Putinin və Zelenskinin qələbə planları.

30-09-2024, 15:44           
Putinin və Zelenskinin qələbə planları.
Putin üçün hakimiyyəti qorumaq naminə müharibədə qələbə lazımdır. Qələbə nədir? Putin üçün qələbə Ukraynanın 5 vilayətini işğal edib, Rusiyaya birləşdirməkdir və bundan sonra bunu Rusiya xalqına qələbə kimi elan etməkdir. Hərbi-analitik mərkəzələr hesab edir ki, əgər sırf zaman və insan resursu amilləri nəzərə alınarsa(yəni siyasi və hərbi-iqtisadi amillər yox, halbuki bu müharibənin taleyini məhz siyasi və hərbi-iqtisadi amillər həll edəcək) qələbə Putinə 5 il vaxta və 2 milyona yaxın öldürülmüş əsgərə başa gələcək. 5 il müddəti sırf nəzəri cəhətdən misal gətirilib, təbii ki, Putin üçün bu fantastik müddətdir və Zelenskinin dediyi kimi "müharibə hər kəsin gözlədiyindən qat-qat tez bitəcək".
Bəs Rusiya iqtisadiyyatı və hərbi-sənaye kompleksi 5 il dözə biləcəkmi? Putin rejimi siyasi risklərin öhdəsindən gələ biləcəkmi? Nəzəri olaraq açıq suallardır, amma heç də açıq deyil, dözməyəcək və Putin bunu bilir. Məhz bildiyinə görə Putin hal-hazırda diplomatiyanı işə salaraq, informasiya müharibəsində fəallaşıb, "sülhpərvər" cildinə girib və öz imperialist maraqlarının təmininə "sülh niyyəti" donunu geyindirib. Putin deyir ki, Ukraynanın, əraziləri geri almaq ehtimalı yoxdur və insanların həyatını qorumaq naminə sülh bağlanmalıdır. Putinin "sülh planı"nın əsas lobbiçiləri: Tramp, Orban və Çindir.
Zelenskinin də qələbə planı var və bu plan Vaşinqtonda təqdim olunub. Qısa olaraq plan budur: daha çox, daha müasir, daha güclü silahlar, daha sərt sanksiyalar, Rusiya ərazisinə zərbələrə istənilən məhdudiyyətlərin aradan qaldırılması, sivil dünyanın Ukraynanın ətrafında daha sıx konsolidasiyası, Ukraynanın NATO-ya yolun qısaldılması və s. Və ən əsası, hərbi baxımdan Rusiyanın tamamilə "dişsiz" vəziyyətə salınması, iqtisadi baxımından isə "qansız"laşdırılması. Mahiyyət budur.
Zelenskinin planı Vaşinqtonda birmənalı müsbət qarşılandı və Bayden dərhal 8 milyard dollar dəyərində hərbi yardım paketi elan etdi(+əlavə Patriot batareyası+ F-16-lar üçün əlavə "hava-hava" raketləri). 8 milyard dollar 20 yanvar 2025-ci ilə qədər yetəcək, ondan sonra Harrisin seçiləcəyi təqdirdə Konqres yeni böyük hərbi yardımı müzakirəyə çıxaracaq.
Başqa sözlərlə, Zelenski Putinin diz çökdüyünə qədər müharibənin davamını təklif edir, demokratlar da onu dəstəkləyir. Rusiya üçün görsənən kimi hər şey yaxşı deyil, yadınızdadır, məlumat yayılmışdır ki, Putin orduya oktyabrın 1-nə qədər Kursk vilayətini azad etməyə əmr verdi. Kursk vilayəti azad olunana oxşayırmı? Məsələ ondadır ki, USQ-nın Rusiya hərbi infrastrukturuna vurduğu zərbələr olduqca ağrılıdır, bəs sizcə niyə RSQ öz strateji hərbi obyektlərini qoruya bilmir? Cavab banaldır, HHM sistemlərinin kəskin çatışmazlığı yaşanır və bu çatışmazlıq gündən-günə dərinləşir, eyni durum başqa hərbi və qeyri-hərbi sahələrdə yaşanır. Putin uçuruma getdiyini bilir və müharibənin dayandırılması üçün dərindən-qabığından çıxır, ona isə imkan vermirlər və Harrisin seçiləcəyi təqdirdə, imkan verməyəcəklər.
Kamran Jafarov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.