4 ölkə toplanır: Ukraynanın taleyi həll edilir
Bu gün, 09:44

Ukrayna Prezidenti Vladimir Zelenski Londonda keçiriləcək danışıqların 23 aprel tarixində başlanacağını təsdiqləyib.
Zelenski bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığından sonra sosial şəbəkə platforması “X” üzərindən paylaşım edib.
O, Kiyevin danışıqlarda qeyd-şərtsiz atəşkəsə nail olmağa çalışacağını deyib.
“Bu çərşənbə günü nümayəndələrimiz Londonda işləyəcək. Danışıqlarda Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ iştirak edəcək”, – Zelenski bildirib.
“RBC-Ukrayna” agentliyinin məlumatına görə, Ukrayna nümayəndə heyətinə Prezident Aparatının rəhbəri Andrey Yermak, onun müavini Pavel Palisa, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rüstəm Umerov daxil olacaq. Eyni heyət daha əvvəl Səudiyyə Ərəbistanında keçirilmiş danışıqlarda da Kiyevi təmsil etmişdi.
“The Wall Street Journal” qəzetinin məlumatına əsasən, Londondakı görüşdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak edəcək. ABŞ tərəfdən həmçinin dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi nümayəndə Kit Kellogun da qatılacağı gözlənilir. Nəşr qeyd edir ki, əgər Vaşinqton, Avropa və Kiyev arasında ortaq mövqe formalaşarsa, Uitkoff Rusiyaya səfər edə bilər.
Xatırladaq ki, aprelin 17-də Parisdə Ukrayna ilə Qərb ölkələrinin nümayəndələri arasında keçirilən görüşdə ABŞ Kiyevlə bağlı sülh tənzimlənməsinə dair ilkin təkliflərini təqdim etmişdi. “Bloomberg” agentliyinin məlumatına əsasən, bu təkliflər sırasında Ukraynanın NATO-ya üzvlüyü məsələsinin gündəmdən çıxarılması və Rusiyaya qarşı sanksiyaların yumşaldılması da var idi. Həmçinin ABŞ layihəsinə əsasən, hazırda Rusiya tərəfindən azad olunmuş ərazilərin Moskvanın nəzarətində qalması nəzərdə tutulur./globalinfo.az