Tanınmış vəkil ləğv olunmuş bankın kreditorlarına müraciət etdi — Fond pulların başına daş salır!
6-12-2024, 09:38
Tanınmış vəkil Əkrəm Həsənov bağlanmış sonuncu bankın ləğv prosesindəki özbaşınalıqlar barədə fikirlərini paylaşıb.
araz.az xəbər verir ki, Əkrəm Həsənov sosial şəbəkədəki hesabında “Muğanbank” kreditorlarına müraciət edib:
“Muğanbank” kreditorları, birləşin! Ölkədə ən son bağlanan bank “Muğanbank”dır. Ötən ilin oktyabr ayında müflis elan olunub. Müştərilərin dağıdılmış vəsaitin həcminə görə “Bank Standard”, “Texnikabank” və “AtaBank”ın günündədir. Yəni bu bankın sahibləri və rəhbərləri orada daşı daş üstdə qoymayıblar. Minlərlə yerli və xarici müştərinin bu bankda yüz milyonlarla vəsaiti qalıb. Hətta işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən tikinti şirkətlərinin də”.
Vəkil qeyd edir ki, “Muğanbank” keçmiş deputat, “Odlar Yurdu” universitetinin rektoru kimi tanınan Əhməd Vəliyevə və onun ailəsinə məxsus olub:
“Bu bankda vəziyyət həmişə bərbad olub. Hətta ötən ilin may ayında “GünayBank” bağlananda mən sual etdim ki, qat-qat ağır vəziyyətdə olan “Muğanbank”ı niyə bağlamırlar bəs? Bir neçə ay sonra bağladılar. Daha çox müştəri cəlb edib pullarının başına daş salandan sonra. Bu bankda heç vaxt normal idarəetmə olmayıb. Məlumat var ki, xeyli qanunsuz bank qarantiyaları da verib və s. və i.a.
Gözləmək olardı ki, digər müflis bankların çoxunun sahibləri kimi bunun da yiyələrinə qarşı tədbirlər görüləcək. Lakin əksi oldu. Hər bir halda indi əsas məsələ Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Muğanbank”ın ləğvinin necə həyata keçirilməsidir. Xatırladıram ki, bu proses əsnasında Fond bankın əmlakını hərracda satmalı, verdiyi kreditləri qaytarmalı, bankın sahibləri və rəhbərlərinin pozuntuları olduğu halda vəsaiti onlardan tələb edərək almalı və yekunda yığılmış vəsaiti kreditorlar (bankda pulu qalmışlar) arasında bölüşdürməlidir. Bu prosesə də Kreditorlar Komitəsi nəzarət etməlidir. Rübdə bir dəfə Fond bütün kreditorlara hesabat və ləğv planını təqdim etməlidir. Lakin indiyədək heç prosesə nəzarət edən Bakı Apelyasiya Məhkəməsi kreditorların siyahısını belə təsdiq etməyib. Halbuki, qanunvericiliyə görə məhkəmə onu bu ilin fevral ayında təsdiq etməli idi. Böyük ehtimalla Fond hələ də siyahını məhkəməyə tam təqdim etməyib. Niyə? Ona görə ki, bu halda Kreditorlar Komitəsi yaranacaq və Fondun işinə nəzarət edəcək. Fond isə bunu istəmir. Əvvəla, öz maraqları naminə: məlumdur ki, ləğv prosesində olan bankların olan-qalan əmlakının başına da məhz bu Fond tam daş salır. Digər tərəfdən isə, böyük ehtimalla Fond bu bankın sahibləri və rəhbərlərini zərbədən qoruyur. Çünki prosesə nəzarət başlasa, bu bankın niyə müflisləşməsi sualı ortaya çıxacaq, təqsirkarlar axtarılacaq.
Hələlik isə Fond heç kreditorların məktublarına belə cavab vermir. Xarici kreditorlar mənə müraciət edir ki, heç belə də şey olar, pulumuz orada qalıb, bunu başa düşdük, bəs ləğv prosesi niyə qeyri-şəffaf aparılır, bizə məlumat verilmir?
Hər bir halda yaranmış vəziyyəti nəzərə alaraq, mən bu bankın kreditorlarına üz tuturam. Gözləməyin! Heç kəslə separat danışıqlara getməyin, sizi aldadacaqlar, gözlə deyəcəklər ki, vaxt udsunlar. Özünüz biri-birinizlə əlaqə saxlayaraq toplantı keçirin. Yalnız siz birləşdiyiniz halda Fond və məhkəmələr sizin maraqlarınızla hesablaşacaq. Əks halda, Fond sizə bir qəpik də qaytarmayacaq. Bir sözlə, gəlin özümüz bu bankın kreditorlarının toplantısını keçirək, bankın müflisləşmə səbəblərini araşdıraq, təqsirkarları ifşa edək, Fonddan şəffaf və ədalətli ləğv prosesini tələb edək”.
araz.az xəbər portalı.