PUTİNİN GÖRMƏZDƏN GƏLDİYİ QAÇILMAZ SONLUQ... – Rusiya iqtisadiyyatı artıq müharibənin “təpiyinə” dözə bilmir
5-11-2024, 16:14
Ukraynada apardığı müharibə Rusiya iqtisadiyyatının sabitliyini təhlükə altına salmağa başlayır. Hələ ki, ilk baxışda iqtisadiyyatın uçuruma yuvarlanacağının açıq əlamətləri görünmür.
Düzdür, inflyasya sürətlənir, lakin o hələlik kritik həddə çatmayıb və sadəcə, problem səviyyəsindədir. Kritik hədd deyəndə, burada hiperinflyasiyanın tüğyan etməsi nəzərdə tutulur. SSRİ dağılandan sonra Rusiya üçün ən ağır dönəm 1998-ci ilin avqustundakı defolt olmuşdu, amma o zaman Rusiya bu cür iri miqyasda müharibə aparmırdı. O vaxtkı Çeçenistan müharibəsilə indiki müqayisəyə gələ bilməz.
Sonrakı dönəmlərdə Rusiya iqtisadiyyatı 2008-ci il, 2015-ci və 2016-cı illərdə çətin maliyyə böhranı ilə üzləşmiş, devalvasiya nəticəsində rublun dollar qarşısında məzənnəsi iki dəfə aşağı yuvarlanmışdı. Əlavə olaraq, Rusiyanın qızıl-valyuta ehtiyatı bir neçə ayın içində yarıya qədər azalmışdı. Bu böhranlar heç də birbaşa Rusiya iqtisadiyyatının xarakterindən qaynaqlanmırdı, sadəcə Rusiya dünya çapında baş verən maliyyə sarsıntılarının təsirlərinə tab gətirə bilməmişdi. Ancaq indi Rusiyadakı inflyasiyanın böyüməsi konkret olaraq Rusiyanın özü ilə bağlıdır. Bəllidir ki, müharibə daim pul tələb edir, Kremlin gözlədiyinin əksinə olaraq müharibə uzandığından tələb olunan maliyyənin həcmi də müvafiq şəkildə artıb.
Rusiya hakimiyyəti görəndə ki, Ukraynaya tezliklə qalib gələ bilməyəcək, uzunmüddətli müharibə strategiyasına keçməyə məcbur qaldı və ölkənin bütün resurslarını hərbi relsin üzərinə oturtmağa başladı. Lakin Vladimir Putin və komandası bir məsələdə bərk yanılırlar. Belə ki, onlar hələ 1992-ci ildə ölkənin gələcək perspektivi üçün seçilmiş bazar iqtisadiyyatı modeli ilə hərbi iqtisadiyyatı bir yerdə yürütməyə çalışırlar. Bu mümkündürmü? Bir zamana kimi belə getmək olar. Daha doğrusu, büdcədəki müharibə xərclərini artırmağın həddi var, əgər həmin hədd keçildisə, maliyyə sektorunda ciddi problemlərdən qaçmaq mümkünsüz olacaq. Axı, Putin istəyir ki, bir yandan müharibə aparsın, digər yandan isə sivil həyat heç nə olmamış kimi davam etsin. Ancaq hər gün min rusiyalının ölməsi ilə nəticələnən müharibənin cəmiyyət həyatına sarsıdıcı təsiri yatmış vulkan kimi öz püskürmə anını gözləyir... Rəqəmlərin dili Rusiya büdcəsinin hərbi yükünü əyani nümayiş etdirir. 2025-ci ildə dövlət xərcləri üçün 435 milyard dollar ayrılması nəzərdə tutulur və bu məbləğin 145 milyard dolları hərbə yönələcək. Bu, Rusiya Ümumi Daxili Məhsulunun 6,3 faizini təşkil edir. Büdcənin 30-35 faizinin hərbi sənayenin və müharibənin ehtiyaclarına yönəldilməsi nə deməkdir? Hələ üstəlik, il ərzində hərbi sənayenin və müharibənin maliyyələşməsi əlavə xərclər də tələb edir. Çünki müharibədə iştirak edənlərə müqavilə pullarının ödənilməsindən tutmuş, tibbi yardıma kimi hər şeyə pul lazımdır. Bütün bunlar ölkənin qeyri-sənaye sektorunun əvvəl-axır kollapsa düşəcəyinin siqnalıdır.
Rusiya müharibəyə pulu əsas etibarı ilə neft satışından əldə etdiyi gəlirlərdən xərcləyir. Neftin dünya bazarında qiymətinin gözlənildiyindən aşağı olması Rusiya büdcəsinə öncəki illərdəki kimi böyük pullar axmasına imkan vermir. Düzdür, Rusiya neftinin 60 dollardan yuxarı satılmasına sanksiyalar icazə verməsə də, buna elə də ciddi məhəl qoyan yoxdur. Rusiya dempinq qiymətinə neft satır və bu da bazar qiymətindən təxminən 5 dollar aşağı olur və beləliklə, Kreml hər halda yaxşı gəlir götürə bilir. Ancaq ekspertlər bildirirlər ki, gələn il neftin qiymətinin aşağı düşməsi gözlənilir. Bunun bir çox səbəbləri var. Bir neçə ildir ki, Çin iqtisadiyyatnda durğunluq yaşanır və onların neftə tələbatı azalacaq. Digər yandan Səudiyyə Ərəbistanı neftdən asılılığını azaltmaq üçün iqtisadiyyatını diversifikasiya etməyi planlaşdırır. Rusiya ilə müqayisədə Səudiyyə Ərəbistanı öz neftinin çıxarılmasına böyük xərc çəkmir. Ona görə də Səudiyyə Ərəbistanı pul əldə etmək üçün daha çox neft hasil etmək niyyətindədir. Əgər 2025-ci ildə bu iki amil birlikdə dövriyyəyə qoşularsa, neftin qiyməti xeyli aşağı yuvarlanacaq və nəticədə Rusiya büdcəni doldurmaqda aciz duruma düşəcək.
Hazırda Rusiyada inflyasiya sürətlənir və Mərkəzi Bank bunun önünü kəsmək üçün uçot faiz dərəcəsini 19 faizdən 21 faizə qaldırıb. Bu, inflyasiyanın qarşısını yalnız cüzi və müvəqqəti ala bilər. Mərkəzi Bank Rusiya Maliyyə Nazirliyi ilə koordinasiyalı işləyir ki, nəyin bahasına olursa-olsun müharibənin törətdiyi problemlər əndazəni aşmasın. Valdimir Putin Maliyyə Nazirliyinin qarşısında ordunun kəsintisiz pulla təmin edilməsi tapşırığını qoyub. Amma bu, sanıldığı elə də asan deyil.
Rusiyada inflyasiyanın və onun doğurduğu problemin əsl səbəbindən söz acmaq istəmirlər, bu, tabudur. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiulina inflyasiya barəsində danışarkən müharibənin başlıca amil olmasının üstündən sükutla keçib.
Mərkəzi Bankın qərarından ən çox narazılıq edən “Rostex” dövlət şirkətinin rəhbəri və Putinin dostu Sergey Çemezovdur. Çemezov deyib ki, bahalı kreditlər şirkətləri iflasa sürükləyir. ”Rostex” əsasən müdafiə xarakterli dövlət sifarişlərini yerinə yetirir. Məsələ onadır ki, ”Rostex”in məhsullarını Müdafiə Nazirliyi bazar qiymətinə yox, dövlət qiymətinə alır. ”Rostex”in sifariş verdiyi məhsullar isə istər-istməz bazardakı qiymətə müvafiq gəlməlidir ki, müəssislər ziyanla işləməsin. Amma bu baş vermir. Hərbi məhsullara qiyməti dövlət qoyur, həmin məhsulu istehsal edən şirkət isə bütün lazımi məmulatları, texnologiyanı, cihazları bazar qiymətinə alır. ”Rostex”in məhsullarının qiyməti isə hədsiz ləng dəyişir.
Mərkəzi Bank kreditin dəyərini yüksəltdikdən sonra işlər daha da qəlizləşib. Vəziyyətdən çıxmaq üçün dövlət gərək ölkədəki bazar iqtisadiyyatını dayandıra və SSRİ-də olduğu kimi hər şeyin dəyərini özü müəyyənləşdirə. Bunun üçün Rusiya gərək bazar iqtisadiyyatına söykənən iqtisadi-maliyyə modelini bütövlükdə ləğv edə. Putin və komandasının müharibənin qızğın çağında radikal islahat aparması isə nonsensdir.
Vəziyyətdən ən optimal çıxış yolu valyuta əldə etmək üçün neftin hasilatını artırmaq olardı. Lakin illərdir ki, burada da özünəməxsus problemlər toplanıb. Rusiyada neft ehtiyatı böyük olsa da, bu ehtiyatın çıxarılması çox baha başa gəlir. Çünki dayaz yataqlar planlı şəkildə istismar edilib, yerdə qalan neft isə dərin yataqlardadır. Rusiyanın dərinliklərdən yanacaq çıxarması üçün neftin qiyməti 90 dollardan aşağı düşməməlidir. Neftin qiyməti düşsə, yataqlarda kəşfiyyat-qazma işlərinin aparılması maliyyə cəhətdən tam ziyanlı olacaq.
Göründüyü kimi, əlavə pul mənbəyinin tapılması asan həll ediləcək məsələ deyil. Kremlin ən kritik dönəmələr üçün ümid bəsələdiyi Milli Rifah Fondu da əriyir. Bu fondun başlıca işi neftin ucuz qiymətləri zamanı ümumi vəziyyəti sabitləşdirməkdən ibarətdir. Amma indi görürük ki, fonda yığılan pul təyinatı üzrə xərclənmir və müharibə onu yuyub aparır. Müharibədən əvvəl Milli Rifah Fondunun likvidliyi 117 milyard dollar həcmində idi, indi 55 milyard dollara düşüb. Bütün bunlar aydın şəkildə göstərir ki, müharibə Rusiyaya çox baha başa gəlir, onu taqətdən salır. İndi təsəvvür edin ki, əgər ABŞ başda olmaqla Qərb dünyası Ukraynaya sözün əsl mənasında güclü hərbi yardım göstərsəydi, Rusiya nə kökə düşərdi. Lakin Qərbin belə bir niyyəti heç əvvəldən olmayıb. ABŞ-nin hərəkətlərindən anlaşılır ki, Bayden administrasiyası Rusiyanın məğlubiyyətinin əleyhinədir, Zelenski isə çarəsizcəsinə hələ də kömək gözləyir.
ABŞ Ukraynaya vəd etdiyi 60 milyard dollar həcmindəki silah və texnikanın heç də hamısını yollamayıb. Ona görə nə qədər qəribə səslənsə də, Rusiyanı düşdüyü çətin iqtisadi vəziyyətdən bəlkə də yalnız Bayden administrasiyasının və seçiləcəyi təqdirdə kamala Harrisin Ukraynayla bağlı hərəkətsizliyi, süstlüyü və “dişsizliyi” çıxaracaq.
Vaqif Nəsibov
“AzPolitika.info”