İranda yeni dönəm - Nüvə silahının bir addımlığında
14-10-2024, 11:14
Ekspert: “Tehran atom bombası əldə etsə, təkcə Azərbaycan deyil, bütün dünya üçün təhlükəyə çevriləcək”
İran hakimiyyəti ciddi şəkildə Nüvə silahlarının yayılmaması haqqında Müqavilədən (NPT) çıxma perspektivini nəzərdən keçirir. Bu barədə Gazeta.ru yazıb.
“Parlamentdə Nüvə silahlarının yayılmaması haqqında Müqavilədən çıxmaq variantının müzakirə edilməsi əslində çox ciddi məsələdir. Deputatlar ciddi şəkildə belə bir qərarın qəbul edilməsinin mümkünlüyünü nəzərdən keçirirlər”, - İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi bildirib.
Eyni zamanda, o vurğulayıb ki, NPT-dən imtina İran tərəfinin dərhal nüvə silahı yaratmağa başlayacağı anlamına gəlmir.
Bəs onda bu nə deməkdir?
Bu arada onu da xatırladaq ki, İran parlamentinin 39 deputatı İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasına rəsmi məktub göndərərək İsrailin təhdidləri fonunda milli müdafiə doktrinasına yenidən baxılmasını və nüvə silahının hazırlanmasına icazə verilməsini xahiş ediblər. Bunu müraciətin təşəbbüskarı olan deputat Həsənəli Əhlaki Əmiri deyib.
“Ali Milli Təhlükəsizlik Şurasına hazırda 39 deputatın imzaladığı məktub göndərilib. Məktubun mövzusu nüvə silahı sahəsində İslam Respublikasının müdafiə doktrinasına yenidən baxılmasıdır”, - Əhlaki Əmiri İranın “Didban İran” portalına bildirib.
Yəni, adekvat rəhbərliyi olmayan bir ölkənin tezliklə nüvə silahına sahib olması ehtimalını qəbul etmək lazımdır? Bəs belə bir reallıqda İranın qonşu olan Azərbaycanla münasibətləri necə inkişaf edəcək?
Pressklub.az-ın suallarını təhlükəsizlik üzrə ekspert İlham İsmayıl cavablandırıb.
“Şah Pəhləvi dövründə ABŞ və Almaniyanın köməyi ilə İranda nüvə enerjisinin yaradılmasına başlanılıb. 1958-ci ildən MAQATE-nin üzvü olan İran 1968-ci ildən NPT-yə də qoşulub. Lakin islam inqilabından sonra, xüsusən də Əhmədinejadın prezidentliyi dövründə nüvə silahı əldə etmək istiqamətində çox iş görülüb. İran hazırda nüvə proqramında kifayət qədər irəliləyib və o dərəcədə zənginləşdirilmiş urana malikdir ki, atom bombası istehsal etməyə yaxındır”, - deyə mütəxəssis bildirib.
O, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün bu yaxınlarda verdiyi bəyanatı xatırladıb: “İran istəsə, tez bir zamanda atom bombası yaratmaq üçün kifayət qədər parçalanan materialı əldə edə bilər və dünyanın reaksiya verməyə daha az vaxtı olacaq”. Bununla belə, Börns onu da bildirib ki, ABŞ-ın əlində İranın 2003-cü ilin sonlarında qəbul etdiyi silahlanma proqramını dayandırmaq qərarını ləğv etdiyinə dair hələlik heç bir sübut yoxdur.
“Son İsrail-İran münaqişəsi hər iki tərəfi qəti addımlar atmağa məcbur edib. İran parlamenti NPT-dən çıxmaq və nüvə silahının hazırlanmasına icazə vermək üçün Ali Şuraya rəsmi məktub göndərib. Bəzi ekspertlər hesab edir ki, İran döyüş başlığının istehsalına bir ildən də az vaxt sərf edə bilər.
İsrailin baş naziri Netanyahu isə bu yaxınlarda ABŞ prezidentinə deyib ki, mövcud vəziyyəti bir fürsət kimi qiymətləndirmək lazımdır. Çünki İranın nüvə obyektləri vurulmasa, o, atom bombası əldə edəcək.
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri onu da vurğulayıb ki, onlar prosesi diqqətlə izləyirlər və vəziyyət bu şəkildə inkişaf etsə, İranın bunu (nüvə silahı yaratma əlamətləri) daha tez əldə edəcəyinin şahidi olacaqlar. Yəni, yuxarıda sadaladıqlarımıza əsaslansaq, “adekvat rəhbərliyi olmayan bir ölkənin tezliklə nüvə silahına sahib olması ehtimalı” realdır. Təbii ki, əgər ABŞ və İsrail lazımi addımları atmasalar.
İran atom bombası olmadan belə Azərbaycanın təhlükəsizliyini təhdid edən ilk ölkədir. Əgər İranın nüvə silahı olsa, o, təkcə Azərbaycan üçün deyil, Hörmüz körfəzi ölkələri, o cümlədən Türkiyə, bütün dünya üçün təhlükə mənbəyi olacaq. Ümid edək ki, ABŞ və İsrail İrana belə bir fürsət verməyəcək”, - deyə İsmayıl yekunlaşdırıb.
Rauf Orucov