Yazıçı, jurnalist Mirmehdi Ağaoğlu nazirliyi tənqid etdi: - Kitabımı Türkiyəyə aparıblar, məni yox…

3-11-2024, 11:48           
Yazıçı, jurnalist Mirmehdi Ağaoğlu nazirliyi tənqid etdi: - Kitabımı Türkiyəyə aparıblar, məni yox…
“Nazirliyin absurd mədəniyyəti incilərindən:

2020-ci il Türkiyədə, özü də Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində təşkil olunmuş “Oğlum üçün hər şey” adlı kitabım 41-ci İstanbul Beynəlxaq Kitab Sərgisindədir, özüm isə Bakıdayam.”

Gununsesi.info xəbər verir ki, bu sözləri yazıçı, jurnalist Mirmehdi Ağaoğlu öz sosial şəbəkə hesablarında paylaşıb və nazirliyə iradını bildirib.

Belə ki, yazıçı sözügedən kitabın Mədəniyyət Nazirliyinin öz təşəbbüsü ilə çıxarıldığını bildirsə də, hazırda niyə təqdimatında olmamasını birmənalı qarşılamayıb:

“Öz təşəbbüsləri ilə kitabını çıxardıqları müəllif sərgidə yoxdur. Məni aparmayıblar, əvəzinə Türkiyədə kitabımı təqdim edirlər, bəlkə imza mərasimim də keçilirib, xəbərim yoxdur”,- deyə M.Ağaoğlu bildirib.

O, həmçinin qeyd edib:

“Əgər anlasalar, bu, Mədəniyyət Nazirliyi adına biabırçılıqdır.”

Sözügedən məsələ ilə bağlı Gununsesi.info yazıçı ilə əlaqə saxlayaraq açıqlama alıb.

Mirmehdi Ağaoğlu baş verənlərin səbəbinin nə olduğunu bilmədiyini deyib:

“Dəqiq səbəbini bilmirəm, üstəlik, onlarla problemim də yoxdur. Daha dəqiq, tənqidi yazı yazmışam, amma bu, absurd bir şeydir. Nazirlik dövlətin qurumudur, mən də jurnalistəm, tənqidi məqam gördüyüm an yazmışam. Burada problemli nə var? Dediyim kimi, hələ təşəkkür edirəm ki, özləri xərc çəkib, kitabımı Türkiyədə çap ediblər. Demişdilər ki, bu kitabın təqdimatı da olacaq və müəllif kimi mən də iştirak da edəcəm. Amma bu gün İstanbul Kitab Sərgisində Azərbaycan fəxri qonaqdır və bir azərbaycanlı yazıçı kimi kitabımı ora aparıblar, təqdimat edirlər, amma müəllifin olaraq məni aparmayıblar. Sual olunur ki, mənim orada iştirak etmək haqqım deyilmi? Başqa müəlliflər oradadır, mən yox. Hansı səbəbə görə? Nazirlik buna hansı açıqlamanı verə bilər? Yer olmayıbmı? Kitabı çıxan müəllif orada iştirak etməlidir. Bu stiuasiyada mən olmayım, başqası olsun. Bilmək olmur ki, bu qərarı necə verirlər? Nazirliyin cavabı maraqlıdır, bir cavab desinlər, görək ki, bu siyasəti hansı əsaslarla aparırlar.

Qeyd edək ki, hazırda Azərbaycan Türkiyədə fəxri qonaq ölkə olaraq 41-ci İstanbul Beynəlxaq Kitab Sərgisində iştirak edir. 9 gün davam edəcək sərgidə ümumilikdə 2000-dən çox yazıçı və şair iştirak edir. Sərgidən həmçinin kitabları çap olunmuş azərbaycanlı yazıçı və şairlər də iştirak edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.