Qərbdən “Gürcü arzusu”na təzyiqlər:

Bu gün, 08:54           
Qərbdən “Gürcü arzusu”na təzyiqlər:
“Siz həm Avropa həyat tərzini dəstəkləyə, həm də Stalini vəsf edə bilməzsiniz”

Gürcüstan Parlamenti tərəfindən Rusiyanın “Xarici agentlər” haqqında qanunu ilə müqayisə edilən “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra Avropa İttifaqı (Aİ) bəyan edib ki, bu, Gürcüstanın Avropaya inteqrasiya prosesini faktiki olaraq dayandırır. Bu yaxınlarda məlum olub ki, Aİ Gürcüstan hakimiyyətinin antidemokratik hərəkətlərinə və onların anti-Qərb ritorikasına cavab olaraq Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandırmağa hazırdır. Bundan əlavə, Aİ Gürcüstan hökumətinin nümayəndələri ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəlib.

Avropalı rəsmilər Gürcüstan və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının fəaliyyətini tənqid edir, ölkənin Aİ-yə gedən yolunun “bağlandığı” qənaətini bölüşürlər.

“Biz ümid edirdik ki, namizəd statusu Gürcüstan hökuməti üçün güclü stimul olacaq. Lakin son aylarda Gürcüstan rəsmiləri ölkəni bu məqsəddən uzaqlaşdıran qanunlar qəbul ediblər”. Bu sözləri Avropa Komissiyasının vitse-prezidenti Vera Jurova Avropa Parlamentində Gürcüstan üzrə plenar iclasda deyib. Avropa Komissiyasının vitse-prezidentinin sözlərinə görə, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri Gürcüstanın Aİ gedən yolu üçün həlledicidir: “Oktyabrın 26-da 3 milyondan çox gürcü yeni parlamentin seçilməsi üçün səs verəcək. Bu parlament seçkiləri Gürcüstanın Aİ-yə gedən yolu üçün həlledici əhəmiyyətə malikdir. Onlar həm də Gürcüstanın demokratiyası üçün kritik sınaqdan keçəcəklər”.

“Keçən ilin dekabrında Gürcüstan Aİ-yə namizəd statusunu alanda biz ümid edirdik ki, bu, hökumətin Aİ-yə üzvlük danışıqlarına başlamaq üçün mühüm islahatlar həyata keçirməsi üçün güclü stimul verəcək. Əvəzində son aylarda hakim partiyanın rəsmiləri ölkəni bu məqsəddən uzaqlaşdıran qanunlar təklif ediblər. Geniş etirazlara baxmayaraq, vətəndaş cəmiyyəti və media qurumlarının fəaliyyətinə əngəl törədən “Şəffaflıq haqqında” qanun yenidən gündəmə gətirilib və qəbul edilib. LGBT icmasını ləkələyən və dövlət qurumlarının müstəqilliyini zəiflədən başqa təkliflər də irəli sürülüb. Eyni zamanda, Aİ qarşı ritorika daha da güclənib”, - Jurova bildirib.

“Avropa Parlamenti Bidzina İvanişviliyə və onun “Gürcü arzusu”ndakı dostlarına çox aydın mesaj göndərir: Avropa Birliyinə qoşulmaq onların siyasətləri ilə bir araya sığmır. Siz eyni zamanda, həm avropapərəst, həm də kremlpərəst ola bilməzsiniz. Yaxud da, həm Avropa həyat tərzini dəstəkləyə, həm də Stalini vəsf edə bilməzsiniz”. Bu sözləri isə Avropa Parlamentində Gürcüstan məsələsi ilə bağlı debatda avropalı parlamentari Rasa Jukneviçene bildirib.

Parlamentari Gürcüstanla bağlı qətnaməni razılaşdırdıqları Avropa Parlamentinin digər qruplarına təşəkkür edib: “Avropa Parlamenti qarşıdan gələn seçkiləri diqqətlə izləyəcək. Bir daha təkrar edirik ki, seçkilər beynəlxalq standartlara tam uyğun olmalıdır. Əgər “Gürcü arzusu” Lukaşenkonun yolu ilə getməyə davam edərsə, Avropa İttifaqı reaksiya verməyə və Gürcüstanın viza rejiminin liberallaşdırılması meyarları da daxil olmaqla öhdəliklərini yerinə yetirməsinə yenidən baxmağa məcbur olacaq”, - deyə Rasa Jukneviçene qeyd edib.

Onun sözlərinə görə, Avropa Parlamentinin üzvləri həmçinin sabiq Prezident Mixail Saakaşvilinin həbsdən dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər: “Biz həmçinin Mixail Saakaşvilini dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq. Gürcüstan hökuməti Saakaşvilinin həyatına və sağlamlığına dəyən zərərə görə cavabdeh olmalıdır. İndi Gürcüstanın gələcəyi ilə bağlı qərar gürcü xalqının əlindədir. Hörmətli gürcülər, Gürcüstanın gələcəyi üçün sizdən daha məsuliyyətli heç kim ola bilməz. Ümid edirik ki, Gürcüstan xalqı demokratik Avropa ailəsi yoluna qayıdacaq”.

Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski isə gürcü mediasına müsahibəsində deyib ki, “Gürcü arzusu”nun hakimiyyəti dövründə Gürcüstan heç vaxt Aİ-yə üzv ola bilməz. Diplomatın sözlərinə görə, Gürcüstan rəhbərliyi istəklərinə baxmayaraq, ölkə əhalisini Aİ-yə üzvlükdən uzaqlaşdırır. Qerçinski Gürcüstana Aİ-yə namizəd statusu verməsini diplomatik karyerasında ən böyük uğuru hesab edir.

“Bəs Gürcüstan namizəd statusunu aldıqdan sonra nə baş verdi? Əhalinin əksəriyyəti və müxalifət partiyaları Aİ-yə üzv olmaq istəyir, lakin hakimiyyət insanları bu ittifaqa üzvlükdən uzaqlaşdırır. Gürcüstan hökumətinin üzvləri Aİ dəyərlərindən uzaqdırlar”, - diplomat qeyd edib.

Qerçinski oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra Gürcüstanın “indiki mərhələdə dayandırılmış Aİ yoluna” qayıdacağına ümid etdiyini bildirib.

Səfir əlavə edib ki, Aİ Gürcüstanda demokratik hökumət olacağı təqdirdə onunla danışıqları bərpa etməyə hazırdır: “Deməliyəm ki, indiki hakim partiyanın dövründə Gürcüstan heç vaxt Aİ üzvü olmayacaq”.

Müəllif: Turan Abdulla
ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.