“Əjdaha” ilə təhlükəli əməkdaşlıq – Müsbət tərəfi var, amma...
Bu gün, 08:34

Pekində Azərbaycan “strateji tərəfdaş” adlandırmağa başlayıblar
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə dövlət səfərinə gedib.
Bu səfərlə bağlı məlumat verən Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Czakun mətbuat konfransında bildirib ki, Çin və Azərbaycan “strateji tərəfdaşlardır”.
Onun sözlərinə görə, son illərdə iki ölkə arasında siyasi etimad daha da möhkəmlənib, “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq uğurlu nəticələr verib, beynəlxalq arenada isə qarşılıqlı fəaliyyət səmərəli olub.
Qo Czakun qeyd edib ki, səfər çərçivəsində Çin Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq, ikitərəfli münasibətlərin inkişafına dair yeni plan müəyyənləşdirəcəklər. Həmçinin, Çin Dövlət Şurasının rəhbəri Li Syan və Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Çjao Letsi də Azərbaycan Prezidenti ilə görüşəcək, müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Maraqlıdır, Çin üçün Azərbaycan hansı səbəbdən maraqlıdır? Pekin bizim ölkədən nə gözləyir? Öz növbəsində Azərbaycan bu strateji tərəfdaşlıqdan hansı fayda qazana bilər?
Bu məsələni Pressklub.az-a şərh edən müstəqil politoloq Xəqani Cəfərli bildirib ki, Qərbin Rusiyanın Ukraynaya qarşı başladığı müharibə səbəbindən Moskvaya tətbiq etdiyi sanksiyalar Çini yeni ticarət marşrutları və xüsusilə Avropa bazarlarına alternativ çıxış yolları axtarmağa vadar edib.
“Çünki əvvəllər Çindən Avropaya ixrac əsasən Rusiya üzərindən həyata keçirilirdi. Müharibə və sanksiyalar bu marşrutla daşımaları mümkünsüz edib. Belə vəziyyətdə Çinin bir neçə alternativi olsa da, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ən sərfəli istiqamətə çevrilməyə başlayıb. Orta Dəhlizin əhəmiyyətini artıran amillərdən biri də Yaxın Şərqdə davam edən münaqişə və Qırmızı dənizdə gəmiçiliyin təhlükəli hal almasıdır. Hazırda Orta Dəhlizin keçdiyi coğrafiya regionda ən stabil ərazi hesab olunur.
Azərbaycanın region ölkələri və Qərb dövlətləri ilə münasibətlərini normallaşdırması da Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Ticarət müharibəsinin bütün ölkələr üçün ciddi problemlər yaratdığı bir dönəmdə etibarlı və proqnozlaşdırılan tərəfdaş hər bir dövlət üçün dəyərli sayılır. Digər tərəfdən, Çin “Bir kəmər, bir yol” adlı strateji layihəsinin məhz Orta Dəhliz üzərindən reallaşacağına böyük ümidlər bəsləyir”, – deyə analitik bildirib.
Onun sözlərinə görə, bütün bu amillər Çin və Azərbaycanı strateji tərəfdaşlara çevirib.
“Çinlə strateji tərəfdaşlıq ilk növbədə Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini gücləndirir. Bundan əlavə, dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə əməkdaşlıq iqtisadi baxımdan da ciddi faydalar vəd edir. Üçüncüsü, Çin yüksək texnologiyalar sahəsində böyük uğurlar əldə edib və Azərbaycan bu əməkdaşlıqdan faydalana bilər.
Bütün bunlarla yanaşı, Çinlə münasibətlərdə ehtiyatlı olmaq da vacibdir. Pakistan, İran və Rusiyanın Çinlə əməkdaşlıq təcrübəsi göstərir ki, “Əjdaha” ilə münasibətlər cazibədar görünsə də, bu əlaqələr müəyyən risklər də daşıyır,” – deyə Xəqani Cəfərli qeyd edib.
Rauf Orucov
pressklub