Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
30-09-2024, 18:34
“Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiqlənib.
Sənədə əsasən, Nazirlər Kabineti torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılmanın elektronlaşdırılmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Fərmanın 1-ci hissəsi gələn il yanvarın 1-dən qüvvəyə minir.
Qaydalar Torpaq Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, Meşə Məcəlləsinə, Su Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanuna və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb və torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi mexanizmini müəyyən edir.
Qeyd edək ki, çıxarışı olmayan torpaqlara sənədlərin verilməsi üçün ilk növbədə həmin evlərin inşa edildiyi ərazilərin kənd təsərrüfatı təyinatı da dəyişdirilməlidir.
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçilməsi daşınmaz əmlak bazarına necə təsir edəcək?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, ölkədə yüzminlərlə, Bakı və Abşeronda ümumilikdə 500 minə yaxın çıxarış ala bilməyən torpaq sahələri və fərdi yaşayış evləri var:
“Onlara çıxarışların verilməməsinin əsas səbəblərindən biri də həmin tikililərin yerləşdiyi torpaq sahələrinin yaşayış məntəqələri torpaqları deyil, digər təyinatlı torpaqlar olmasıdır.
Böyük massivlər salınıb, yaşayış məskənləri, qəsəbələr var, həmin ərazilərdə bütün infrastruktur qurulub. Yəni uşaq bağçası, orta məktəb, avtobus xətti, hətta küçələrə adlar da verilib. Ancaq çıxarış verilə bilmir.
Çünki həmin torpaqlar bir vaxtlar kənd təsərrüfatı təyinatlı torpaqlar olub. Yəni o təyinat dəyişilməsə, onlara çıxarışlar verilə bilmir. Yəni üst tikiliyə çıxarışın verilməsi üçün mütləq şəkildə alt torpağın təyinatı üst tikili ilə eyniləşməlidir.
Onların təyinatı dəyişib yaşayış məntəqələri torpaqları olmalıdır. Dəyişiklikdən sonra düşünürəm ki, prosesə start veriləcək və çıxarışsız evlərin böyük bir hissəsinə çıxarışların verilməsi məsələsinə baxıla bilər”.
Ekspertin sözlərinə görə, bu gün müvafiq sənədi olmayan evlərin satışı keçərli olur: “Ancaq rəsmi formada yox, bir-birinə etibarnamə verməklə, qarşılıqlı razılaşma ilə satırlar. Ancaq bu əmlaklara çıxarış verilsə, əmlak bazarına eyni vaxtda yüzminlərlə çıxarışlı əmlak çıxacaq. Nəticədə satışa çıxaırlan əmlakların sayı artacaq və bu, qiymətlərdə artım yox, stabilləşməyə gətirib çıxaracaq”.