Böyük revanş necə başladı?
14-08-2024, 00:11
25 il əvvəl bu günlərdə heç kim bu qədər sürəcəyinə inanmırdı...
25 il əvvəl, 1999-cu il avqustun 9-da Rusiya prezidenti Boris Yeltsin televiziya ilə xalqa müraciət etdi. O, əvvəlcə xəbər verdi ki, Dövlət dumasına seçkilərin dekabrın 19-da keçirilməsi ilə bağlı fərman imzalayıb, sonra da prezident postunda öz varisi kimi gördüyü yeni baş naziri təqdim etdi.
Prezidentin fəaliyyəti və təklif olunan varisinin şansı ilə bağlı o zaman səsləndirilən dəyərləndirmələr xeyli bədbin idi.
Proqnozlar arasında isə biri, ən doğrusu yox idi: bütün bunlar 25 il davam edəcək.
“Bir ildən sonra prezident seçkiləri olacaq, - Yeltsin vətəndaşlara xitab etdi. - İndi mən cəmiyyəti konsolidasiya edə biləcək adamın adını çəkməyi qərara aldım. O, ən geniş siyasi qüvvələrə söykənərək Rusiyada islahatların davamını təmin edəcək. Böyük Rusiyanı XXI əsrdə yeniləyəcək şəxsləri ətrafında birləşdirə biləcək. O - Təhlükəsizlik şurasının katibi, FSB-nin direktoru Vladimir Vladimiroviç Putindir. Mən ona inanıram. İstəyirəm ki, 2000-ci ilin iyulunda seçki mətəqələrinə gələcək və öz seçimini edəcək adamalr da inansın”.
Prezident dedi ki, Putini yaxşı tanıyır, “çoxdan, Putin hələ Sankt-Peterburqda birinci vitse-mer işləyərkən onu diqqətlə” izləyib, son illər isə onunla çiyin-çiyinə işləyir, bu zaman o, “bütün vəzifələrdə inam və qətiyyətlə işləyib, yaxşı nəticələrə nail olub”.
Xatırlatmaqda fayda var ki, o zaman Yeltsin klanının hakimiyyəti saxlamaq şansları cüzi görünürdü.
Hökumət səbatsızlığı, ilyarım ərzində bir-birini dəyişən dörd baş nazir - Viktor Çernomırdin, Sergey Kiriyenko, Yevgeni Primakov, Sergey Stepaşin (həmin vaxt heç üç ay deyildi ki, hökumət başçısı işləyirdi).
O zaman siyasi elitada dominant əhval ondan ibarət idi ki, getdikcə sürət yığan “Primakov-Lujkov” ekspresini (tezliklə seçki blokunda birləşəcək “Vətən” və “Bütün Rusiya” hərəkatları) durdurmaq daha mümkün deyil. Primakov prezident, Lujkov isə baş nazir olacaq, zəhlələri getdiyi Yeltsin ətrafını və “Ailə”ni isə həsəd aparılmayacaq gələcək gözləyir.
Varisin anons edilməsindən iki gün əvvəl də Basayev və Xəttabın yaraqlıları Dağıstana soxulurlar.
Belə vəziyyətdə Yeltsin nəinki daha bir dəfə baş naziri dəyişir, həm də varisini elan edir. O vaxta qədər Peterburqda Anatoli Sobçakla işləməsi ilə tanınan, merin 1996-cı il seçkilərində məğlubiyyətindən sonra Smolnını tərk etməyə məcbur qalan, prezident adminsitrasiyasında və FSB-də işləyən birisi. Özü də seçkilərdə heç iştirak etməyən, siyasi səhnənin tanınmış personajlarından fərqli olaraq, publik siyasətdə özünü göstərməyən və geniş kütlələrin tanımadığı birisi.
Hə, Stepaşinə iradlar var - onu “çox yumşaq” hesab edirlər, halbuki “daxili siyasətin sərtləşməsi”, həm də çeçen yaraqlılarla daha qətiyyətli mübarizə zəruridir. Amma eyni zamanda qeyd edirlər ki, Stepaşin hökuməti rublun çökməsinə imkan vermədi, İMF, Dünya bankı və Paris kreditorlar klubu ilə razılıq əldə edərək yeni defolt təhlükəsini uzaqlaşdıra bilib.
Varis namizədinə gəlincə, Yeltsinin qərarı bütün tərəflərdən - sağdan da, soldan da - ciddi tənqid olunur. Yeganə istisna - daim özünü müxalifət adlandıran, amma bütün həlledici anlarda hökuməti dəstəkləyən LDPR-dir.
“Büsbütün ağılsızlıq” - kommunistlərin lideri Gennadi Züqanov Yeltsinin qərarını belə şərh edir. Axı “baş nazirlər əlcək kimi dəyişiləcəksə, kim onları ciddi qəbul edəcək?”. O deyir ki, hökumətin istefası “rejimin 100 faizlik aqoniyası”nı nümayiş etdirir. Deyir, “Putin və Stepaşin eyni komandadandırlar, aralarında prinsipial fərq yoxdur”. Sonra da bildirir ki, Konstitusiyaya prezidentin səlahiyyətlərini məhdudlaşdıracaq dəyişiklər təklif edəcək.
Züqanovun həmkarı, Dumanın spikeri Gennadi Seleznyov deyir ki, “Yeltsin birini öz varisi elan edirsə, deməli, onun siyasi gələcəyi üzərindən xətt çəkir. Dəfələrlə belə olub”.
Dmitri Roqozin və Sergey Qlazyevin “Rusiya icmaları konqressi” bildirir ki, “Stepaşinin istefası ilk növbədə ABŞ və NATO-ya sərf edir”, prezident və administrasiyası “Rusiya vətəndaşlarının maraqlarına heç məhəl qoymur”.
Yevgeni Primakovun “Vətən”i isə təsbit edir ki, “Kremlin hərəkətlərinə məna vermək və onları proqnozlaşdırmaq mümkün deyil” və bu hərəkətlər “siyasi problemləri zorakı metodlarla həll etmək meylinin indikatorudur”.
Digər cinahdan səslənən tənqid də heç az deyildi.
“Rusiyanın demokratik seçimi”nin lideri Yeqor Qaydar Putini prezident kimi görüb-görməməsi haqda suala “bunu təsəvvür etmək hələ ki, çətindir” cavabını verir. Həm də deyir ki, “Putini prezident administrasiyasının rəhbərinin müavini kimi tanıyır, orada effektli idi, amma bizdə prezidentləri təyin etmirlər. Elə indi baş verənlər də prezident kampaniyası üçün ən uğurlu start deyil”.
Qaydarın silahdaşı Sergey Yuşşenkov isə deyir ki, “prezidentin varis haqqında dediklərini Putini siyasi cəhətdən məhv etmək cəhdi kimi anlamaq lazımdır” və “bu bəyanatı prezidentin güclü gedişi kimi qiymətləndirmək çətindir”.
“İnsanlar öz işini yerinə yetirməyə qadir olmayan xəstə lider görməkdən yorulub”, - Boris Nemtsov radio çıxışında deyir. Digər çıxışında isə əlavə edir: “Belə görünür, Yeltsin ölkədəki siyasi vəziyyəti hiss etmir, sadəcə qeyri-adekvatdır və təəccüblüdür ki, ətrafında heç kim bunu ona izah edə bilmir”.
Putinə gəlincə, Nemtsovun sözlərinə görə, “bütün müsbət xarakteristikasına baxmayaraq, siyasi prosesə heç bir aidiyyatı yoxdur”. Hələ əlavə də edir: “bir vaxt mən də varis adlandırılmışdım, buna müəyyən yumor və istehza ilə yanaşmaq gərəkir”.
Anatoli Çubays Stepaşinin istefasının əleyhinədir, amma bunun qarşısını almaq üçün Yeltsinin qəbuluna düşə bilmir. Bildirir ki, Yeltsin “çox ağır siyasi nəticələr doğura biləcək riskli addım atıb”.
Sergey Kiriyenkonun rəhbərlik etdiyi “Yeni qüvvə” bildirir ki, “hakimiyyət ölkəyə nəzarəti faktiki itirir” və “vətəndaşların mülkiyyəti və azadlığı təhlükə altındadır”.
Prezidentin qərarı ilə bağlı ehtiyatlı nikbinlik göstərən siyasətçilər də tapılır, amma onların sayı lap azdır.
Keçmiş baş nazir Viktor Çernomırdin deyir ki, Putinin prezident olmaq şansı var, amma “bu, onun baş nazir postunda qalıb-qalmamasından və başçılıq etdiyi hökumətin iqtisadi siyasətindən asılıdır”.
Novqorod vilayətinin qubernatoru Mixail Prusak: “Mən ölkənin iqtisadiyyatını gerçəkdən inkişaf etdirən, Qafqazdakı problemləri həll edən adamı prezident görürəm. Putin bunu bacararsa, niyə prezident olmasın?”.
Nəhayət, Leninqrad vilayətinin qubernatoru Valeri Serdyukov: “Putin dövlət adamıdır, onda iradə, enerji, qətiyyətli addımlar bacarığı hiss olunur, düşünürəm ki, onun dövründə ölkədə qayda-qanun olacaq”.
Sonralar nə baş verdi - yaxşı məlumdur.
1999-cu il avqustun 16-da Putin birinci cəhddən baş nazir təsdiq olunur (deputatların bir hissəsi ehtimal edir ki, o, növbəti “texniki” baş nazirdir və kimin olacağı mühüm deyil).
Sentyabrın 4-də Buynakskda yaşayış evinin yanında partlayış baş verir, sentyabrın 9-da Moskvada Quryanov küçəsində yaşayış binası partladılır.
İkinci çeçen müharibəsi başlayır.
Dövlət dumasına seçkilər öncəsi hadisələrin iştirakçıları müxtəlif səmtlərə ayrıldılar.
Sergey Stepaşin “Yabloko”nun seçki siyahısının ilk üçlüyündə yer alacaq. Qriqori Yavlinskinin rəhbərlik etdiyi bu təşkilat Çeçenistanda hərbi əməliyyatların dayandırılmasını tələb edəcək.
Sergey Kiriyenko, Anatoli Çubays və Boris Nemtsov başqa tərəfdə olacaqlar: onların rəhbərlik etdiyi “Sağ qüvvələr birliyi” Duma seçkilərinə “Putin prezidentliyə, Kiriyenko Dumaya” şüarı ilə gedəcək (Nemtsov öz xatirələrində yazır ki, təşkilatın beş rəhbərindən özü və İrina Hakamada Putini dəstəkləməyin əleyhinə, Sergey Kiriyenko, Boris Çubays və Yeqor Qaydar lehinə olublar - Press klub).
Çubays deyəcək ki, Çeçenistanda “Rusiya ordusunun dirçəlişi” baş verir və Yavlinski ilə məşhur teledebatlara çıxacaq.
Sergey Şoyqu, Aleksandr Karelin və Aleksandr Qurovun rəhbərlik etdiyi “Birlik” bloku Putinin dayağı olacaq və Duma seçkilərində vəziyyəti ciddi dəyişəcək.
1999-cu il dekabrın 31-də Yeltsin istefaya gedəcək və prezident səlahiyyətlərini Putinə ötürəcək. Bundan sonra Primakov, Lujkov və əvvəlki “üsyankar” qubernatorlar Putinə biyət edəcək, Dumadakı “Vətən - Bütün Rusiya” bloku isə yetərincə hökumətyönümlü olacaq.
2000-ci il martın 26-da Putin prezident seçkilərini udacaq və mayın 7-də and içəcək.
...1996-cı ilin yayında Boris Yeltsini hakimiyyətdə təkcə “inzibati resurs”la deyil, həm də cəmiyyəti uydurma “revanş” perspektivi ilə qorxutmaqla saxladılar.
Üç ildən sonra real revanş üçün şəraiti Yeltsin özü yaratdı.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: https://novayagazeta.ru/articles/2024/08/09/revansh-pervye-dni
pressklub