Şahzadədən Putinə “yox” cavabı: “bal ayı” başa çatır
17-10-2024, 08:18
Kreml Bin Salmanı “ən əhəmiyyətli xarici siyasət hadisəsi” sammitində görmək istəyirdi, amma...
Kremlin neft bazarında əsas tərəfdaşı olan Səudiyyə Ərəbistanı ilə Rusiyanın münasibətlərində “bal ayı” başa çatır. Səudiyyə taxtının faktiki sahibi, vəliəhd şahzadə Məhəmməd bin Salman oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək dəvətini qəbul etməyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabr ayında bəyan etmişdi ki, Kreml Bin Salmanı Rusiya tarixində “ən əhəmiyyətli xarici siyasət hadisəsi” adlandıran sammitdə görmək istəyir. Lakin Ər-Riyad bundan imtina etdi. "Səudiyyə Ərəbistanı sammitə xarici işlər nazirini göndərəcək", - deyə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ötən həftə sammitə hazırlığı şərh edərkən deyib. Uşakov şahzadənin qərarının səbəbini açıqlamayıb, lakin qeyd edib ki, Qərb ölkələri Rusiyanın “tərəfdaşlarına” təzyiq göstərir, Kazana səfər edəcəkləri təqdirdə nəticələrlə hədələyirlər.
Sanksiyalara qoşulmayan Səudiyyə Ərəbistanı Ukraynaya qarşı işğalçı müharibə başlayandan sonra neft bazarında Kremlin əsas müttəfiqi olaraq qaldı. Co Bayden administrasiyası 2022-ci ilin payızında səudiyyəliləri embarqo qoyulmuş Rusiya neft barellərini əvəz etmək üçün hasilatı artırmağa inandırsa da, bin Salman Putinlə müttəfiqliyinə sadiq qaldı və əksinə, tədarükü gündəlik 2 milyon barel azaltdı. Məqsəd qiyməti bir barell neftin qiymətini 100 dollara yaxın saxlamaq idi. Lakin iki il sonra Ər-Riyadda əhval-ruhiyyə dəyişməyə başlayıb. Sentyabrın sonunda vəziyyətlə tanış olan mənbələr "Financial Times"a bildiriblər ki, krallıq bazar payının azalmasından narahatdır və bu, uzun müddət aşağı qiymətlərə dözmək siyasətini dəyişmək, istehsalın artırılması siyasətinə keçmək niyyətindədir. Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman OPEC+ kartelinin bəzi ölkələrinin, xüsusən də Qazaxıstan və İraqın öz kvotalarını yerinə yetirmədiyini bildirib və bir barelin qiymətinin 50 dollara düşə biləcəyi ilə hədələyib.
London İqtisadiyyat Məktəbinin tədqiqatçısı Luke Kuper hesab edir ki, Rusiya üçün mümkün olan ən pis ssenari neft qiymətlərinin 2014-16-cı illər səviyyəsinə enməsidir. Çünki bu, Putinin “hərbi maşınının maliyyələşdirilməsini” xeyli çətinləşdirəcək. Cari ilin büdcəsində Rusiya hökuməti büdcədə neftin qiymətini 70 dollarla götürüb və gələn il də təxminən eyni qiyməti gözləyir.
“Səudiyyə Ərəbistanı Rusiyadan fərqli olaraq, neftin ucuzlaşmasına daha asan tab gətirə bilir. Ərəbistan səhrasındakı yataqlar Sibirin əbədi donmuş çöküntülərindən səthə daha yaxındır və buna görə də Səudiyyə neft barellərinin dəyəri daha aşağıdır. Bundan əlavə, Ər-Riyad asanlıqla və tez bir zamanda hasilatı artıra və qiymət itkilərini həcmlər vasitəsilə kompensasiya edə bilər”, Kuper vurğulayıb.
Bin Salman Putinə bunun necə baş verdiyini 2020-ci ildə, koronavirus pandemiyasının ortasında Rusiyanın OPEC+ sazişindən çıxmaq qərarına gəldiyini açıq şəkildə nümayiş etdirdi. Səudiyyə Ərəbistanı hasilatı sutkada 12 milyon barrelə qədər artırdı, 30 ildə rekord endirimlər elan etdi və neftin qiymətini 1990-cı illərin səviyyəsinə endirdi. O zaman “Brent” markalı neftin bir barrelinin qiyməti 10 dollardan da az idi. Bir neçə ay sonra Kreml təslim olmaq, razılaşmaya qayıtmaq və yeni şərtlər altında hasilatı azaltmaq məcburiyyətində qaldı.
“Səudiyyə neftindən fərqli olaraq, Rusiya neftinin istehsalı ucuz deyil. Buna görə də Rusiya aşağı qiymətlərə hazır deyil”, - Kuper vurğulayıb. Onun sözlərinə görə, “bu, neft qiymətləri düşməzdən əvvəl döyüş meydanında sürətli uğurlar tələb edən Rusiyanın hərbi eskalasiya məntiqini izah edir”.
Hazırda Səudiyyə Ərəbistanı gündə 8,9 milyon barel neft hasil edir və bu, 2011-ci ildən bəri minimum hasilatdır. Dekabr ayından etibarən krallıq bazara hər ay gündəlik 83 min barel əlavə etməyə başlayacaq və 2025-ci ilin dekabr ayının sonuna qədər tədarükü gündəlik 1 milyon barel artıracaq. “Financial Times” mənbələrinə görə, OPEC+ ölkələri kvotalara əməl etməsələr, hasilat artımı daha da sürətlə baş verə bilər.
Müəllif: Turan Abdulla
ayna.az