Eldar Mahmudovun övladlarının Avropada 100 milyon dollardan artıq əmlakı
Bu gün, 00:05

"Böyük Britaniyada Hüquqşünas Azərbaycandakı vəzifəli şəxsin ailəsinə bağlı əmlak alqı-satqısı İlə əlaqədar lazımi diqqət qaydalarını pozduğuna görə cərimələndi.
Böyük Britaniyada bir vəkil, Azərbaycanın sabiq təhlükəsizlik nazirinin övladlarından gələn vəsaitlərlə əlaqəli anti-pul yuyulması qaydalarını pozduğuna görə cəzalandırılıb. Bu vəsaitlər arasında hal-hazırda ofşor struktur vasitəsilə saxlanılan Britaniya əmlakının alınması üçün ayrılmış pul da olub.
Britaniyalı hüquqşünas Rory Fordyce, Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsi ilə bağlı vəsaitləri lazımi qaydada yoxlamadığı üçün 32,500 funt sterlinq (təxminən 42,000 ABŞ dolları) cərimələnib.
Bu qərar Birləşmiş Krallığın Vəkillərin İntizam Tribunalı (SDT) tərəfindən verilib.
Tribunal Fordyci Eldar Mahmudovun 41 yaşlı oğlu Anar Mahmudovla əlaqəli əməliyyatlar zamanı peşə qaydalarını pozmaqda günahkar bilib. Cərimədən əlavə, Fordyce beş il müddətinə hüquq firmasında hər hansı idarəetmə və ya uyğunluq (compliance) vəzifəsi tutmaq hüququndan məhrum edilib və ona 50,000 funt sterlinq (təxminən 64,000 ABŞ dolları) məbləğində hüquqi xərcləri ödəmək göstərişi verilib.
SDT Fordycein sərvət və vəsaitlərin mənbəyini yoxlama səylərini “səthi, parçalanmış və sadəlövh” adlandırıb. Tribunal qeyd edib ki, anti-pul yuyulması qaydalarının pozulması 2013-cü ildən 2015-ci ilin aprel ayınadək olan dövrü əhatə edib və bu müddət ərzində Mahmudovlar ailəsinin iki iri məbləğdə köçürməsi Taylor Fordyce hüquq firmasının müştəri hesabına daxil olub. Həmin vaxt Fordyce bu firmada direktor vəzifəsində çalışırdı.
Bu köçürmələrdən biri — 1.9 milyon funt sterlinqdən (təxminən 2.9 milyon ABŞ dolları) artıq məbləğ — 2015-ci il aprelin 17-də daxil olub və SDT-nin məlumatına görə, “Continental Properties Limited” şirkətinin mülkiyyət alışı üçün olan hesabat dəftərində qeyd edilib. Tribunal konkret hansı əmlakın alındığını açıqlamayıb.
Fordyce, OCCRP-nin (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) sorğularına cavab verməyib, lakin Londondakı Ali Məhkəməyə tribunalın qərarından apellyasiya şikayəti vermək hüququnu saxlayır.
OCCRP-nin araşdırdığı torpaq reyestri sənədlərinə əsasən, St. Kitts və Nevisdə qeydiyyatdan keçmiş Continental Properties şirkəti 2015-ci il mayın 22-də İngiltərənin cənubundakı Newbury şəhərində yerləşən ticarət daşınmaz əmlakını 1.85 milyon funt sterlinqdən (təxminən 2.9 milyon ABŞ dolları) çox məbləğə alıb. Alqı-satqıdan qısa müddət sonra reyestr sənədlərində şirkətin ünvanı “Taylor Fordyce vasitəsilə” kimi göstərilib.
Əmlak bir neçə kommersiya obyektini — o cümlədən Pizza Hut, repetitorluq mərkəzi, məşhur çörək dükanı şəbəkəsi Greggs və Salvation Army (Xilasedici Ordu) ianə mağazasını əhatə edir.
İyul ayının əvvəlinə olan açıq məlumatlara görə, bu daşınmaz əmlak hələ də Continental Properties şirkətinin mülkiyyətində qalır.
Lakin şirkət xaricdəki etibarnamə (trust) vasitəsilə idarə olunduğuna görə, Birləşmiş Krallığın ofşor mülkiyyət reyestrində onun son benefisiar sahibləri göstərilmir. Britaniya qanunvericiliyinə əsasən, etibarnamələr vasitəsilə saxlanılan şirkətlər ictimai açıqlama tələblərindən azaddır, baxmayaraq ki, benefisiar sahiblik məlumatları hökumət orqanlarına təqdim olunmalıdır. Şəffaflıq tərəfdarları xəbərdarlıq edirlər ki, bu istisna hallar mülkiyyətin gizlədilməsi üçün sui-istifadə edilə bilər.
Anar Mahmudovun və ya digər ailə üzvlərinin Continental Properties şirkətinin benefisiar sahibi olub-olmadığı hələ də aydın deyil. OCCRP Mahmudovla əlaqə saxlamağa çalışsa da, məqalə dərc olunanadək cavab ala bilməyib.
SDT-nin məlumatına görə, Fordyce tənzimləyici orqanlara bildirib ki, Continental Properties şirkəti əslində Continental Trust adlı bir etibarnamə tərəfindən idarə olunur və bu trust “Anar Mahmudov tərəfindən yaradılıb”. Fordyce həmçinin deyib ki, Mahmudov “Continental Properties Ltd şirkətində nə direktor, nə səhmdar, nə də benefisiar sahibdir” və həm Mahmudovun, həm də həyat yoldaşının trust-un benefisiarları siyahısından çıxarıldığını bəyan edib.
Lakin tribunal müəyyən edib ki, əmlakın alınmasında istifadə olunan vəsaitlər Anar Mahmudovun bacısı Nərgiz Mahmudovadan qaynaqlanıb.
Tribunal nəticəyə gəlib ki, Fordyce Mahmudovu təmsil edən Britaniya mühasibatlıq şirkətinin — eləcə də Mahmudovun özünün təqdim etdiyi “ziddiyyətli” məlumatlara həddindən artıq güvənib. Qərarda bildirilir: “Cənab Fordyce, əlavə məlumatların tələb olunduğunu bildiyi halda, əməliyyatı tənzimləyici öhdəliklərdən üstün tutub.”
Korrupsiyaya qarşı mübarizə təşkilatı Spotlight on Corruption təşkilatının direktor müavini Dr. Helen Taylor OCCRP-yə elektron məktubunda bildirib ki, bu hadisə “bu vəsaitlərin necə istifadə edildiyinə təcili araşdırma” tələb edir — xüsusilə də, Birləşmiş Krallıqda Azərbaycanla əlaqəli pulların daşınmaz əmlaka yönəldilməsi ilə bağlı ardıcıl qalmaqallar fonunda.
Dr. Taylor əlavə edib: “Bu hadisə, əsas müştərilərin hesabına ayaqda qalan kiçik hüquq firmalarının çətin suallar verməkdən yayınma meylinin necə riskli olduğunu ortaya qoyur.”
2020-ci ildə OCCRP və Finance Uncovered təşkilatları ofşor bankdan sızan sənədlərə əsaslanaraq yayımladıqları araşdırmada Mahmudovlar ailəsinin Avropada ən azı 100 milyon avro dəyərində biznes və daşınmaz əmlak imperiyası qurduğunu ortaya qoymuşdular. Həmin əvvəlki araşdırmada nə Continental Properties, nə də Newbury şəhərindəki əmlak qeyd olunmamışdı.
Anar Mahmudov və Nərgiz Mahmudovanın hüquqşünası daha əvvəl OCCRP-yə bildirmişdi ki, ailənin sərvəti 19-cu əsrdə yaşamış bir əcdaddan qaynaqlanır və bacı-qardaşın “aktivləri və biznes maraqları qanunvericiliyə və tənzimləyici tələblərə uyğun şəkildə qeydiyyatdan keçib və bəyan olunub.”
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi.
P.S.Son illərdə aparılmış araşdırmalarla sübut olunub ki, keçmiş MTN-nin keçmiş rəhbəri Eldar Mahmudov övladları vasitəsilə B.Britaniya,Çexiya,İspaniya,Lüksemburq,Litvada kimi ölkələrdə çoxlu əmlaka sahib olub.
Azadlıq Qəzeti
TEREF