“Əgər Putin dayanmasa, Ukraynaya yardım etməyə hazıram...” - “Mən bu ölkəni xilas edirəm”

Bu gün, 11:08           
“Əgər Putin dayanmasa, Ukraynaya yardım etməyə hazıram...” -
ABŞ Prezidenti Donald Tramp, “The Atlantic” jurnalına verdiyi müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərinin onu mövqeyini dəyişə biləcəyini bildirib.
“AzPolitika” bildirir ki, Trampın sözlərinə görə, bu halda o, Ukraynanın tərəfində olacaq.

Trampın prezidentlik dövrünün 100-cü günü münasibətilə “The Atlantic” nəşrinə verdiyi müsahibədə Ukrayna-Rusiya müharibəsinə dair bir sıra mühüm açıqlamalar yer alıb.

ABŞ Prezidenti, Rusiyanın 24 aprel tarixində Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbədən sonra Putinə müraciət edərək, onu “dayanmağa” çağırdığını bildirib.

Jurnalistin “Putin sizin sözünüzə əhəmiyyət verəcək biri deyil” qeydinə cavab olaraq Tramp, bunun əksini istisna etmədiyini deyib. Tramp bildirib ki, əgər Putin dayanmasa, Ukraynaya yardım etməyə hazırdır – bu mütləq şəkildə silah yardımı olmasa da, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi formasında ola bilər.

Tramp müsahibəsində vurğulayıb ki, belə vəziyyətdə Ukraynanın tərəfində olacaq, lakin bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin tərəfində olmaq anlamına gəlməyəcək. Trampın sözlərinə görə, onun Zelenski ilə münasibətləri əvvəllər “çətin” olub. Xüsusilə 2024-cü ilin fevralında Zelenskinin Ağ Evə səfəri zamanı yaşanan fikir ayrılığı Trampın diqqət mərkəzində olub. O, bu görüşü və Zelenskinin davranışlarını tənqid edib.


Tramp ümumilikdə Ukrayna müharibəsi ilə bağlı danışarkən, əsas məqsədinin “qan tökülməsini dayandırmaq” olduğunu bir daha vurğulayıb. Ona verilən “Niyə Reyqan kimi Rusiyaya qarşı sərt çıxış etmirsiniz?” sualına isə Tramp belə cavab verib: “Mən Ukraynaya böyük kömək göstərirəm”.

O, prezidentliyinin ilk dövründə ABŞ-ın Ukraynaya “Javelin” tank əleyhinə komplekslər verdiyini xatırladıb. Bildirib ki, ABŞ-ın yardımı olmasaydı, Ukrayna tezliklə məğlub olardı.

“Düşünürəm ki, mən bu ölkəni xilas edirəm,” – deyə Tramp bildirib.

Onun sözlərinə görə, qarşıdakı həftə müharibənin taleyində həlledici ola bilər.

Müsahibədə həmçinin “Signalgate” hadisəsinə də toxunulub. Nəşrin baş redaktoru Ceffri Qoldberqin əvvəlcə səhvən yüksək vəzifəli məmurların qatıldığı gizli çat qrupuna əlavə olunduğu bildirilir. Bu çatda Yəmənə hava zərbələri müzakirə olunub.

Tramp bu hadisənin gerçək olduğunu təsdiqləyərək, hökumət rəsmilərinin “Signal” messencerindən istifadə etməməli olduğunu vurğulayıb. Müdafiə naziri Pit Heqsetlə bu məsələni müzakirə etdiyini və onun vəzifəsində qalacağını bildirib.

Trampın prezidentlik müddətinin ilk 100 günü ilə bağlı aparılan sorğular göstərir ki, onun reytinqi enməkdədir. Müxaliflər Trampı həm avtoritar meyillərdə, həm də idarəçiliyinin xaotik xarakterində günahlandırırlar.

Lakin Tramp özü ilk 100 günü uğurlu hesab edir və işlərin düzgün istiqamətdə getdiyini bildirir: Mən doğrudan da inanıram ki, etdiyim hər şey ölkəmiz, xalqımız və bəşəriyyət üçün faydalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.