Tələbələrə ictimai nəqliyyatda gedişhaqqında güzəştlərlə bağlı danışıqlar aparılır

29-08-2024, 10:26           
Tələbələrə ictimai nəqliyyatda gedişhaqqında güzəştlərlə bağlı danışıqlar aparılır
Nərgiz Qədirova eyni zamanda bu tədris ilindən tələbələrə endirim imkanı verən "TələbəPlus" kartlarının paylanılacağını söyləyib.
Sputnik. Azərbaycanda ictimai nəqliyyatda tələbələrə gediş haqqında endirimli tariflərin tətbiq edilməsi üçün adiyyatı qurumlarla danışıqlar aparılır. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Təhsilin İnkişaf Fondunun əməkdaşı Nərgiz Qədirova söyləyib.
"Tələbələrə ictimai nəqliyyatda gediş haqqında güzəştlərin tətbiq edilməsi üçün aidiyyatı qurumlarla danışıqlar aparılır. Bunun üçün müvafiq təkliflər verilib, hazırda bu istiqamətdə danışıqlar gedir", - deyə N. Qədirova bildirib.

N.Qədirova eyni zamanda bu tədris ilindən tələbələrə endirim imkanı verən "TələbəPlus" kartlarının paylanılacağını söyləyib. O, bildirib ki, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə "VISA" beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Bu kartlarla tələbələr dərsdənkənar fəaliyyətlər zamanı xüsusi imtiyazlara sahib ola biləcəklər.
QHT rəhbəri bildirib ki, bir müddət öncə Təhsilin İnkişafı Fondu Kapital Bank və "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni "TələbəPlus" kartlarının istifadəyə verilməsi üçün memorandum imzalanıb:
"Kart vasitəsilə tələbələr "VISA"nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər. Əlavə olaraq, layihə çərçivəsində yerli və xarici şirkətlərlə müqavilələrin imzalanması və tələbələr üçün xüsusi güzəştlərin əldə olunması istiqamətində addımlar atılır. Bu imkanlar restoran, kafe, kitab, geyim, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda mövcud olacaq".
Fond rəsmisinin sözlərinə əsasən, "TələbəPlus" kartı eyni anda bir neçə funksiyanı yerinə yetirəcək:
"Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər".

Nərgiz Qədirova qeyd edir ki, tələbələrin işini mümkün olduğu qədər asanlaşdırmaq məqsədilə, BirBank mobil tətbiqində "TələbəPlus" bölməsi yaradılacaq ki, orada bütün endirimlər haqqında məlumat və proqrama qoşulan şirkətlərin siyahısı yer alacaq:
"Sözügedən tələbə kartının digər tələbə kartlarından üstünlüyü ondan ibarətdir ki, kart asanlıqla "Apple Pay" və "Google Pay" elektron cüzdanlarına əlavə edilə biləcək. "TələbəPlus" tələbə kartı itirildiyi zaman ilk olaraq, bankla əlaqə saxlanılmalı, kart dondurmalıdır. Daha sonra tələbə ona yeni kartın verilməsi üçün şəxsiyyət vəsiqəsi ilə təhsil aldığı universitetin mühasibat şöbəsinə yaxınlaşmalıdır".
Bu kartlar ilk növbədə Elm və Təhsil Nazirliyinin nəzdində olan ali təhsil müəssisələrinin birinci kurs tələbələrinə paylanılacaq. Növbəti illərdə təhsilin digər pillələri üzrə təhsil alan, eləcə də ikinci və daha yuxarı kurslarda təhsil alan tələbələrə də bu kartlardan paylanılacaq. Bura həm əyani, həm qiyabi, həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil alan tələbələr daxildir.

O, artıq kartların sifariş verildiyini, hazırlanma prosesinin aparıldığını söyləyib.
"Yüz əlli min kart sifariş olunub. Oktyabrın ortalarında kartların tələbələrə verilməsi nəzərdə tutulur. Layihədə 15 universitet iştirak edəcək. Siyahıya Qarabağ Universitetinin tələbələri də əlavə olunub. Digər universitetlərin isə prosesə qoşulması könüllü xarakter daşıyacaq", - deyə N.Qədirova bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.