, bir şəxs deyil, dövlətin başçısıdır; dövləti təmsil edir. Sayğı göstərmək şərtdir. Bu yanaşma dövlətin başqa rəmzlərinə də aiddir. Eləcə də, şəhidlər bizim milli-mənəvi simvollarımızdır.

Özünü dövlətçi, millətçi adlandırıb, türkçülüyün, ülküçülüyün, nə bilim, Turançılığın çörəyini yeyən, Adriatik dənizindən Sakit okeana qədər ərazidən Türk dünyası deyə fayda əmən xeyli adam var ki, dövlətin, millətin rəmzlərinə qarşı sayğıda qüsurları olur. Sayğını imitasiya edənlər isə bir başqa başlıq!

Dediyim kimi, sayğını imitasiya etmək də elə sayğısızlıqdır. Bayrağı tərs asanlar, gerbi tərsdən taxanlar, himn mətninin qol-qıçını qıranlar, melodiyasını xaric notlarda zarıyanlar bunu heç etməsələr daha yaxşıdır. Hələ himnin musiqisinin müşaiyəti ilə ağzını yalandan açıb-yumanlar, səssiz-səmirsiz dodaqlarını tərpədənlər, sizə deyirəm. Nə məcburdur?! Heç kim sizi himni oxumağa məcbur etmir axı. Açın, qanunu oxuyun, heç olmasa. Özünüzə də hörmətsizlik edirsiniz, öz dövlətinizə də. Qıraqdan çox bərbad görünürsünüz. Həm də gülünc...

Təkrar edirəm: himni oxumağa məcbur deyilsiniz, farağat vəziyyət alıb, axıra qədər dinləyin, bəs edər. Rahat olun, rahat!

Bahəddin Həzi, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.