Naxçıvanda Baş Nazirə trolluq etmək istəməyən əməkdaşlar etiraz aksiyası keçirəcəklər - İDDİA
6-12-2024, 12:14
Naxçıvandakı Əllilərin Bərpası Mərkəzinin əməkdaşları yerli ƏƏSM Nazirliyi binasının qarşısında etiraz aksiyası planlayırlar. Onların əsas tələbi adı çəkilən nazirliyin nəzdnində olan bu mərkəzdə hüquqlarının tapdanması, həm də trolluğa məcbur edilmələridir. Bu haqda “Gündəlik Naxçıvan”a etiraza hazırlaşan əməkdaşlar məlumat veriblər. Şikayətçilər deyirlər ki, aksiyanı keçirməkdə məqsəd səslərini bütün Azərbaycana çatdırmaqdır.
Narazı əməkdaşların sözlərinə görə, mərkəzdəki özbaşınalıqların arxasında yerli baş nazir dayanır:
“Bizim bütün işçi hüquqlarımız tapdanır. Maaşımızı kəsirlər, iş saatımız bilinmir. İstədikləri qədər işlədirlər, buna görə maaş verilmir. Bayram pullarımız, mükafatlarımız kəsilir. Kəsilir deyəndə ki, mənimsənilir. İş müqaviləmizi 3 aylıq ediblər. Hər üç ayda bir uzadılmalıdır. Belə ediblər ki, onlarda asılı qalaq. Bütün bunların arxasında Ceyhun Cəlilov dayanır. Çünki, bizim tabe olduğumuz nazirlikdən deyirlər ki, kəsilən pulların hamısı baş nazirə verilir. Bizi həm də məcbur edirlər ki, Ceyhun müəllimə trolluq edək. Bizə deyiblər ki, “Gündəlik Naxçıvan” səhifəsində baş naziri tənqid edən paylaşımlar altında onu tərifləyək. Bunu etməyəni işdən qovmaqla hədələyirlər. Müqavilə 3 aylıqdır deyə, hamı qorxur, məcburi trolluq edir. Əlavə şikayətlərimiz də var, aksiyada səsləndirəcəyik”.
Naxçıvan ƏƏMSN-dən əməkdaşların idiialarana cavab vermək istəmədilər.