Dollara tələb manatın perspektivlərinə kölgə salırmı?
3-10-2024, 00:02
İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozlarında 2025-2028-ci illər üçün manatın dollara məzənnəsi cari il səviyyəsində götürülüb. Bunun fonunda məzənnənin gələcəyi ilə bağlı müzakirələr nəzərəçarpacaq dərəcədə intensivləşib – bəzi yerli analitiklər 2025-ci ildə yerli valyutanın sabit qalacağına şübhə ilə yanaşırlar.
İqtisadi cameənin heç də bütün nümayəndələri İqtisadiyyat Nazirliyinin nikbinliyini bölüşmürlər. Buna səbəb milli valyutanın inzibati qaydada tənzimlənən məzənnəsinin neft və qaz gəlirlərindən asılılığı və beynəlxalq xammal kotirovkalarının davranışının gözlənilməz olmasıdır.
İqtisadçı ekspert Akif Nəsirli AYNA-ya deyib ki, hökumətin məzənnəni sabit saxlamaq üçün geniş imkanları var: “Son vaxtlar dolların iki manata kimi bahalaşması ehtimalı geniş müzakirə olunur. Dünyada ehtiyat valyutanın ucuzlaşması və ABŞ-ın dövlət borcunun rekord həddə, altı trilyon dollara yüksəlməsi fonunda narahatlıq dalğası müşahidə olunur. Bunun səbəbi keçmişdə yaşanan mənfi təcrübə ilə əlaqəlidir”.
“Bizim cəmiyyətdə 2015-ci ildə baş verənləri xatırlayırlar. Yeri gəlmişkən, o zaman devalvasiyadan əvvəlki vəziyyətə və dollar satışının səviyyəsinə yalnız peşəkar iqtisadçılar diqqət yetirirdi. Lakin hadisədən sonra insanlara izah olundu ki, manatın ucuzlaşmasına səbəb valyuta ehtiyatlarının əriməsidir - devalvasiya olmasaydı, bizim maliyyə təhlükəsizliyi yastığımızdan heç nə qalmayacaqdı”, - deyə həmsöhbətimiz bildirib.
Ekspert etiraf edir ki, kommersiya banklarının dollara tələbi həqiqətən də 10 il əvvəl, devalvasiyadan qabaq olduğu kimi artıb: “Mərkəzi Bankın yanvar-avqust aylarında keçirdiyi 62 valyuta hərracı zamanı 4 milyard 795,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Ötən ilin hesabat aylarında isə 2 milyard 296,1 milyon ABŞ dolları məbləğində satış olub. Ona görə də cəmiyyətdə narahatlıq başadüşüləndir. Amma indiki vəziyyətdəki fərq ölkənin əsas ixrac resursunun qiymətlərindədir. Yadda qalan 2015-ci ildə neftin beynəlxalq qiymətləri 18-20 dollara düşmüşdü. Və buna görə də azalan ixrac gəlirləri dollara tələbin artması nəticəsində ərimiş valyuta ehtiyatlarını doldura bilmədi. Ona görə də manatı ucuzlaşdırmaqdan başqa çarə qalmadı”.
“İndi, tələbin iki dəfə artmasına baxmayaraq, AMB-nin valyuta ehtiyatları hesabat dövründə artaraq 11 milyard 637 milyon dollar təşkil edib. Bu, o deməkdir ki, dollar satışının artmasına baxmayaraq, hökumət milli valyutanın məzənnəsini saxlamaq üçün maliyyə manevrinin genişliyini özündə saxlayır. 2015-ci ildəki vəziyyətdən fərqli olaraq, dünya bazarında neft və qazın qiymətinin sabitləşməsi və müəyyən dərəcədə qeyri-neft ixracı sayəsində hökumət bu imkanı özündə saxlayır. Axı, bildiyiniz kimi, idxal ixracdan daxil olan valyutanın xaricə axmasına gətirib çıxarır. Əgər bu balansda müsbət fərq qalsa, maliyyə çətinlikləri üçün heç bir əsas yoxdur”, - deyə Nəsirli vurğulayıb.
Xarici ticarətdə profisit və tədiyyə balansının müsbət olduğu bir şəraitdə, Azərbaycanın pul vahidinin sabitliyindən narahat olmağa əsas olmadığı fikrini iqtisadçı ekspert Pərviz Heydərov da bölüşür. Onun AYNA-ya dediyinə görə, manatın hazırkı sabitliyi beynəlxalq bazarlarda vəziyyətin və neftin qiymətinin respublikanın maliyyə vəziyyəti üçün əlverişli olduğunu göstərir.
“Bununla belə, neft hasilatının azalması, əsas ixrac bazarında qazın ucuzlaşması, neft və qaz ixracının azalması fonunda makroiqtisadi göstəricilər pisləşir. Uzunmüddətli perspektivdə manatın məzənnəsini proqnozlaşdırmaq mümkün deyil, çünki milli valyutanın mövqeyi neft və qaz mənfəətindən asılıdır”, - deyə mütəxəssis söyləyib.
Qeyd edək ki, rəsmi məlumata görə, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12,7% azalaraq 30 milyard 995,42 milyon dollar təşkil edib. Rəsmi statistika idxalın 14,5% - 12 milyard 763,88 milyon dollar qədər artdığı bir şəraitdə, ixracın 25,1% - 18 milyard 231,54 milyon dollar həcmində azaldığını göstərir. Hesabat ayları ərzində ölkənin xarici ticarətində müsbət saldo saxlanılsa da, bu müsbət fərq bu il 2,4 dəfə azalaraq 5 milyard 467,66 milyon dollar təşkil edib.
Müəllif: Emma Rzayeva