Milli Məclis Rusiyanın təhdidlərinə niyə susur? - Valuyevlər hürür, deputatlarımız "ağızlarına su alıb oturublar"

15-02-2025, 15:26           
Milli Məclis Rusiyanın təhdidlərinə niyə susur? - Valuyevlər hürür, deputatlarımız "ağızlarına su alıb oturublar"
Dünən Milli Məclis yığışdı və növbəti iclasını keçirdi. Parlament üzvləri hər şeydən danışdı - sənədsiz evlər, bələdiyyələrin sayının azaldılması, əsgərlikdən yayınmağa görə cərimənin artırılmasının təsdiqi və s. Amma Azərbaycan təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemləri ilə terror edilməsini dilə gətirmədilər. Hadisə baş verən günün ertəsi də MM-də müzakirə edilməmişdi, yalnız başsağlığı verilmişdi. Təsəvvür edin ki, ölkədə matəmdir, hamı bu hadisədən danışır, parlamentdə qeyri-təyyarə mövzuları müzakirə edilir. Bu dəfə də fərqlənmədilər. Rusiyadan Azərbaycana artan təzyiqlərə və təhdidlərə cavab vermək əvəzinə, bələdiyyədən danışdılar. Halbuki onların rusiyalı həmkarları - Valuyev, Zatulin hədyanlar səsləndirir. Ən azından Rusiyanın siyasi rəhbərliyinə olmasa da, Dumanın deputatlarına cavab vermək olardı. Amma məclisdə total bir sükut hökm sürür. Bunun səbəbləri aydın deyil. Hakimiyyətin təlimatıdırsa, o halda, bəzi deputatlar ayrı-ayrı tribunalarda, müsahibələrində bu haqda danışırlar axı. AzTV kimi dövlət telekanalının sədri Rusiyanı "yaş yuyub, quru sərir", bu necə qadağadır ki, Rövşən Məmmədova danışmaq icazəsi var, deputatlara yox?! Burada müəmmalı bir qeyri-müəyyənlik var. Ya parlament tribunasından danışmaq yasağı gəlib, ya da tamamilə fərqli siyasi proseslər cərəyan edir. Yəni 125 deputatın barı 25-i bu hadisəyə münasibət bildirməliydi. Söhbət 38 nəfərin həlak olmasından gedir. Bu, milli faciədir. Bu, millətin vəkilinin danışacağı məsələdir. Bu, tarix boyu pisliyini gördüyümüz şimal qonşunun Azərbaycana hücumudur. Fakt odur ki, Moskva geri çəkilmir və verilən açıqlamalar tələblərimizin yerinə yetirilməyəcəyi təəssüratı yaradır. Belə desək, Rusiya bizi saymır və "əcəb eləmişəm" deyir. Azərbaycanın da addımları gecikmir: səfiri çağıranda biz də çağırırıq, "Rus Evi"ni bağlayırıq, mediada tənqidlərimizi yazırıq, bəs deputatlara nə olub, onlar niyə məsələyə" fransız" qalıblar? Hərçənd, Prezident çəkinmədən açıq şəkildə tələbləri səsləndirir, Rusiyanı cinayəti ört-basdır etməkdə günahlandırır, amma deputatlar dövlət başçısının heç yarısı qədər ola bilmirlər. İndi deyilsə, nə vaxt Rusiyanın cavabı veriləcək? Bəlkə qorxurlar? Yoxsa parlamentdə "5-ci kolon"un olduğu haqda iddialar doğrudur? Necə olur ki, Prezident danışır, AzTV Kremli yıxıb-sürüyür, bir neçə deputat efirlərdə, media səhifələrində Rusiya ilə münasibətlərə dair şərh verir, amma Milli Məclisin iclasına gələndə baş verən cinayət yada düşmür. Bu susqunluq isə kənardan yaxşı görünmür. İctimaiyyət milli faciəyə belə "reaksiyasını" anormal hesab edir. Hətta bu təyyarənin qəsdən vurulduğunu deyənlər də var, amma parlament "ağzına su alıb" oturub, bələdiyyə dərdi çəkirlər. Son olaraq Zaxarova açıqladı ki, Bakı-Moskva əlaqələrini korlamağa cəhdlər var, amma alınmayacaq. Bu da boş bir sözdür. Kimsə münasibətlərə xələl gətirmir, Rusiyanın özündən başqa. Kim deyir ki, Azərbaycan gərginlikdə maraqlıdır? Vaxtında irəli sürülən tələblər yerinə yetirilsəydi, vəziyyət də bu həddə gəlib çatmazdı. Rusiya cinayətini boynuna almır, atəş açanları cəzalandırmır, amma ikitərəfli əlaqələrə guya üçüncü tərəfin müdaxilə etdiyi barədə illüziyalar yaradır. Bu, köhnəlmiş metoddur. Ona görə də Rusiyanın təyyarənin vurulması ilə bağlı tutduğu mövqe dəyişməyincə, tələblər qüvvədə qalmalıdır və deputatlar da Milli Məclisdə millətin ağrılı məsələsini gündəmə gətirməlidirlər. Bu cür susmaq ayıbdır! Belə çıxır ki, Rusiya sabah başımıza bomba yağdıracaq, onda da danışmayacaqlar, tapşırıq gözləyəcəklər? İcazəli deputatlıq da bir ayrı dərd imiş...

Azər Talıbov
Anaxeber.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.