“Sənəd vermir ki, marketdə ürəyimiz rahat olsun” - Qida bazarında boşluq var...
28-08-2024, 18:22
Əhalinin almaq istədiyi məhsulun tərkibini yoxlatmaq üçün ölkədə laboratoriya varmı?
Vətəndaşlar müxtəlif məhsullar almaq üçün onun keyfiyyətinə əmin olmaq istəyirlər. Çünki bu gün satışda saxta məhsullar var. Məsələn, ekspertlər yağların tərkibinin normalara cavab verməməsi ilə bağlı dəfələrlə məlumat veriblər. Beləliklə, həmin məhsulun keyfiyyəti ilə bağlı laboratoriyada yoxlanılması əsas şərtdir. Bu gün ölkədə məhsulların tərkibi əsasən AQTA laboratoriyalarında yoxlanılsa da, bu, əhalini o qədər də razı salmır.
Məhsulların tərkibinin yoxlanılması üçün başqa laboratoriyalar fəaliyyət göstərirmi, vətəndaşlar bunun üçün hara müraciət etməlidirlər?
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, saxta mal anlayışı partiya mala aiddir:
“Müəyyən partiya mal, məsələn, filan tarixdən filan tarixə qədər buraxılır. Demək olmaz ki, bir fabrik daim saxta mal buraxır. Belə hal olmur. Ölkədə məhsulun tərkibini yoxlatdırmaq üçün çoxsaylı laboratoriyalar var. Lakin bütün bu laboratoriyaların verdiyi sənəd məhkəmələrdə keçərli deyil. Çox təəssüf ki, bu sənədlərin hüquqi qüvvəsi yoxdur. Sadəcə olaraq istehlakçılar məlumat əldə etmək üçün həmin laboratoriyalarda müəyyən parametrləri yoxlatdıra bilərlər”.
O bildirib ki, AQTA-nın istehlakçılara verdiyi cavab Azad İstehlakçılar Birliyini təmin etmir:
“Mən 3 il bundan öncə AQTA-ya bir neçə mal verdim və yoxlatdırmaq istədim. Xahiş etdim ki, birmənalı şəkildə yazın, bu, məsələn, qaymaqdır, yoxsa qaymaq deyil. Ancaq onlar müxtəlif turşuların miqdarını yazırlar. Mən yekun nəticə tələb etsəm də deyirlər ki, bunu kimyaçıdan soruşun. Ona görə də mən AQTA-nın apardığı analizlərdən razı deyiləm.
Yəni AQTA bütün sənaye üsulu ilə hazırlanan mallara “ok” sənədi verir.
Ona görə də onlara sənaye üsulu ilə hazırlanan mal verdikdə ekspertizaya şübhə ilə yanaşırlar və orada pis amil olsa belə, onu tapmaq istəmirlər.
Çünki müvafiq sənəd veriblər. Ona görə də malların keyfiyyətini yoxlayan orqanla malların istehsalına icazə verən orqan ayrı olmalıdır. Yəni sertifikat verən orqanla yoxlayan orqan ayrı olmalıdır. İndi sertifikat anlayışı da yoxdur. AQTA bir sənəd vermir ki, biz marketdə o sənədə baxanda ürəyimiz rahat olsun. Sadəcə olaraq istehsalçını reyestirə daxil edir və icazə verir ki, istehsalla məşğul olsun. İstehlakçının baxması üçün isə sənəd də yoxdur. Bu anormal vəziyyət düzəlməlidir”.