Moskvada gizli razılaşma və Kazanda üçtərəfli görüş iddiası - İLGİNC İDDİALAR...

Bu gün, 10:30           
Moskvada gizli razılaşma və Kazanda üçtərəfli görüş iddiası - İLGİNC İDDİALAR...
Ermənistan hakimiyyəti “sülhməramlı” libasa büründüyü halda, davamlı şəkildə sülhə maneələr yaratmaqdadır. Bu ölkənin silahlanmaya böyük miqdarda vəsait ayırması, şərti sərhədlər boyunca hərbi kontingent və ağır texnika, artilleriya qurğuları, digər silahlar yerləşdirməsi nəinki sülhə aparmır, hətta növbəti eskalasiyaya hazırlıq məqsədi daşıyır.

Bütün bu təxribatçı addımların fonunda Nikol Paşinyanın və komanda üzvlərinin vaxtaşırı Azərbaycanla sülhə hazır olmaları barədə növbətçi bəyanatlar səsləndirməsi absurddur. Üstəlik, Avropa İttifaqının Ermənistandakı “mülki” adında, əslində isə hərbi-casus şəbəkəsinin sayının artırılması, həmçinin Danimarkanın hesabına üzv ölkələr baxımından sıralarının genişləndirilməsi sülhü pozmaq niyyətindən qaynaqlanır.

“Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında gizli görüş keçirilib”.

“Yeni Müsavat” bildirir ki, belə bir iddia ilə Ermənistanın “Qraparak” nəşri çıxış edib.

Qəzetin iddiasına görə, gizli görüş oktyabrın 8-də səhər saatlarında baş tutub və bu haqda ictimaiyyətə məlumat verilməyib: “BRİCS-in Kazanda keçiriləcək sammitində üçtərəfli görüş keçiriləcək. Moskvadakı gizli görüş buna hazırlıq məqsədi daşıyıb. Kazanda açıq şəkildə davam etdiriləcəyi ilə bağlı razılığa gəlindiyi haqda məlumatlar var”.

Qeyd edək ki, MDB sammitindən reportaj “Moskva. Kreml. Putin” müəllif proqramının hazırlayan Pavel Zarubinin çəkdiyi bir qısa süjetdə Putinin görüşdən əvvəl Paşinyanla oturub ikilikdə söhbət etdiyi görünür. Sonra isə digər prezidentlər də oraya gəlirlər. Bununla yanaşı, qeyd olunur ki, Rusiya cari il ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasında olduqca maraqlıdır. Bu mənada Kazanda müəyyən yeniliklərin olması istisna olunmur. Məsələ ilə bağlı “Vesti Kavkaza” nəşri yazır: “Moskvada keçirilən MDB dövlət başçılarının sammiti daha çox Birliyin iki üzvü - Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına həsr olunub. Məhz bu respublikaların rəhbərləri ilə Rusiya prezidenti Vladimir Putin Kremldə ayrıca görüşlər keçirdi”.

Yeri gəlmişkən, oktyabrın 22-24-də Kazanda BRİCS-in dövlət və hökumət başçılarının geniş tərkibdə ilk sammiti olacaq. Sammitdə 20 min iştirakçı olacaq. Tədbirdə həmçinin jurnalistlərin, ekspertlərin də iştirakı nəzərdə tutulur. Putinin sözlərinə görə, Kazanda BRİCS-ə üzv ölkələrin hərtərəfli tərəfdaşlığının daha da inkişaf etdirilməsi perspektivlərini əsaslı şəkildə müzakirə etmək, həmçinin müxtəlif sektorlar və əməkdaşlıq sahələri üzrə sazişlər paketini təsdiqləmək planlaşdırılır. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Rusiya BRİCS üzvlərini informasiya təhlükəsizliyi üzrə əməkdaşlıq memorandumu bağlamağa və “Süni intellekt sahəsində Etika Kodeksi”ni imzalamağa dəvət edəcək. Moskva korrupsiyaya qarşı mübarizə, gömrük və antiinhisar sahələrində, davamlı inkişaf, iqlim və enerji sahələrində iş üzrə əməkdaşlığı gücləndirmək niyyətindədir. Üstəlik, iqlim məqsədləri üzv dövlətlərin iqtisadi inkişafına mane olmamalıdır. Enerji keçid yolunu seçərkən hər bir ölkə milli prioritetlərə diqqət yetirməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bir sıra vacib məsələləri Avropa İttifaqının üzv ölkəsinin diplomatının nəzərinə çatdırıb. Prezident bildirib ki, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan olub və həqiqətən orada mühüm irəliləyişə nail olunub. “Lakin əfsus ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu, çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi”. Prezident İlham Əliyev qeyd edib ki, hazırkı şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib. Dövlətimizin başçısı vurğulayıb ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, torpaqlarımızın işğalı dövründə dırnaqarası “Madrid prosesi prinsipləri” mövcud idi və bunun qarşılıqlı razılaşdırılmış əsas müddəalarından biri də o idi ki, bütün məsələlər razılaşdırılmadan heç nə razılaşdırıla bilməz. Sitat: “Bu, ozamankı ATƏT-in Minsk Qrupu həmsədrlərinin, Ermənistanın və Azərbaycanın mövqeyi idi və biz bu mövqedə qalırıq. Əfsuslar olsun ki, keçmiş Minsk Qrupunun bəzi üzvləri bununla bağlı öz mövqelərini dəyişdirdilər və Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər”. Prezident İlham Əliyev bildirib ki, bir çox hallarda Ermənistan tərəfi bu təklifləri irəli sürməklə guya sülh istəyində olduqlarını nümayiş etdirirlər. Lakin onlar əvvəlcədən bilirlər ki, bu təkliflər qəbul oluna bilməz. Göründüyü kimi, dövlətimizin başçısının prinsipial mövqeyi dəyişməzdir və bu xatırlatmalar təkcə Ermənistan üçün deyil, həm də ona havadarlıq edənlər və ermənilərdən maşa kimi yararlananlara da ünvanlanıb. Deməli, qarşıdakı tədbirdə görüş olacaqsa da, Azərbaycanın diqtə etdiyi çərçivədən kənarda nələrsə baş verməyəcək. Dünyanın diqqətlə izlədiyi bir sammitdə üçtərəfli görüş, hətta hansısa razılaşma sənədinin imzalanması nə qədər gerçək ola bilər?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında rəsmi Moskvanın proseslərə yanaşması ilə bağlı diqqətçəkən fikirlər söylədi: “Açığı, mən fikirləşmirəm ki, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün yaranmasına yanaşmada Rusiyanın mövqeyi Qərbdən, yaxud da İrandan fərqlidir. Sadəcə, regionda qarşıdurmanın qalmasında haypərəstlik adı altında digərlərinin necə canfəşanlıq etdiklərini görüb, Rusiya seyrçiliyə üstünlük verir və beləliklə, Azərbaycanla da əlaqələri korlamır. Hazırda Rusiyanı ən çox maraqlandıran Zəngəzur dəhlizindən keçidin öz kontrolunda olmasıdır, vəssalam. Mümkündür ki, Rusiya sərhədçilərinin Ermənistanla İran arasındakı nəzarət-buraxılış məntəqəsindən çəkilməsinə razılıq da bu məqsədlə edilib. Yəni bununla həm də dəhlizə yanaşmada İranın mövqeyinin yumşaldılmasına çalışılıb. Ümumiyyətlə, bu fikirdəyəm ki, hayların Rusiya ilə bərabər Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin qorunmasına izn verilməsi də guya Moskvanın regionda mövqelərinin zəiflədilməsi təəssüratı yaratmaq üçün İrəvanla birgə oyunlarının davamıdır”.

S.Alıyev xatırlatdı ki, Rusiyanın Ermənistandakı sərhədçilərinin önəmli bir hissəsi onsuz da hayəsllilərdir: “Yəni əslində indiyə kimi də sərhədlər bir növ birgə qorunurdu. Aparılan indiki oyun Rusiyaya sanksiyalardan yayınmağa, Ermənistana isə çağdaş terminlə desək, kvadrober pulu qazanmağa imkan verir. BRİCS sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında hər hansı bir sənədin imzalanıb-imzalanmayacağına gəldikdə, əgər guya Ermənistanın Rusiyanın boyunduruğundan qurtarmağa çalışdığı dediyim kimi, razılaşdırılmış oyundursa, ağlım kəsmir onlar buna getsinlər. Bəli, mən yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsi yox, amma hər hansı çərçivə anlaşmasının imzalanacağını, yaxud da indiyədək razılaşdırılan maddələrin paraflanacağını istisna etmirəm. Ancaq bunun ya iki ölkənin sərhədində, yaxud da Almatıda baş verə biləcəyini zənn edirəm. Yeri gəlmişkən, Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə oktyabrın 15-də bu ölkəyə rəsmi səfər edib. Tokayev Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunun Almatıda təşkil etməyə hazır olduğunu bildirib. Qazaxıstan prezidentinin bu haqda növbəti dəfə açıqlama verməsi onu göstərir ki, ən azı növbəti danışıqlar Qazaxıstanda aparıla bilər”.

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, MDB dövlət başçılarının sammitində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin gizli görüşünün keçirilməsi mümkündür: “Məhz Nikol Paşinyan da İrəvandakı çıxışında Rusiyanın FTX Sərhəd Xidmətinin Zəngəzur dəhlizinə nəzarət edəcəyini istisna etmədiyini qeyd etdi. Deməli, belə bir görüş keçirilib ki, razılıq əldə edilib. Hazırda rəsmi İrəvan belə bir bəyanatın yanlış şərh edildiyini qeyd edir. Göründüyü kimi, Nikol Paşinyan hökuməti müstəqil deyil və Qərbdən verilən tezislərlə idarə edilir. Ermənistanın öz müstəqil mövqeyi yoxdur. BRİCS sammiti çərçivəsində razılaşma əsasında yenidən gizli görüş keçilməsi varsa, Paşinyan prosesdən yayınacaq. Rusiya belə bir danışıqlarda və razılaşmada maraqlıdır. Düşünürəm ki, BRİCS sammiti çərçivəsində hər hansı bir sənəd imzalanmayacaq. Çünki Ermənistan hökuməti buna hazır deyil”. M.Əsədullazadənin sözlərinə görə, Rusiya çalışır ki, belə bir sammit fonunda sülhpərvər olduğunu dünyaya göstərsin: “Amma Ermənistan buna getməyəcək. Nikol Paşinyanın BRİCS sammitinə gedib-getməyəcəyi də dəqiq deyil. Ümumiyyətlə, proseslər elə müstəvidə inkişaf edir ki, yalnız Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqların davam etdirilməsi əsasdır. Rusiyanın iki ölkə arasında sülh müqaviləsinin bağlanmasında vasitəçi kimi iştirakı Qərbin Ermənistana ciddi təzyiqlərinə yol aça bilər. Ona görə də bu sammitdə hər hansı bir sənədin imzalanması gözlənilmir. Yalnız Ermənistan bütün şərtləri yerinə yetirəndə sonra sülh müqaviləsinin bağlanması mümkün olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.