Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər
3-10-2024, 08:24
İnsanların görmək istədiyi abidə ilə heykəltəraşın görmək istədiyi abidə niyə fərqlidir?
Bu günlərdə Bakının mərkəzində Aşıq Ələsgərə qoyulan heykəl sosial mediada müzakirələrə səbəb olub. Müəllifi Xalq rəssamı, görkəmli heykəltəraş Natiq Əliyevin ərsəyə gətirdiyi heykəllə bağlı sosial media istifadəçiləri arasında fikir ayrılıqları yaşanıb və müzakirələr hələ də davam etməkdədir. Bir çoxları heykəlin Dədə Ələsgərin adına yaraşmadığını, estetik cəhətdən cəlbedici olmadığını hesab edirlər. Onlara cavab verən əksəriyyət, xüsusilə, ədəbiyyat adamları heykəlin normal olduğunu, hətta bir neçə mesaj verdiyini iddia edirlər.
Məsələn, şair Murad Köhnəqala deyib ki, əslində fikir bildirənlərin hərəsinin qəlbində fərqli bir biçimdə Aşıq Ələsgər var: “Təbii ki, heykəldə hərə öz qəlbində ucaltdığı Ələsgəri görmək istəyir. Bir vaxtlar Hacı Zeynalabdinin də heykəlini belə hoydu-hoydu ilə qarşılamışdılar, zamanla onun əzəmətini anladılar, razılaşdılar, sakitləşdilər. Hacını uca pyedestalda görmək istəyənlər axırda başa düşdülər ki, dünya heykəltaraşlığında heykəllərin insanlara qarışması və onlarla yan-yana dayanması kimi yeni janrlar yaranıb. Düşünürəm, tezliklə sözügedən heykəli də qəbul edib doğma biləcəklər”.
“Bu heykələ müəllif Aşıq Ələsgərin təkcə aşıqlığını deyil, eyni zamanda, onun söz duyğusunu, üsyanını, aşiqliyini, sufiliyini də sığdırmağa çalışıb. Yəni heykəltaraş aşığın təkcə xarici görkəmini və libasını göstərməyib, eyni zamanda, onun daxilini simvolizə etməyə də müvəffəq olub. Abidənin dərinliyində şaman-qaval effekti də var. Heykəl həm də çağdaş heykəltaraşlığın qeyri-adilikləri və yenilikləri ilə səsləşməkdədi. Şəxsən mən sevdim bu heykəli!”, şair fikrini tamamlayıb.
Yazıçı Şərif Ağayar Aşıq Ələsgərin heykəlini başqa cür təsəvvür edirmiş: “Mən də belə gözləmirdim, düşünürdüm, Nizami, Füzuli heykəli kimi bir nümunə çıxar. Amma və lakin burda təkcə Ələsgərə yox, onun coşqun təbinə və ilhamına da abidə qoyulub. Yəni realist deyil, rəssam interpretasiyasıdır. Heykəl mütəhərrikdir və Ələsgər enerjisini ötürə bilir. Sazla arasındakı boşluq isə zen-buddistlərin yay-ox boşluğunu xatırladır. Bu Aşıq Mübarizin buraxdığı boşluq deyil. Janra uyğun baxsanız, mən görənləri siz də görəcəksiniz. Əsər təsəvvürünüzdəki gerçəkliklə üst-üstə düşmürsə, o demək deyil ki, pisdir. Hərənin öz Ələsgəri var. Bu da Natiq Əliyevin və Malik Babayevin Ələsgəridir. Təyinatı üzrə yanaşıb peşəkar qiymətləndirsək, daha yaxşı olar”.
Şair Elşad Barat isə yazır: “Xalq rəssamı Natiq Əliyev nə demək istəyir? Əvvəla onu deyim ki, heykəl tam bürüncdən hazırlanıb, heç bir qatqı qatılmayıb, bu da o deməkdir ki, min il də keçsə yağışa, qara dözümlüdür. İkincisi, Ələsgər təkcə aşıq deyil, həm şair, həm də alimdir. Onun elə qoşmaları var ki, təhlil edəndə Ələsgərin nə qədər bilgili, elm sahibi olduğunu görürsən. Üçüncüsü, bu heykəlin bu gün açılışı tarix qarşısında təsadüf deyil. İctimai, siyasi, ədəbi baxımdan böyük məna kəsb edir. Dördüncüsü, Ələsgərin ayağının altındakı qaya parçası vətən daşıdır, Bakıdan Göyçəyə qədər salınacaq yollardır”.
“Sazın sinəsinə basılı yox, aralı olması nə deməkdir? Bu, heykəltəraşın səbəbsiz seçimi də ola bilər, amma mən düşünürəm ki, yaradıcı şəxslərin ilahi eşqə çatdığı anlar emosiyaların ən yüksək həddi olur. Digər tərəfdən, bir aşıq üçün sazdan aralı qalmaq eldən, obadan, vətəndən aralı qalmaq demək deyilmi?”, - Barat vurğulayıb və davam edib: “Beşincisi, Aşıq Ələsgər solaxay da ola bilər, sağaxay da, bəlkə də müəllif bunu düşünərək belə edib, amma bəyəm rəssam sol əli ilə əsərinə rəng vurmurmu, şair sol əlinin barmaqları ilə klaviaturaya toxunmurmu, işinin ustası olan aşıq qaydalara sığmayandır, ümumiyyətlə, yaradıcı təfəkkür şablondan imtina edir. Yeddincisi, gözünüzü yumun və əlinizdə sazı bu şəkildə tutun. Hansı hissləri yaşadınız? Məncə, burada aşıq Ələsgər çağırış edir, Azərbaycanın tarixi torpaqları olan Göyçə mahalına çağırış”.
Filoloq, jurnalist Rəsul Mirhəşimli isə abidəni bəyənməyib və bəyənməyənləri təndiq edənlərə qarşı çıxıb: “İnsanlar niyə başqalarının fikirlərinə bu qədər dözümsüz yanaşır? Aşıq Ələsgərin heykəli ilə bağlı tənqidi fikirlərə elə sərt reaksiyalar verilir ki, sanki adamlar düşmən üzərinə gedirlər. Hələ bu tənqid edənləri lağa qoymaq, aşağılamaq da başqa bir dərddir. İnsanlar tənqiddə peşəkar olmaya bilər, amma kiminsə xoşuna gəlməyəni ona zorla sevdirmək də olmaz. Müəllif cavab verib, onun fikirləri ilə tənqid edənlər razılaşacaq, ya razılaşmayacaq həmin adamların haqqıdır. Heç bir dərin təhlil aparıb, fikirlərimi elmi və sənətşünaslıq baxımından əsaslandırmağa ehtiyac bilmirəm. Çünki heykəltəraşlıq mənim sənətim deyil. Bircə kəlmə ilə yazıram: xoşuma gəlmədi.Aşıq Ələsgər yaradıcılığı mənim ixtisasımın imkan verdiyi filoloji baxımdan araşdırma mövzusu ola bilər. Aşıq Ələsgər yaradıcılığında ""He"yi "yey"ə, "dal"ı "re"yə çal indi" misrasındakı hürufilik elementlərinin və bu elementlərin ifadə elədiyi simvolların açıqlaması barədə yaza bilərəm. Ya da "Ələstdə "Bəli" deyən, Sübhana baş endirir" misrasındakı dini və mistik anlayışlar barədə danışsam, kimsə deyə bilər ki, bəyənmədim. Bu zaman oxucunu düşmən elan etməliyəm? Bu qədər qəddar olmayın!”.
Heykəlin müəllifi, Xalq rəssamı Natiq Əliyev isə əsəri haqqında Axar.az-a bunları deyib: “Biz burada təkcə heykəl hazırlamırıq. Aşıq Ələsgər sadəcə toylarda saz ifa edən aşıqlardan deyil. O, filosof, şair olub, torpağından didərgin düşən bir sənətkardır, yurd-yuvasına qayıtmaq üçün hayqırır. Aşığın orada qəbri dağıdılıb, Bakıda sazı sinəsinə basıb, saz çalıb, mahnı oxumalı idi? Bir növ hayqırır ki, torpaqlarımıza qayıtmalıyıq. Şükür Allaha ki, rəşadətli Ordumuzun qanı hesabına, cənab Prezidentin rəhbərliyiylə torpaqlarımız qayıtdı. Bu fonda Aşıq Ələsgərin heykəli də hayqıran obrazdır. Bundan əlavə, Qazaxda Ağköynək qəbiristanlığında Aşıq Ədalətin heykəlini də mən hazırlamışam. Aşıq Ədalət sazı necə çalırdı, hara qaldırırdı? Bunu təkcə Aşıq Ədalət yox, çox aşıq edirdi. Ekstaza gələndə saz başın üstünə kimi qalxır. Bu, ona verilən dəyərdir. Tar, gitara kimi ifa edənlər də var. Ancaq eyni stereotip olmalı, sazı sinəsinə basmalıdırlar? Aşıq Ələsgərin şəkli var ki, orada sazı dizinin üzərinə qoyub çalır. Həmin foto əsasında heykəli hazırlasaydım, onda nə deyəcəkdilər? O şəkli nəticəsi çəkib”.
Öncədən bütün detalları öyrəndiyini bildirən müəllif vurğulayıb ki, abidənin ərsəyə gəlməsində yazılı təsvirlərdən istifadə edib: “Məsələyə olduqca dar çərçivədən baxılır. Obraz necə olmalı idi? Qayanın üzərində aşığın şeirləri əks olunub, həyatından epizodlar qeyd edilib - bunlara heç kim baxmayıb, oxumayıb. Eləcə kiminsə çəkdiyi, sosial şəbəkədən yaydığı fotoya baxmaqla hərə bir fikir yürüdür. Bu, düzgün deyil. 3 ildir həmin abidə üzərində işləyirəm. Yazılı portretlər var, orada qeyd olunur ki, Aşıq Ələsgər hansı görkəmdədir, qulağının quruluşu, gözü, üz cizgiləri necə olub. Həmin yazılı mənbədə təsvir edildikcə, rəssam da onu gözündə canlandırır. Bu vaxta kimi Aşıq Ələsgərin portretini Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev kimi rəssamlar çəkib. Bütün çəkilən əsərlərə nəzər yetirmişəm, araşdırmışam. Əsasən isə Aşıq Ələsgərin şagirdinin onun obrazı haqqında qeydlərini rəhbər tutmuşam. Bundan əlavə, sənətkarın nəticələri sağdır. Onlar gəlib mənim emalatxanama baxıblar. Deyiblər ki, biz elə bunun çox arzusunda idik. Heykəltaraşın bunu necə təsvir edəcəyini düşünürdük. Heykəli belə də görmək istəyirdik”.
Müəllif: Banu Çiçək
ayna.az