Zəngəzur dəhlizi ətrafında yeni vəziyyət – mürəkkəb durum yaranıb

Dünən, 00:03           
Zəngəzur dəhlizi ətrafında yeni vəziyyət – mürəkkəb durum yaranıb
Zəngəzur dəhlizinin açılması ətrafında mürəkkəb durum yaranıb. Belə ki, dəhliz 10 noyabr bəyanatının müvafiq bəndinə uyğun şəkildə açılmalıdır.

Lakin region ölkələri İran, Türkiyə buna tam razı deyil. ABŞ, Avropa İttifaqı isə Rusiyanın dəhlizə nəzarət etməsi ehtimalı ilə barışmır.

Bu çətin situasiyadan Bakı hansı şəkildə çıxacaq? Hazırda Azərbaycana dəhlizin açılmasından çox açılmaması sərfəlidir? Bakı müəyyən qədər zamanın keçməsində maraqlıdır?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Zəngəzur dəhlizinin açılması ətrafında gedən proseslərdə maraqlı tərəflərin yanaşmaları Azərbaycanın bu məsələyə dair mövqeyində ciddi dəyişikliyə səbəb ola bilməz:

“Çünki Zəngəzur dəhlizinin açılmasının süni maneələrlə gecikdirilməsi heç bir halda qəbul edilən yanaşma deyil. Hər zaman olduğu kimi, bu məsələdə də Azərbaycan götürdüyü öhdəliklərə sadiq qalır və üçtərəfli bəyanatın doqquzuncu bəndində təsbit olunduğu kimi dəhlizə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Əgər Ermənistan tərəfi iddia etdiyi kimi, rəsmi olaraq bu bəyanatdan imtina etsə, onda vəziyyət dəyişə bilər.

Türkiyə ilk gündən danışıqlar prosesində yaxından iştirak edən tərəf olaraq Azərbaycanın mövqeyini hər zaman açıq şəkildə dəstəklədiyini ifadə edib. Yəni bizim qərarlarımız bir çox məqamda ortaq maraqları da təcəssüm etdirir. ABŞ, Avropa İttifaqı və İran ilə bağlı məsələ isə ziddiyyətli yanaşmaları özündə ehtiva edir. Çünki bəhanə olaraq Ermənistanın suverenliyi məsələsini gündəmə gətirən bu regional və qlobal aktorların əsas hədəfi dəhlizə nəzarəti birbaşa icra etmək və ya ümumiyyətlə kommunikasiya xətlərinin açılmasına mane olmaqdır. Əslində sülh danışıqlarını manipulyasiya etmək cəhdlərinin arxasında dayanan ən önəmli hədəflərdən biri də məhz Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır”.

Ekspert deyib ki, dəhliz məsələsi sülh gündəliyindən çıxarılsa da sülh müqaviləsi olmadan dəhlizin təhlükəsizliyi ilə bağlı davamlı zəmanət verilə bilməz:

“Deməli, bu iki proses bir-biri ilə sıx bağlı olmaqla yanaşı, iki istiqamətdə də uğurlu nəticənin əldə edilməsi paralellik prinsipi ilə mümkün ola bilər. Yəni Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması kommunikasiya xətlərinin bərpa edilməsini artıq labüd edən əsas amillərdən biri ola bilər. Hətta bir müddətdən sonra Rusiyanın və ya başqa üçüncü tərəfin nəzarətinə belə ehtiyac qalmaya bilər. Ona görə də, ümumiyyətlə sülh müqaviləsinin imzalanması bu aktorların heç biri üçün maraqlı deyil. Onlar sadəcə tərəflər arasında moderator rolunu oynaya biləcəkləri şəraiti qoruyub saxlayaraq Zəngəzur dəhlizinin açılmasını hədəfləyir. Təbii ki, bu da regionda davamlı sülhə və əməkdaşlığa nail olmaq istəyən Azərbaycanın maraqları ilə üst-üstə düşmədiyi üçün dəhlizin açılması prosesi uzanır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.