Ukrayna üçün qanlı aprel: Nə baş verir?
Bu gün, 00:08

2025-ci ilin aprel ayı müharibənin ən qanlı və faciəvi dövrlərindən biri kimi tarixə düşür.
Bu ay ərzində Rusiya Ukraynanın müxtəlif bölgələrində dinc əhaliyə və mülki infrastruktur obyektlərinə qarşı genişmiqyaslı hücumlar həyata keçirib. Hədəfdə Kiyev, Krivoy Roq, Sumı və Marqanets şəhərləri olub.
Krivoy Roq – uşaq meydançasına raket zərbəsi
Aprelin 4-də "İskəndər-M" raketi Krivoy Roqda sıx məskunlaşmış yaşayış məhəlləsini, o cümlədən uşaq meydançası və parkın yaxınlığını vurdu. Nəticədə 20 nəfər həlak oldu, onlardan 9-u uşaq idi. 75 nəfər yaralandı, onların arasında 12 uşaq var. Eyni gecə şəhər bir daha pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldı: bir qadın həyatını itirdi, daha 7 nəfər xəsarət aldı.
Sumı – universitetlər və şəhərin mərkəzi hədəfdə
Aprelin 13-də, Palma bazar günü, iki "İskəndər-M" raketi Sumı şəhərinin mərkəzinə endirildi. Raketlərdən biri Sumı Dövlət Universitetinin Konqres Mərkəzini, digəri isə Ukrayna Bank İşləri Akademiyasını vurdu.
Hücum nəticəsində 35 nəfər həlak oldu, onların arasında iki uşaq da var idi. 129 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı. Ölənlər arasında tələbələr, müəllimlər və sənətçilər də olub. Onlarla yaşayış binası, təhsil müəssisələri və ictimai nəqliyyat vasitələri ciddi zədələnib.
Marqanets – dinc sakinlərə qarşı hücum
Aprelin 22-də Rusiyanın silahlı qüvvələri Dnepropetrovsk vilayətinin Marqanets şəhərinə raket zərbəsi endirdi. Yaşayış sektoruna düşən raket nəticəsində azı 7 nəfər həyatını itirdi, onların arasında yaşlı insanlar da var idi. 11 nəfər yaralandı, bir neçəsinin vəziyyəti ağırdır. Onlarla ev dağılmış, elektrik və su təchizatı sıradan çıxmışdır.
Zərbə hər hansı bir hərbi obyektin olmadığı bir rayona endirilib. Hücum səhər tezdən, bir çox sakinlər yuxuda olarkən baş verib.
Kiyev – son bir ilin ən böyük hücumu
Aprelin 24-nə keçən gecə Rusiya Kiyevə son bir ilin ən güclü hava hücumunu həyata keçirdi. Şəhərə 200-dən çox ballistik və qanadlı raket, həmçinin pilotsuz uçuş aparatı buraxıldı. Hücumlar nəticəsində azı beş rayon zərbə aldı. Yaşayış binaları, mağazalar, avtomobillər və enerji infrastrukturu dağıdılıb. İlkin məlumata görə, 10 nəfər həlak olub, təxminən 100 nəfər yaralanıb.
Niyə dinc əhali hədəfdədir?
Döyüş meydanında uğur əldə edə bilməyən Rusiya, acığını və təzyiq siyasətini mülki əhali üzərindən həyata keçirir. Eyni zamanda, Tramp-Putin tandemi Ukrayna Prezidenti Zelenskiyə maksimum təzyiq göstərməyə çalışır: Tramp – diplomatik arenada, Putin isə raket və dronlarla. Apreldə dinc infrastruktura qarşı zərbələrin intensivliyinin artması da bu mənəvi təzyiqlə bağlıdır.
Kamran Cəfərov
TEREF