Cənubi Qafqazda hind kinolarını silahlar əvəz edir: İrəvan-Dehli hərbi əməkdaşlığına baxış

14-02-2025, 12:24           
Cənubi Qafqazda hind kinolarını silahlar əvəz edir: İrəvan-Dehli hərbi əməkdaşlığına baxış
Politoloq deyib ki, Azərbaycan-Pakistan münasibətləri Hindistana qarşı yönəlməyib. Lakin Ermənistanın silahlanması yeni müharibənin anonsudur
Ermənistan müdafiə naziri Suren Papikyan fevralın 8-də Hindistana səfər edib. Papikyan həmkarı Racnatx Sinqx ilə görüş keçirib. Tərəflər İrəvan və Dehli arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər, regional və təhlükəsizlik məsələlərinə toxunublar.
Xatırladaq ki, 2024-cü ildə iki ölkənin müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üçün "Əməkdaşlıq Planı" imzalanıb.
Son illər Hindistan Ermənistana ən çox silah tədarük edən ölkələr sırasındadır. Ermənistanın sürətli silahlanması rəsmi Bakını da narahat edir.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Ermənistanın faktiki olaraq bölgə üçün bir təhdid mənbəyi olduğuna diqqət çəkən dövlət başçısı qeyd edib:
"Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir".

Qeyd edək ki, Ermənistan hökuməti 2025-ci ildə müdafiəyə 1,7 milyard dollardan çox pul xərcləmək niyyətindədir. Paşinyan hakimiyyəti bunu ordunun modernləşdirilməsi, islahatların aparılması kimi təqdim etsə də, reallıqda Ermənistanın sürətli silahlanma içində olduğu aydındır.
Bəs İrəvan və Dehli arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi nədən qaynaqlanır?
Politoloq Samir Hümbətov deyib ki, Ermənistanın silahlanması ciddi narahatlıq yaradır:
"Xüsusən də Hindstanın bu prosesdə iştirak etməsi Cənubi Qafqaza yaxşı heç nə vəd etmir. Hesab edirəm ki, bu cür silahlanma yeni hərbi toqquşmanın baş verməsinə gətirib çıxaracaq. Əgər Azərbaycanla sülh sazişi bağlansa idi, Ermənistanın silahlanması normal qarşılana bilərdi. Ermənistan ikinci Qarabağ savaşından sonra silahlanmaya getməklə, üçüncü Qarabağ savaşı aparmaq niyyətində olduğunu göstərir".

Politoloq Hindistanın Ermənistana olan münasibətini də Azərbaycan-Pakistan arasındakı sıx dosltuq münasibətləri ilə əlaqələndirib. Samir Hümbətov hesab edir ki, Hindistan buna görə Ermənistanı silahlandırmağa maraq göstərirsə, bu yanlış siyasətdir:
"Azərbaycan-Pakistan münasibətləri Hindistana qarşı yönəlməyib. Lakin Ermənistanın silahlanması yeni müharibənin anonsudur".

Ermənistanın silahlanmasında rol alan ölkələrdən biri də Yunanıstan idi. Son məlumata görə, Yunanıstanın milli müdafiə naziri Nikos Dendias S-300 zenit-raket komplekslərinin Ermənistana təhvil verilməsi planları ilə bağlı yayılan xəbərləri təkzib edib.
Hərbi ekspert Ramil Məmmədli isə bildirir ki, Ermənistan ordusunda yenilənmə prosesi ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra başlayıb:

"Xüsusən də Qərb dövlətləri ilə hərbi-texniki əməkdaşlığı genişləndirməyə çalışıblar. Fransa bu əməkdaşlıqda maraqlı olduğu üçün həmin dövrdən bu əməkdaşlığın əsas tərəfi kimi çıxış edib. Lakin ilkin mərhələdə onu tam həyata keçirmək mümkün deyildi. Fransa müasir silahların Ermənistana verilməsini reallaşdıra bilmir. Çünki Ermənistanın KTMT üzvü olması, Rusiyanın hərbi müttəfiqi olması həmin silahların verilməsini mümkünsüz hesab edir. Fransa bBu cür texnologiyaların Rusiyaya ötürülə biləcəyi narahatlığını əsas gətirərək onları Ermənistana vermir. Bu məsələdə Ermənistan üçün özünün hərbi-texniki tərəfdaşı olan Hindistanı məqsədəuyğun hesab edir".
Ekspert qeyd edir ki, son iki il ərzində Modinin Parisə, eləcə də Makronun Dehliyə səfəri çərçivəsində iki ölkə arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə dair müqavilələr imzalanıb:
"Fransa ilə Hindistan arasında əməkdaşlığın mövcudluğu, eyni zamanda Hindistanın Cənubi Qafqaz regionunda maraqlarının olması Ermənistanla hərbi əməkdaşlığa gətirib çıxarıb. Azərbaycan-Pakistan münasibətlərində hərbi əməkdaşlığın dərinləşməsi də, istər-istəməz Ermənistan kimi ölkə ilə əməkdaşlığa şərait yaradır".

Ramil Məmmədli hesab edir ki, Ermənistan Rusiyadan hərbi-texniki asılılığı azaltmaq üçün Hindistan silahlarına maraq göstərir.
"Rusiyadan ala bilmədikləri silahları başqa ölkələr vasitəsilə əldə etməyə çalışırlar. Təbii ki, bu prosesin qarşısı yalnız Qərbin məsələlərə ədalətli yanaşması ilə alına bilər. Burada isə Azərbaycan hər hansı addım ata bilməz. Qərb Ermənistan kimi bir ölkənin silahlanmasına göz yummaqla, hətta şərait yaratmaqla Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına zərbə vurur, Ermənistan isə bu prosesdə xəyanət mövqeyi tutur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.