Putin rus milli kimliyini yer üzündən silməklə məşğuldur
Bu gün, 00:01

Ukrayna savaşı bir zamanlar etnik rusların ən çox cəmləşdikləri ərazilərdə gedir. Başqa sözlə, bu gün yerlə yeksan olan ərazilər əslində Rusiyanın Ukraynadakı yumşaq gücünün yerləşdiyi məkanlar idi. Və həmin məkamlar Rusiyanın dərin strateji ağıldan yoxsul Putin tərəfindən yer üzündən silinir, rus əhali yurd-yuvalarından didərgin salınır. Bu isə Ukraynada rus kimliyinin tamamilə yox edilməsi deməkdir.
Rusiya indi də Baltikyanı ölkələrdə savaşa hazırlaşır. Daha doğrusu, NATO onu məhz bu ərazilərdə döyüşə cəlb etmək istəyir. Görünür, bu səbəblə də Estoniyanın Pyarnu şəhəri NATO-nun Almaniya-Hollandiya korpusunu yerləşdirilməsi nəzərdə tutulan ən uyğun məkan olaraq seçilib. NATO-nun bu hərbi yerləşdirməsindən sonra böyük ehtimalla, Baltikyanı məkanda Rusiyanın potensial hücumu Estoniyaya qarşı olacaq.
Bəs, Estoniyanın hansı bölgələrinə?
Bu suala cavab tapmaq üçün Estoniyasının xəritəsinə ötəri bir nəzər salmaq kifayətdir. Xəritədən də göründüyü kimi, Estoniyanın Rusiya sərhədinin böyük hissəsini Peypus gölü tutur. Hücum üçün ən əlverişli sahə Estoniyanın şimal-şərq hissəsi qalır. Orda isə Narva şəhəri yerləşir. Vaxtilə əhalisinin böyük qismi rus etniklərindən təşəkkül tapan bu şəhərdə indi də xeyli sayda rus yaşayır. Statistik məlumatlara görə, şəhər əhalisinin 40%-ə yaxını etnik ruslardan təşəkkül tapır. Bundan əlavə, şəhərin 15%-i digər etnik qrupların təmsilçiləridir. Onları da Moskva rusdilli əhali adlandırıb xəyalən “özününküləşdirib”. Belə çıxır ki, Estoniya ilə cəlb olunması möhtəməl savaşda Rusiya yenə öz “yumşaq gücünü” sıradan çıxarmalı olacaq.
Eyni sözləri Moldava üçün də demək mümkündür. Onların da “qara yarası” rus etniklərindən meydana gələn Dnepryanı ərazilərdən ibarətdir. Hansı ki, həmin ərazidə etnik ruslar öz qondarma respublikalarını elan ediblər.
Bir sözlə, NATO-nun təşviq və “həvəsləndirməsi” ilə Putin müəllim ətraf çevrə ölkələrində öz milli kimliklərini və yumşaq güclərini yer üzündən silməklə məşğul olur.
Heydər Oğuz
TEREF