“21 Azər” - Təbriz mərkəzli Azərbaycan Milli Hökumətinin yaradılmasının 79-cu ildönümü

Dünən, 08:24           
“21 Azər” - Təbriz mərkəzli Azərbaycan Milli Hökumətinin yaradılmasının 79-cu ildönümü
Azərbaycan Demokrat Firqəsinin Təbrizdə Azərbaycan Milli Hökumətini qurmasından 79 il keçir. Seyyid Cəfər Pişəvəri hicri 1324-cü ilinin 21 Azər günündə (12 dekabr 1945) qurulan hökumətin lideri idi.

Azər ayının 21-i İran Azərbaycanının müxtəlif şəhərlərində milli hökumətin quruluş ildönümü kimi qeyd edilərkən, İran mediası və rəsmi Tehran tərəfindən “Azərbaycanın separatçı qüvvələrdən xilas edildiyi gün” kimi təqdim edilir. İranın təhlükəsizlik orqanları keçən illərdə milli hökumətin ildönümünü qeyd edən çox sayda vətəndaş və siyasi fəalı həbs ediblər.

Türk dil haqları müdafiəçiləri 21 Azər gününü həmçinin “türk dilinin rəsmiləşdiyi” gün kimi qeyd edib və İran Azərbaycanının müxtəlif şəhərlərində ənənəvi türkcə kitab paylama kampaniyaları təşkil edirlər.

Bu il də son bir neçə gündə İran Azərbaycanının müxtəlif bölgələri, o cümlədən mərhum Pişəvərinin doğma şəhəri Xalxalda milli hökumətin ildönümü münasibətilə posterlər asılıb və divarlara şüarlar yazılıb.

Bu günlərdə Tehran mediası da Azərbaycan Milli Hökuməti və onun lideri Seyyid Cəfər Pişəvəri haqqında məzmunlar yayır. Yarı-rəsmi Tasnim agentliyi dünən dekabrın 10-da Pişəvərinin siyasi həyatı barəsində 8 dəqiqəlik bir video dərc edib. Videoda Pişəvəri “xain”, “bölücü” və “Sovyetlərin adamı” kimi ifadələr ilə təqdim edilib.
Azərbaycan Milli Hökuməti 1946-cı ilin dekabrında İran ordusunun paytaxt Təbriz və digər şəhərlərə hücumu ilə devrildi. Hökumət devrildikdən sonra həmin hökumət dönəmində çap olunmuş türkcə kitablar İran Ordusu tərəfindən yandırıldı. Milli fəallar dekabr ayının 17-ni “Güney Azərbaycanda Kitab Günü” adlandıraraq, bu hadisənin ildönümünü qeyd edirlər.

Tanınmış cərrah Şapur Ənsari daha əvvəl Amerikanın Səsi ilə söhbətində milli hökumətin devrilməsindən sonra türkcə dərsliklərinin yandırılması ilə bağlı təəssüratını dilə gətirib.

“Dedilər bu dil pis dildir, kitablarınızı gətirib yandırın. Mən özüm də günahkaram. Kitabları yandıranda mən də iştirak etdim. Evdən türkcə kitablarımızı və qəzetləri gətirib yandırdıq... O olayı heç vaxt unutmaram. Buna səbəb olan heç kəsi heç zaman bağışlamaram,” həmin illərdə üçüncü sinifdə təhsil alan cənab Ənsari deyib.
Həmin illərdə İran Azərbaycanına səfər etmiş ABŞ Ali Məhkəməsinin hakimi William O. Douglas “Qəribə torpaqlar və mehriban xalq” adlı kitabında İran ordusunun Azərbaycana hücumunu belə təsvir edib:

“İran ordusu bir gurultu ilə Azərbaycana geri döndü. Əsgərlər başıpozuq şəkildə yağma və qarət edərək istədikləri hər şeyi götürürdülər... İran ordusu -- azadlıq ordusu -- [əslində] vəhşi bir işğal ordusuydu. O, xalq üzərində zalım bir iz buraxdı. Kəndlilərin məhsulu yandırıldı, qadınlar və qızlarına təcavüz edildi. Evlər talan edildi, mal-qara oğurlandı. Ordu nəzarətdən çıxmışdı. Onun missiyası azad etmək imiş, ancaq o, qeyri-hərbi insanları ovladı, arxada ölüm və yıxıntı buraxdı.”

Keçən aylarda İranda bəzi siyasətçilər və media məsnubları İran prezidenti Məsud Pezeşkianın türk fəallarla görüşməsi, eləcə də bəzi sözlərini önə çəkərək onu pan-türkist qruplara yaxın olmaqda tənqid edib və fəaliyyətləri ilə Seyid Cəfər Pişəvərini xatırlatdığını iddia ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.