Sahil Babayev nə üçün maliyyə naziri təyin edildi?

Bu gün, 00:03           
Sahil Babayev nə üçün maliyyə naziri təyin edildi?
Xalqın durumu, düşdüyü vəziyyət Prezident İlham Əliyevə çatdırılmır?

Səhiyyə, Fövqəladə Hallar, Ekologiya, Kənd təsərrüfatı və s. nazirliklərin fəaliyyəti ilə bağlı zaman-zaman mətbuatda narazılıqlara rast gəlmək olur. Amma istər mediada, istər də sosial şəbəkələrdə elə gün yoxdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri (keçmiş-müəl.) Sahil Babayevin adı çəkilməsin, yeddi arxa dönəni “yad olunmasın”. Bu adam nazir təyin olunan gündən etibarən əlillik dərəcələrinin təyin edilməsi, pensiya, ünvanlı sosial yardım və digər müavinətlərin verilməsini çətinləşdirdi. Vəziyyət o həddə çatdı ki, bədəninin yarısından çoxu fəaliyyətsiz olan insanlar belə, əlillik dərəcəsiz almaq üçün sözün əsl mənasında rəsmi qurumların işgəncəsinə məruz qaldı. Amma...

Əmması odur ki, Sahil Babayev bu xidmətlərinin qarşılığı olaraq, daha böyük posta – maliyyə naziri vəzifəsinə təyin edildi. Yəqin dəyərli oxucular da diqqət edib ki, bizim ölkəmizdə ən çox söyülən, ən çox qınaq obyektinə tuş gələn, bir sözlə, xalqın qanını içən məmurlar daha yüksək vəzifələrə gətirilir. Bu, həmçinin deputatlara da şamil olunur. Belə ki, 5 ildə bir dəfə seçici üzü görməyən, ən çox söyülən, təhqir olunan deputat illərlə Milli Məclisdə mürgü vurur.

Etiraf edim ki, dünən saytlarda və sosil şəbəkələrdə Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsindən azad edilməsi xəbəri, çoxsaylı vətəndaşlar kimi, bu sətirlərin müəllifini də qısamüddətli sevincə qərq etdi. Çünki, bir anlıq hər gün bu nazirlikdə haqsızlıqla üzləşən yüzlərlə vətəndaşımıza qarşı zülmə son qoyulacağını düşündüm. Hansı ki, gün ərzində onlarla bu kimi insan redaksiyamıza müraciət edir, qarşılaşdıqları haqsızlıqları dilə gətirirlər. O baxımdan, düşündük ki, yəqin Sahil Babayev illərdir insanlara zülm verdiyi, bir qarın çörəyə möhtac olan insanları rəzil günə saldığı, Azərbaycanın bütovlüyü uğrunda canından, qanından keçən qazilərin haqqına girərək onların pensiyasını kəsdiyi, həqiqi əlillərin əlilliyini əllərindən aldığı və s. üçün işdən azad olunub. Amma, biz saydığımızı sayaq, görün cənab Prezident nə saydı...

Əlbəttə, Sahil Babayevin maliyyə naziri təyin olunması kasıb-kusubun “qanını soraraq” büdcəni doldurmaq istiqamətində fəaliyyət göstərməsinin mükafatıdır. Deməli, bundan sonra da görəcəkləri günlərimiz qabaqdadır. S.Babayevin bu dəfə maliyyə naziri olaraq vətəndaşların başına daha hansı oyunları açağını tezliklə görəcəyik. Yəqin o, bu dəfə xalqa verilən qəpik-quruşun da “qeydinə qalaraq”, onları da büdcəyə yönəldəcək...

Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri işlədiyi müddətdə xalq dövlətdən, hakimiyyətdən narazı salan əsas məmurlardan biri idi.

Şübhəsiz, bir gün gələcək, haqq yerini tapacaq. Bu gün ölkəmizdə ədalət tərəzisi yaxşı işləməsə də, bir gün ədalət mütləq bərqərar olacaq. İnanıram ki, Sahil Babayevin də “ədalət tərəzisi”nin bir gözünə qoyulacağı gün uzaqda deyil.

Ölkədə yoxsulluğun qarşısını almağa cavabdeh şəxslərdən biri olan bu adam gəldiyi gündən insanların ümidini param-parça etdi. Vətəndaşların sosial gəlirini kəsərək, cəmiyyəti rəzil günə qoydu, gənclərin həyatını məhv etdi, neçə-neçə qazinin ölümünə səbəb oldu, cinayətkarlığın sayını artırdı...

Bu səbəbdən, hər kəs Sahil Babayevin cəzalandırılacağı günü gözləsə də, bunun əksi olaraq, daha yüksək posta gətirildi. Məhz bu vəzifə dəyişikliyindəndən aydın olur ki, xalqın durumu, düşdüyü vəziyyət Prezident İlham Əliyevə olduğu kimi çatdırılmır. Çünki xalqın “Babayan” adlandırdığı bu nazirin əməllərindən ölkə başçısını xəbəri olsaydı, bəlkə də onu bu vəzifəyə layiq görməzdi.

Jalə FAMİLQIZI












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.