HƏMAS liderini İran daxilində satanlar kimlərdir? – ŞƏRH

1-08-2024, 11:00           
HƏMAS liderini İran daxilində satanlar kimlərdir? – ŞƏRH
İsmayıl Haniyənin öldürülməsi Həmasın siyasi qanadının sıradan çıxarılması mərhələsinin başlanması deməkdir. Əsas hədəfi Həması yox etmək olan İsrail Qəzzada tamamilə buna nail ola bilməz: qruplaşmanın hərbi qanadı üzərində uğur qazansa belə, Həmas məsələsini bitirmək üçün onun siyasi rəhbərliyi də aradan qaldırılmalıdır.

Tribunainfo.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı yazıb. O bildirib ki, Haniyənin ölümünə qədər bu çətin görünürdü. Çünki Qəzzadan kənarda olan Həmasın siyasi rəhbərliyi Qətərdə mənzillənmişdi və kifayət qədər yaxşı qorunurdu:

“Haniyə Qətəri tərk etdikdən sonra – Tehranda öldürüldü və bu amil birdən çox açıq sual yaradır:

– Haniyənin İranda təhlükəsizliyi təmin edilməyibmi?
– Onu İran daxilində satanlar ola bilərdimi?
– Həmas lideri niyə İran prezidentinin inaqurasiya mərasimində hədəf seçildi?

Haniyənin Pezeşkianın inaqurasiyası zamanı öldürülməsinin İran-Qərb təmaslarını baltalamaq məqsədi daşıdığı versiyası real görünür, xüsusilə Tehranın nüvə danışıqlarına başlamaq istəyi fonunda. Və bu, İsrailin marağındadır. Hərçənd, Haniyənin Qətərdə yox, məhz İranda açıq hədəf olmasının da burada rol oynadığı istisna edilməməlidir. Bunun iki mümkün səbəbi ola bilər.

Birincisi, İsrailin İranda daha geniş casus şəbəkəsi mövcuddur: indiyə qədər həyata keçirdikləri əməliyyatlar da bunu deməyə səas verir;
İkincisi, Haniyəni İsrailə İranın özü, yaxud rejim daxilindəki qüvvələr qurban verib”.

Ekspert bildirib ki, Həmas liderinin İranda, məhz prezidentin inaqurasiya mərasimində iştirak məqsədilə səfəri zamanı öldürülməsi bu ölkənin təhlükəsizlik imicini alt-üst edir:

“Həm də Pezeşkianı daha sərt siyasi xətt izləməyə məcbur edəcək. Bu baxımdan, Haniyənin ölümündə İranın əlinin olmadığı fikri ön plana çıxa bilər. Lakin bu, şübhələri aradan qaldırmır.

1. Pezeşkianın Qərblə normallaşma siyasətinə təkcə İsrail yox, İran daxilindəki qüvvələr də “isti yanaşmır”: Haniyəni qurban verənlərin daxili qüvvələr olması da istisna edilməməlidir;
2. Qəzza müharibəsinin başlanmasına zəmin yaradan Həmasın “7 oktyabr” hücumunun İran tərəfindən təşviq edildiyi ehtimalları kifayət qədərdir (bu haqda daha öncə yazmışıq): bu hücum İsrailə Qəzzanı bombalamağa – Həmasın hərbi qanadını məhv etməyə imkan yaratdı; “indi siyasi qanadın sıradan çıxarılmasında İran İsrailə yenidən “pas ötürür?” sualı önə çıxır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.